Əsas Səhifə > Güney Press > İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır?
İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır?Dünən, 17:30 |
Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Entoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar. Bu barədə məlumatı Ermənistan XİN yayıb. Bildirilib ki, bununla bağlı tədbir axşam saatlarında Vaşinqtonda baş tutacaq. Sözügedən sazişin bir neçə vacib istiqamət üzrə məsələləri, o cümlədən təhlükəsizlik sahəsini əhatə etdiyi bildirilir. “Respublika Uğrunda” Partiyasının sədri Arman babacanyanın sözlərinə görə, strateji tərəfdaşlıq sənədi Ermənistana öz suverenliyini müdafiə etmək üçün daha güclü alətlər verir. Ararat Mirzoyan yanvarın 8-də keçirdiyi mətbuat konfransında belə bir müqavilənin olacağını dolayısı ilə təsdiqləsə də sənədin təfərrüatlarını açıqlamayıb. O, sadəcə qeyd edib ki, əvvəlki Ermənistan-Amerika razılaşmaları belə bir sənədin imzalanmasını nəzərdə tutur. Sazişin məzmununu ABŞ rəhbərliyi də gizli saxlayıb. Vaşinqtondan bildirilib ki, Ermənistanla strateji tərəfdaşlıq haqqında sənədin imzalanması ilə bağlı onların indi nə nəzərdən keçirəcəkləri, nə də elan edəcəkləri heç nə yoxdur. Qeyd edək ki, Ermənistanla ABŞ arasında müdafiə və təhlükəsizlik sahəsində son illər fəal yaxınlaşma müşahidə olunur. ABŞ Ermənistan ordusunun modernləşdirlməsi üçün maliyyə və texniki dəstək verir. Eyni zamanda, ABŞ hərbçiləri Ermənistanın qoşun bölmələrinə təlimlər keçir. Ümumiyyətlə, son iki ildə ABŞ ilə müdafiə sahəsində əməkdaşlıq intensivləşib. Bu müddət ərzində Ermənistanda amerikalı kontingentin iştirakı ilə iki dəfə birgə hərbi təlim keçirilib. Ekspertlər hesab edir ki, Ararat Mirzoyanla Entoni Blinken arasında imzalanacaq müqavilədən sonra müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq əvvəlkindən daha dərin ola bilər. Dekabrın 6-da Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-yə rəsmi səfəri zamanı Pentaqon rəhbəri Loyd Ostinlə görüşüb. Loyd Ostin Suren Papikyanla söhbəti zamanı ABŞ və Ermənistan arasında strateji münasibətlərin heç vaxt bu qədər yaxın olmadığını deyib. “Birləşmiş Ştatlar suveren, müstəqil və firavan Ermənistanı dəstəkləyir. Ölkələrimiz arasında mövcud strateji əlaqələr heç vaxt bu qədər sıx olmayıb. Kanzas Milli Qvardiyası ilə Ermənistan arasında tərəfdaşlıq 20 ildən artıqdır ki, davam edir və bu gün Qvardiya Ermənistanın müdafiə sahəsində islahatlarını dəstəkləyir”, - deyə Ostin bildirib. Ermənistanın müdafiə naziri isə vurğulayıb ki, Ermənistan və ABŞ arasında əməkdaşlıq silahlı qüvvələrdə islahatlar, hərbi təhsil və döyüş hazırlığına yönəlib. “Biz ölkəmizin ərazi bütövlüyünün, sərhədlərinin müdafiəsinin, demokratiyanın qorunmasının mühüm təminatı kimi regionda sülhə nail olmaqla yanaşı, Ermənistan Respublikası Silahlı Qüvvələrini gücləndirməyə meyilliyik”, - deyə Papikyan bildirib. Ermənistan müdafiə nazirinin açıqlaması Nikol Paşinyan hökumətinin sülh danışıqları ilə paralel, Qərb silahları və texnologiyası əsasında ordunu gücləndirmək siyasətinə üstünlük verdiyini göstərir. Bu baxımdan, Ermənistan ABŞ-dən güclü maliyyə və silah dəstəyi almağa çalışır. 