Əsas Səhifə > Güney Press > Səssiz gələn ölüm
Səssiz gələn ölümDünən, 21:12 |
Hər il havaların soyuması ilə dəm qazından ölüm halları da artır. Bu barədə dəfələrlə edilən xəbərdarlıqlar demək olar ki, nəticəsiz qalır. Hər mövsümdə dəm qazı onlarla insanın ölümünə səbəb olur. Mövzu ilə bağlı TNS-ə açıqlama verən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, qaz təsərrüfatı harada varsa, orada təhlükəsizlik məsələsi hər zaman ön plandadır. Ekspertin sözlərinə görə, qazın təhlükəsiz istismarı həyata keçirilməlidir ki, zəhərlənmə, yanğın, partlayış baş verməsin: "Qazın fiziki və kimyəvi xassəsi yanır, partlayır, düzgün istismar olunmadıqda dəm qazına çevrilir və ölümə səbəb olur. Qaz təsərrüfatı olan evlərdə dəm qazı əleyhinə detektor olmalıdır. Qaz sızması əleyhinə olan detektor hər hansı hadisə zamanı xüsusi siqnalı vasitəsilə ətrafa məlumat yayır. Belə olan halda insanlar bədbəxt hadisənin qurbanı olmaqdan qurtulurlar. Ümumiyyətlə, qaz cihazı olan otaqda mütləq havalandırma, ventilyasiya olmalıdır. Tüstü bacası işlək vəziyyətdə saxlanılmalıdır. Qazın yanması üçün kifayət qədər oksigen lazımdır. Havalandırma olmadıqda artıq yanma prosesi pozulur və nəticədə dəm qazının yayılmasına səbəb olur. Ona görə də qaz cihazı olan otaqda mütləq havalandırma, ventilyasiya və tüstü bacası işlək vəziyyətdə olmalıdır. Hətta otağın kvadratı da nəzərə alınmalıdır. Yəni, iki gözlü qaz sobası üçün otağın ölçüsünün ən az 8, üç gözlü qaz sobası üçün 12, dörd gözlü qaz sobası üçün isə 15 kvadratmetr olması mütləqdir". Qeyd edək ki, bu gün də Bakıda 3 nəfər dəm qazından boğulub. Geri qayıt |