Əsas Səhifə > Güney Press > Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir

Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir


Dünən, 10:26
Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir
Bu gün Azərbaycanın yaratdığı tarixi reallıqların məntiqi nəticəsi olaraq
ölkəmiz yeni mərhələni yaşayır. Azərbaycanın öz suverenliyinin bərpası,
Qarabağın azad olunması, eləcə də Qarabağdan separatizmin
təmizlənməsi yeni imkanlar yaratmış oldu. Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri həm
Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı
peşəkarlığını, qarşısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra
etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi. Artıq 30 ilə
yaxın işğal altında olan və 44 günlük Vətən müharbəsi zamanı azad olunan
hər bir ərazidə böyük abadlıq-quruculuq işləri aparılır. İşğaldan azad olunan
ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında
genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri davam etdirilir.
Dövlət başçısı İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına
müsahibəsində bir sıra mühüm əhəmiyyət daşıyan məqamlara, o cümlədən
işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı işlərə toxundu.
Qeyd edildi ki, bu gün işğaldan azad edilən ərazilərdə daha geniş
quruculuq işlərinin aparılması böyük maliyyə vəsaiti tələb edir və ölkəmiz
ancaq öz maliyyə imkanlarına arxalanır. Ölkə tərəfindən çox böyük vəsait
hərbi və təhlükəsizlik məsələlərinə ayrılır. Bu gün Azərbaycan büdcəsində
təhlükəsizlik məsələləri üçün 8,4 milyard manat nəzərdə tutulub. Təəssüf
ki, Ermənistanın silahlanma siyasəti olmasaydı ölkəmizin müdafiə
xərclərinə 4 milyard manat kifayət edərdi.
Ötən üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıdışı
təmin edilib. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada
yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, inşaatda, dövlət
işlərində və digər sahələrdə müxtəlif vəzifələrdə çalışırlar.
Cari il üçün daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin
qaytarılması nəzərdə tutulub, O şəhər və kəndlərin adları artıq seçilib,
layihələr icra edilir. Həmin ərazilərdə 60 kilometrdən çox tunellər, körpülər,
elektrik stansiyaları, su anbarları inşa edilir. Bir çox kəndlərdə, şəhərlərdə
indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış
məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. Təqribən 2-3 ildən
sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış
fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq.
İşğaldan azad edilən ərazilərdə aparılan işlərin böyük hissəsi
Azərbaycan şirkətləri tərəfindən görülür. İkinci yerdə Türkiyə şirkətləridir.
Onlar daha çox tunellər, körpülər, dəmir yolları layihələrində iştirak edirlər.
Artıq iki sənaye parkı fəaliyyət göstərir. Bu gün Ağdam şəhərində
yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir. Şəhər dağılıb,
amma burada sənaye müəssisələri artıq fəaliyyət göstərir və xaricə məhsul
ixrac edir.
Prezident İlham Əliyev müsahibəsində bildirib ki, “Mən müharibə başa
çatandan dərhal sonra demişəm ki, biz Qarabağı cənnətə çevirəcəyik.
Əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir.
Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq - bura
doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevriləcək. Bura çox
böyük coğrafiyadır. Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda,
ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi,
sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük
məkana çevrilməlidir, halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma,
eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid
konsepsiya əsasında inkişaf edir. Məsələn, biz bu il Naxçıvan və Ordubad
şəhərlərinin Baş planlarının hazırlanmasına da başlayırıq”.
Bu gün Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri
vahid Baş plan əsasında qurulur və bu işlər daha sürətlə davam etdiriləcək.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru - "DİA-AZ"

Geri qayıt