Əsas Səhifə > Güney Press > Öcalanın çağırışından sonra PKK təslim olmasa...
Öcalanın çağırışından sonra PKK təslim olmasa...Bu gün, 10:30 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müttəfiqi, MHP lideri Dövlət Baxçalı oktyabrın 22-də Abdullah Öcalanı Türkiyə Böyük Millət Məclisində PKK terror təşkilatını ləğv etməyə çağırıb. Bundan sonra kürdlərin DEM partiyasının nümayəndələri Öcalanla görüşüb. Görüşdən sonra nümayəndələr siyasi partiyalarla danışıqlar aparıb. Türkiyə mətbuatı yazıb ki, PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir. Bildirilib ki, Öcalan terrorçuları silahlarını yerə qoymağa və uzun müddətdir davam edən silahlı qarşıdurmaya son qoymağa çağıra bilər. Məlumata əsasən, Öcalanın çağırışı həm Şimali İraq və Suriyadakı yaraqlılara, həm də təşkilatın Avropadakı tərəfdarlarına ünvanlanacaq. Modern.az məsələ ilə bağlı Milliyətçi Hərəkat Partiyasının (MHP) Şanlıurfanı təmsil edən deputatı İbrahim Özyavuzla həmsöhbət olub. O qeyd edib ki, MHP lideri Öcalandan PKK-nın silahı yerə qoymasını və təşkilatın ləğv edildiyini açıqlamasını, axtarışda olanların məhkəməyə çıxarılmasını tələb edib: "Dövlət Baxçalı Öcalana onun da iştirakı ilə DEM qrupunda lazımi söhbətlərin aparıla biləcəyini qeyd etdi. Amma hələlik müzakirələr davam edir. Ötən gün nümayəndə heyəti sözügedən məsələ ilə bağlı Səlahəddin Demirtaşla görüşüb. Heyət əvvəlcə Öcalanla, sonra rəhbərimizlə, TBMM sədri ilə, AK Parti və CHP qrupları ilə görüşlər keçirib. Ən son isə Demirtaşla görüş keçirilib. Onun da prosesə dəstək olacağı ilə bağlı açıqlama verildi. Türkiyə Prezidenti də eyni sözü dedi ki, terrorsuz Türkiyə üçün hər şey edilir". MHP deputatı qeyd edib ki, burada digər alternativ yol yoxdur: "Tək alternativ var ki, terror təşkilatı silahlarını buraxacaq, axtarışda olanlar məhkəməyə çıxarılacaq. Bunun xaricində bir tələb yoxdur. Əgər silahları könüllü şəkildə buraxmasalar, rəhbərimizin də bildirdiyi kimi onları silahları ilə birlikdə torpağa dəfn ediləcək". Bəs Öcalanın çağırışı PKK terrorçularının hamısının təslim olmasına səbəb olacaqmı? Yavuzaslanın sözlərinə görə, bütün terrorçuların silahı buraxıb-buraxmaması önəmli deyil. "Burada əsas olan rəhbərimizin atdığı addımdır. Bu addım Türkiyədə qardaşlıq layihəsidir. Bu qardaşlıq layihəsinin uğurla nəticələnməsi üçün qarşı tərəfin buna qarşılıq verməsi vacibdir. Əgər onlar bundan sonra TBMM daxilində siyasətlə məşğul olacaqlarsa, terror təşkilatı ilə əlaqələrini kəsməlidirlər. Türkiyə bölgədə bu səbəbdən böyük ölçüdə prestij itirir. Ölkə bununla bağlı maddi-mənəvi sıxıntılar yaşayır. Bölgədəki vəziyyətə baxaraq Türkiyə öz qardaşlığını bərpa etməlidir. Burada da önəmli olan terror təşkilatının qurucusu olan Öcalanın bu çağırışı etməsidir. Çağırışdam sonra da silahı buraxmayanlarla bağlı dövlət üzərinə düşəni edəcək. Onlarla bağlı atılacaq addım bəllidir, silah buraxmayanlar torpağa basdırılacaq. Öcalanın çağırışı ilə bütün PKK silahı buraxar-buraxmaz, bu Türkiyənin məsələsi deyil. Amma bir addım atıldı, bu dəyərləndirilməlidir. Keçmiş zamanda açılış prosesi olmuşdu, amma bu səfərki terror təşkilatının tamamilə ləğv edilməsi məsələsidir. Əvvəlki dönəmdə görüşlər keçirildi, daha sonra şəhərlərin altı qazıldı. Amma bu dəfə elə olmayacaq, bundan sonra yenə o addım atılarsa, həm kürdlər içərisində nüfuz itirilməsi baş verəcək, həm də dövlət daha sürətli və təsirli şəkildə terrorla mübarizəni davam etdirəcək". Geri qayıt |