Əsas Səhifə > Güney Press > İran gömrüyünün rentgeni xaricə daşınan həşişi “görmür”
İran gömrüyünün rentgeni xaricə daşınan həşişi “görmür”Dünən, 11:19 |
Ötən illərdə İranla aramız durduq yerdə, heç nə üstündə (əslində 44 günlük müharibədəki zəfərə görə) pozulan vaxtlarda ölkəmizlə cənub qonşumuzun arasındakı bir məsələyə dair də mövzu qabarmışdı, amma ümumi “söz atışması” fonunda görünməz oldu. Bu, İran sərhədindən Azərbaycana keçirilən narkotik maddələrin görünməmiş həcmi, tranzitin intensivliyi, qanunsuz dövriyyənin fantastik ölçüləri məsələsi idi. Həmin vaxt xalqımızın qısaca “patı” adı qoyduğu süni metamfetamin adlı narkotik maddənin satışı o qədər kütləviləşmişdi ki, bunun alverini edənlər 30-30 tutulurdu. Hər gün DİN-in mətbuat xidmətindən verilən müvafiq məlumatları ali məktəb məzunlarının vinyetkası kimi dizayn edilmiş şəkil topluluqları müşayiət edirdi. Bir neçə ayın içində “patı partlaması” işinə görə həbsə alınanların sayı 2 mini keçmişdi. Saxlanılanların əksəriyyətinin kuryer və istifadəçi olduqları aydın olurdu və onlar narkotik maddələri Əli, Reza, Hüseyn, Mehdi adlı iranlılardan aldıqlarını deyirdilər. İranda yüz minlərlə bu adda adamlar olduğundan “patı”nın izi İran sərhədinə qədər gedir, sonra itirdi. Başqa vaxt İranda narkotik maddə satanları tutan kimi çox ləngitmədən qaldırıcı kranın qarmaqlı trosunun altına aparıb asan hökumət adamları beynəlxalq narkotrafikin qarşısını almaqda, izini tapmaqda aciz idilər. Hər halda belə görünürdülər. Bu günlərdə Azərbaycanda keçirilən məhkəmə prosesində açılan faktlar o zaman yazdığımız bir ehtimalı - narkotik tranzitinə İran hökutmətinin nəzarət etdiyi barədə deyilənləri təsdiqləmiş oldu. Həmin məhkəmə işinin qısa məzmunu belədir: Dağıstanlı sürücü Maqomednabi Aleskenderovun (Məhəmmədnəbi Əlisgəndərov) yük maşınına İranda kahı əvəzinə narkotik yüklənib, İran gömrüyündən sərbəst şəkildə ölkəmizə keçən “yük” bizim gömrükdə ilişib, məlum olub ki, kahıların içində 69 970 qram qurudulmuş marixuana və 20 kq 870 qram həşiş var. Yük maşını İranın Astara şəhərində yüklənib və Rusiyaya gedirmiş. Sürücü Məhəmmədnəbi maşındakı kahıların Mehdi adlı iranlı tərəfindən yükləndiyini, özünün kahıların içində gizlədilmiş narkotik maddələrdən xəbəri olmadığını bildirib, bunu sübut edən səs yazıları təqdim edərək canını qurtarıb. İşin burdan beləsini İran və Rusiyanın hüquq-mühafizə orqanları araşdırmalı, “yük göndərən”i və “yükü qəbul edəcək şəxs”i tapmalıdırlar. Tapacaqlarmı? Xeyr. Çünki buna qədər yüzlərlə belə iş olub, heç birində “mehdi”ləri tapan və ya tapmaq istəyən olmayıb. Tutaq ki, Mehdi qeybə çəkilib, gömrük postu yerindədir axı. Məhəmmədnəbinin maşınına yüklənmiş kahının içindəki narkotik maddələr məhz o postdakı rentgendən keçib və yükün “təmiz” olduğu bildirilib. Necə ola bilər ki, iki Astaranın birindəki gömrük rentgeni narkotik maddəni aşkarlamır, amma o biri aşkarlayır. Bu, heç cür mümkün deyil. Yeganə güman ora gedir ki, iranlı Mehdinin gömrük işçiləri ilə sıx əlaqəsi var, onlar mütəşəkkil bir qrupdur və yuxarı instansiyaların nəzarəti altında qonşu ölkələrə narkotik maddələr nəql edirlər. Son illərdə ölkəmizdə tutulan tonlarla narkotik maddənin İrandan keçirildiyi məlumdur və bütün bu faktlar onu göstərir ki, İranda bu işi konveyer üsulu ilə təşkil edirlər. Heç cür mümkün deyil ki, İran kimi alkoqollu içkilər və narkotik maddələr istehsalçı və itehlakçıları ilə amansız davranılan hərbi-polis rejimli ölkədə bu qədər narkotacir əlini-qolunu sallaya-sallaya “biznes”lə məşğul olsun. Demək, hər şey nəzarətdədir. Bunun bir siyasi xətt olduğuna dair də ciddi şübhələr var. Belə anlaşılır ki, İranı idarə edənlər narkotik maddələrin ölkə daxilində istifadəsini haram buyurur, qadağan edir və cəzalandırırlarsa, xaricə, “kafir ölkələr”ə tranzitini və satışını halal sayır, bundan həm pul qazanırlar, həm də “düşmən ölkələrin” cavanlarını bədbəxt edir, sıradan çıxarırlar. Bir ölkədən başqa ölkələrə bu qədər aşırı intensivlikə narkotik maddə ixrac edilməsinin binlardan (pul qazanmaq və bilə-bilə pislik etmək) başqa izahı yoxdur. Yoxsa indiyə qədər “qeybə çəkilən” mehdilər, rezalar yaxalanar və narkotik maddələrin nəqli yolları bağlanardı. Xalid KAZIMLI - musavat.com Geri qayıt |