Əsas Səhifə > Güney Press > İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərinDünən, 17:09 |
Külli miqdarda mənimsəmədə ittiham olunan ləğv edilmiş Meliorasiya və Su Təsərrüfatı ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisləri Ağabəy Ağayev, Mahir Əliyev, baş mühasibi Əjdər Fətullayev və digər əməkdaşları Sədrəddin Ağababayev və İsmayıl Əlizadənin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib. “Report”un məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə vəkillər məhkəməyə bir neçə vəsatət təqdim ediblər. Bu səbəbdən ötən prosesdə məhkəmə istintaqı bitsə də, istintaq yenilənib, vəsatətlərə baxıldıqdan sonra yenidən bitməsi ilə bağlı qərar qəbul edilib. Prosesdə məlum olub ki, təqsirləndirilən Ağabəy Ağayev mənimsənilmiş 940 min manat vəsaitdən 530 min manatını ödəyib. Müttəhim tərəf bildirib ki, Ağabəy Ağayevin özünün və yaxınlarının əmlaklarına həbs qoyulduğu üçün həmin əmlakları satıb dəymiş ziyanı ödəyə bilmir. Tərəflər çıxış üçün məhkəmədən vaxt istəyib. Növbəti proses fevralın 3-də keçiriləcək. Qeyd edək ki, onlar 1 milyon 830 min manatlıq mənimsəmədə ittiham olunurlar. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi. Daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, təqsirləndirilən şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi saxlayıb. Ağabəy Ağayevə Cinayət Məcəlləsinin 179.3.2, 179.4 (külli miqdarda və xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Mahir Əliyev və Əjdər Fətullayevə isə 179.4, 308.2-ci, cinayət işi üzrə təqsirləndirilən digər şəxslər - Sədrəddin Ağababayev və İsmayıl Əlizadəyə isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə kömək etmə) və digər maddələri ilə ittiham ediliblər. Geri qayıt |