Əsas Səhifə > Güney Press > “Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar”

“Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar”


Dünən, 12:59
 “Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar”
Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr əsas mövzulardan birinə çevrilib.

Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci il Bəyanatında Zəngəzur dəhlizi ilə bağlı öhdəliklər konkret şəkildə əks olunub. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, bu dəhliz açılmalıdır və açılacaq.

Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvanla birləşdirən strateji nəqliyyat arteriyasıdır və bölgənin iqtisadi inkişafı, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Ermənistan isə bu dəhlizin açılmasına müqavimət göstərərək, onun üzərində nəzarəti öz əlində saxlamaq və ya Qərb güclərinə həvalə etmək istəyir. Bu mövqe nəqliyyatın maneəsiz keçidini təmin etmək üçün üçtərəfli razılaşmaya ziddir.

Daxili siyasi xaos, Ermənistan hakimiyyəti daxilində bu məsələ ilə bağlı yekdil mövqeyin olmaması, Baş nazir Nikol Paşinyanın bəyanatları ilə digər siyasi və hərbi liderlərin mövqeləri arasında ziddiyyət yaradır.

“MediaHub” nəşrinə müsahibə verən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan "Ermənistan müharibəyə hazır olmalıdır",- deyərək, bölgədəki gərginliyi artıran fikirlər səsləndirib.

Bununla belə, Akopyan Ermənistanın zəif hərbi və siyasi mövqeyini də dolayı yolla etiraf edib.

Akopyanın sözlərinə görə, Ermənistanın 9 noyabr Bəyanatında nəzərdə tutulan öhdəlikləri yerinə yetirməməsi Azərbaycanın daha güclü mövqedən çıxış edərək irəliləməsinə səbəb olub. Hərbi-strateji baxımdan Ermənistanın zəifliyi açıq-aşkar görünür. Bununla yanaşı, Ermənistanın daxili siyasətdəki qeyri-sabitliyi və xarici siyasətdə Qərblə Rusiya arasında balans saxlama cəhdləri ölkəni geosiyasi dilemma mərkəzinə salır.

Azərbaycanın mövqeyi aydındır: 10 noyabr Bəyanatında əks olunan şərtlər yerinə yetirilməli, nəqliyyat dəhlizləri açılmalı və regionun gələcək inkişafı üçün qarşılıqlı faydalı əməkdaşlıq təmin edilməlidir. Azərbaycan qalib ölkə kimi regionda sülhün və sabitliyin əsas təminatçısı rolunda çıxış edir.

Rusiyalı politoloq Darya Qrevsova mövzu ilə bağlı “Cebheinfo.az”- a bildirib ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması ilə bağlı açıq danışıb, çünki bu, Azərbaycanın əsas strateji obyektlərindən biri və mühüm nəqliyyat arteriyasıdır:

"Bu dəhliz Azərbaycanının digər bölgələrini Ermənistan ərazisindən keçərək Naxçıvanla birləşdirir. Ölkəsi üçün strateji əhəmiyyətli maraqları müdafiə edən başqa siyasətçilər də var.

Məsələn, Donald Tramp Panama kanalı haqqında danışaraq dünyaya nümayiş etdirir ki, öz xalqının və dövlətinin mühüm nəqliyyat arteriyalarını qorumaq necə vacibdir. Bilirsiniz ki, Panama kanalını amerikalılar tikib və o, Sakit okeanla Atlantik okeanını birləşdirir. Təbii ki, bu, ABŞ üçün çox mühüm kommunikasiya vasitəsidir.

Azərbaycan üçün Zəngəzur dəhlizi bundan heç də az əhəmiyyət daşımır, hətta daha da əhəmiyyətlidir. Ermənistan bunu anlamaq və dərk etmək məcburiyyətindədir. Bunu nə qədər tez bunu dərk edərsə, Zəngəzur dəhlizinin açılması ilə bağlı bir çox məsələlərin həlli bir o qədər asan və sakit olacaq".

Politoloq qeyd edib ki, əvvəlki üçtərəfli razılaşma çərçivəsində Ermənistan Zəngəzur dəhlizinə nəzarətin rus sərhədçiləri tərəfindən həyata keçirilməsi məsələsinə razılaşmışdı:

“Təəssüf ki, Nikol Paşinyan indi bunu inkar edir və istəmir. O, bu dəhlizə ya Ermənistanın, ya da Qərb dövlətlərinin nəzarət etməsini istəyir. Əslində, Qərb də bunu qəbul etməyə hazırdır. Amma Azərbaycan yaxşı başa düşür ki, əgər bu keçidə ermənilər və ya ermənilərə dost olan ölkələr nəzarət edərsə, gələcəkdə ciddi problemlər yarana bilər. Yüklərə və sərnişinlərə qarşı əsassız yoxlamalar keçirilə, nəticədə Azərbaycan həmin dövlətlərdən və Ermənistandan asılı vəziyyətə düşə bilər. Buna görə də Azərbaycan bunu qəbul etmir.

Azərbaycan qalib ölkə kimi həm öz, həm də hər iki ölkənin xeyrinə olacaq variantlar təklif edir. Kommunikasiyaların açılması sülh müqaviləsinin imzalanmasına aparan vacib addımlardan biridir."

Ekspert sonda bildirib ki, "Müharibəyə hazırlaşmaq lazımdır" açıqlamaları Azərbaycanı qorxutmaq və ya güc nümayiş etdirmək cəhdidir:

"Amma bu cəhdlər nəticəsiz qalacaq, çünki hamı çox yaxşı bilir ki, həqiqət Azərbaycanın tərəfindədir. Bu vəziyyətdə Ermənistan sadəcə qalib ölkə ilə hesablaşmaq məcburiyyətindədir. Əks halda, yeni bir müharibə başlayarsa, onlar yenidən məğlub olacaqlar."

Geri qayıt