Əsas Səhifə > Güney Press > Azərbaycan əleyhinə konsensus bitəcəkmi?
Azərbaycan əleyhinə konsensus bitəcəkmi?Dünən, 14:02 |
"Əgər fransız siyasi səhnəsində konsensus varsa, həmin konsensus yalnız azərbaycanofobiya zəminində olur. Təəssüf ki, təkcə hazırkı hakimiyyət deyil, hakimiyyətə iddialı olanlar da bir-birindən o qədər də fərqlənmirlər". Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində deyib. Bu da o deməkdir ki, Azərbaycan prezidenti Fransa ilə münasibətlərin düzələcəyini gözləmir. Başqa sözlə, Emmanuel Makron hakimiyyətdən getsə, onun yerinə gələcək fiqurlar da Azərbaycana qarşı oxşar və ya eyni siyasət yürüdəcəklər. Beləliklə, Prezident Fransa ilə Azərbaycan arasındakı problemlərin Azərbaycandan qaynaqlanmadığını vurğulayıb. Başqa sözlə, hətta Azərbaycan münasibətləri düzəltmək istəsə də, bu, Fransa tərəfdə öz qarşılığını tapmayacaq. Prezident İlham Əliyev Fransada müxalifətin də Azərbaycana qarşı ədalətsiz mövqeyinə münasibətini bildirib: “Axı, onlar Fransanın indiki prezidentinin rəqibləri idi, Paris meri də, yeri gəlmişkən, o, seçkilərdə namizədliyini irəli sürmüşdü. Parisin daxil olduğu regionun qubernatoru da seçkilərdə prezident Makronun rəqibi idi və bu yaxınlarda qısa müddətdə Baş nazir vəzifəsini tutmuş cənab Barnye də bu məsələdə fərqlənmir”. Prezident İlham Əliyevin sözlərindən məlum olur ki, Fransada Azərbaycana qarşı münasibətin dəyişməsi üçün hakimiyyətin dəyişməsi kifayət deyil; Fransanın Azərbaycanla, bütövlükdə Cənubi Qafqazla bağlı siyasəti dəyişməsə, heç nə düzəlməyəcək. Fransa prezidentinin səfirlərlə görüşündəki çıxışından da məlum oldu ki, rəsmi Parisin nə Azərbaycanla, nə də, ümumilikdə bölgə ilə bağlı siyasəti dəyişməyib. Hər halda 2025-ci il üçün açıqlanan xarici siyasət prioritetlərində Azərbaycanın gözlədiyi dəyişikliklər görünmədi. Bu da o deməkdir ki, Fransa dünyanın başqa bölgələrində olduğu kimi, Cənubi Qafqazda da destablizasiyaya yönəlmiş xətt yürüdəcək. Ermənistanı silahlandırmağa davam edəcək. Ermənistanın silahlandırılması isə, Prezident İlham Əliyevin dekabrın 31-də xalqa təbrik mesajında dediyi kimi, Azərbaycan üçün ən narahatedici məqamdır. Bu da Fransa ilə, eləcə də, Cənubi Qafqazda yeni müharibə, münaqişə yaratmaq istəyən bütün qüvvələrlə Azərbaycanın münasibətlərini müəyyənləşdirən əsas faktordur. Xüsusilə, Fransaya gəlincə, rəsmi Paris islamofobiya, ksenofobiya siyasətindən imtina etmədikcə, Azərbaycanın da bu ölkəyə münasibətinin dəyişməsi gözlənilmir. Bununla yanaşı prezident deyib ki, Fransa hakimiyyətinin nümayndələri münasibətləri düzəltmək üçün Azərbaycanın müvafiq qurumlarına 3-4 dəfə siqnal göndəriblər. Azərbaycan tərəfi: "Biz hazırıq" deyib. Ancaq prezident onu da əlavə edib ki, Azərbaycan nümayəndələri bunun üçün nə Parisə, nə Brüsselə, nə də başqa bir yerə gedəcəklər, danışıqlar olacaqsa, Bakıda olacaq. Azərbaycan bu məsələdə prinsipiallıq göstərir, münasibətləri pozan tərəfin bunu düzəltmək üçün Bakıya gəlməli olduğunu vurğulayır. Bu, ən doğru yanaşmadır və Avropa İttifaqına da aiddir. Çünki prezident 2024-cü ili Avropa Komissiyası ilə bağlı "məyusluqlarla dolu il" adlandırıb. 2025-ci il üçün gözləntilərə - münasibətlərin düzəlməsinə gəlincə, prezident Brüsselin adını elə-belə çəkməyib. Prezident istər Avropa Komissiyası ilə, istərsə də ayrılıqda Fransa ilə münasibətlərin əvvəlki səviyyəsinə qayıtması üçün Azərbaycanın hazır olduğunu, ancaq bunun Bakıda mümkün olacağını önə çəkib. Bahəddin Həziyev, bizimyol.info Geri qayıt |