Əsas Səhifə > Güney Press > Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı?

Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı?


Bu gün, 14:32
Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı?
Son vaxtlar Suriyanın sabiq prezidenti Bəşər Əsədlə Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəy arasında bənzətmə, paralel aparılır. Əsasən də B.Əsədin ölkədən qaçması Elçibəyin 1993-cü ilin 17 iyun gecəsi Bakını tərk etməsi ilə eyniləşdirilir.

Bu bənzətməyə qarşı çıxanların arqumenti budur ki, Elçibəy Bakıdan qaçsa da Azərbaycanı tərk etmədi. Bəşər Əsəd isə Rusiyaya üz tutdu. Amma Əbülfəz Elçibəyi qiyamçıları cəzalandırmaq, dövlətə qarşı baş verən hərbi qiyamı yatırmaq əvəzinə paytaxtı və postu tərk etməsinə haqq qazandırmayanlar da var.

Bu iki qaçış arasında nə kimi oxşarlıq, fərq, üst-üstə düşən və ya düşməyən məqamlar var?

Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğu deyib ki, Bəşər Əsədlə Əbülfəz Elçibəyin müqayisə edilməsi heç düzgün deyil:

“Əbülfəz Elçibəy demokratik seçki ilə Azərbaycanda hakimiyyətə gəlmişdi. Xalq hakimiyyətinin lideri idi. Bəşər Əsəd isə atası Hafiz Əsədin yerini tutmuşdu. Heç bir seçki keçirilməmişdi. Suriyada kiçik təriqətin təmsilçisi idi. Digər tərəfdən Əbülfəz Elçibəyin hakimiyyəti də çox qısa müddət çəkmişdi. Bəşər Əsəd isə 25 ilə hakimiyyətdə qaldı.

Təxminən bir o qədər də atasının fəaliyyət dövrünü nəzərə alsaq ümumilikdə, Əsəd rejimi 50 ildən çox hakimiyyətdə olub. Bəşər Əsəd öz xalqına qarşı misli görülməmiş cinayətlərə yol vermişdi. 10 minlərlə günahsız insanın ölümü, milyonlarla insanın ölkəni tərk etməsi, sonda isə ölkəsində 10 ildən artıq davam edən vətəndaş müharibəsinin baş verməsinə gətirib çıxartdı. Onun hakimiyyətdə qalmasının əsas səbəbkarı İran və Rusiya idi. Əbülfəz Elçibəyin hakimiyyətdə qalmasına isə heç bir xarici ölkə dəstək verməmişdi. Türkiyə belə Elçibəy hakimiyyətinin müdafiəsi ilə bağlı heç bir addım atmayıb”.

Sərdar Cəlaloğlu qeyd edir ki, Elçibəy siyasi hakimiyyətdən uzaqlaşarkən başqa bir xarici ölkəni seçməmişdi:

“Xalqına qarşı heç bir cinayət törətmədiyi üçün məsuliyyətdən qaçmaq istiqamətində belə bir addım atmadı. Ona görə də ölkədə qalmışdı. Bilirdi ki, xalq onu həddindən artıq çox sevir. Əbülfəz Elçibəy Azərbaycanda vətəndaş qarşıdurması olmasın, qan tökülməsin deyə hakimiyyətdən getmişdi. Bəşər Əsəd isə hakimiyyətdə qalmaq üçün hər cür vasitələrdən istifadə etdi, mümkün qədər qan tökdü. Buna baxmayaraq hakimiyyətdən getməyə məcbur oldu. Bəşər Əsəd və Əbülfəz Elçibəyi qətiyyən müqayisə etmək olmaz. Bu müqayisəni aparanlar həmin hadisələrin niyə baş vediyini, Elçibəyin hakimiyyətdən uzaqlaşmaq səbəbini bilmirlər. Bəşər Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyin hakimiyyətini istəmirdilər. Hamı yaxşı bilir ki, həmin vaxt hərbi qiyamı təşkil edən Rusiya və dəstəkçisi İran idi”.
Geri qayıt