2024-cü il aprelin 5-də Baş nazir Paşinyanın Brüsseldə Avropa İttifaqı rəsmiləri və ABŞ-nin Dövlət katibi ilə keçirilən görüşündə Ermənistan hərbi paktın imzalanmasına çalışsa da, bu mümkün olmadı. Lakin ABŞ ilə strateji tərəfdaşlıq sazişi üzrə razılaşmalar Brüssel sammitinin davamı hesab oluna bilər. ABŞ-nin Ermənistana Silahlı Qüvvələrin modernləşdirlməsi, kəşfiyyat məlumatlarının ötürülməsi, birgə hərbi təlimlərin keçirilməsində yardım göstərməsi mümkündür. Amma bu, Paşinyan hökumətinin arzuladığı kimi Ermənistan-ABŞ hərbi müttəfiqliyinə çevrilməsi qeyri-realdır. Yəni Paşinyan Qərbin, o cümlədən ABŞ-nin Ermənistanın təhlükəsizliyinə təminatçı olmasını istəyir. Bununla da rəsmi İrəvan Azərbaycanla hər hansı silahlı qarşıdurma şəraitində ABŞ-nin Ermənistana hərbi dəstək verməsinə nail olmağa çalışır. Qərb isə Ermənistanın qarşısında ilk növbədə, Moskva ilə hərbi müttəfiqliyə son qoymağı, Rusiya hərbi bazalarını ölkədən çıxartmağı, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sıralarını tərk etmək şərtlərini qoyur. Ona görə də çox güman ki, Vaşinqtonda imzalanan sənəd Rusiya və Ermənistan arasındakı gərginliyi artıracaq. Moskva Paşinyan iqtidarının bu davranışını Cənubi Qafqazdakı maraqlarına zərbə hesab edəcək. Eyni zamanda, nə ABŞ, nə də Avropa İttifaqı Ermənistana görə Azərbaycanla münaqişə etməz. Bu baxımdan, Ermənistan-ABŞ strateji tərəfdaşlıq sazişində İrəvanın bütün şərtlərinin öz əksini tapdığı inandırıcı görünmür. “APRI Ermənistan” analitik mərkəzinin baş elmi işçisi Leonid Nersisyanın sözlərinə görə, bu görüş hakimiyyəti tərk edən administrasiyanın nümayəndəsi ilə baş tutsa da, əldə olunan razılaşmalar növbəti administrasiya dövründə də davam edə bilər. Lakin müzakirə olunan məsələlərdən başqa tərəflər arasında konkret razılaşmanın olub-olmadığı hələlik məlum deyil. Politoloq Tiqran Qriqoryan isə bu sənədin perspektivinə ümidverici yanaşmır. Onun sözlərinə görə, sənəd imzalanandan sonra fəal işləməyəcək. Çünki Cənubi Qafqaz və Ermənistan Tramp administrasiyasının prioritetləri sırasında olmayacaq. Amma bu sazişə qarşı ciddi müxalif mövqedən də yanaşılmayacaq. Politoloq hesab edir ki, Mirzoyan və Blinken arasında imzalanan strateji tərəfdaşlığı haqqında saziş Ermənistana təhlükəsizlik zəmanəti verməyəcək. Onun əhəmiyyətini nə azaltmaq, nə də şişirtmək olmaz. “Hesab etmirəm ki, Ermənistana hücum olacağı təqdirdə, bu sənədin vəziyyətə ciddi təsir edəcək və ya ümumiyyətlə, hücum şansını azaldacaq. Çünki Azərbaycan üçün bunun böyük əhəmiyyət kəsb etdiyini düşünmürəm. Eyni zamanda, qeyd etmək lazımdır ki, məsələn, Azərbaycan da, əlbəttə ki, ABŞ-la münasibətlərində bu statusu əldə etməyə çalışır”, - Qriqoryan belə deyib. Tiqran Qriqoryanın sözlərinə görə, ABŞ və Əfqanıstan arasında da strateji tərəfdaşlıq sənədi olub. Lakin bu, üç il əvvəl bu ölkədə baş verənlərin qarşısını ala bilməyib. Müşfiq Abdulla “Cebheinfo.az” Geri qayıt |