Əsas Səhifə > Güney Press > ABŞ-dan Bakıya gözlənilən məktub:

ABŞ-dan Bakıya gözlənilən məktub:


7-01-2025, 15:28
ABŞ-dan Bakıya gözlənilən məktub:
Məlum olduğu kimi yanvarın 20-sində, yəni 13 gün sonra ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimi baş tutacaq. Mərasimə bir neçə ölkə liderinin dəvət olunacağı gözlənilir. Siyahıda Azərbaycanın yer alıb-almayacağı da sual doğurur.

Globalinfo.az-ın sorğusuna Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə belə cavab verib:

“Bu cür mərasimlərdə adətən ABŞ-dakı səfirimiz iştirak edir”.

Siyasi şərhçi Anar İsayev isə deyib ki, Azərbaycan və ABŞ arasında münasibətlər hər zaman müsbət olub:

“Bu münasibətlər Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan etibarən davam edir. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən ABŞ şirkətləri də Azərbaycan neftindən öz payını almışdı. Həmin dövrdən iki ölkə arasında iqtisadi tərəfdaşlıq sonradan siyasi əlaqələrə qədər gəlib çıxmışdı.

Son dövrlər Co Bayden administrasiyasının təxminən 60-a yaxın senatorunun Azərbaycana qarşı hər hansı bir qətnamənin qəbul olunması təşəbbüsü ilə çıxış etməsi rəsmi Vaşinqton və Bakı arasında olan münasibətlərin pozulmasına səbəb olacağı haqqında fikirlər səsləndirilirdi. Lakin ABŞ və Azərbaycan arasında olan siyasi, iqtisadi əməkdaşlıq həm də strateji tərəfdaşlığın yaranmasına gətirib çıxardıb. Rəsmi Vaşinqtonun xarici siyasət prioritetində Azərbaycanla münasibətlərin pozulması yoxdur.

2020-ci ildə Azərbaycan öz ərazilərini erməni işğalçılarından azad edərkən, ABŞ-da Donald Tramp hakimiyyətdə idi. O zaman Vaşinqtonun susqunluğu elə Bakının haqq səsindən yana çıxış etmək mənasına gəlirdi.

44 günlük müharibədən sonra Cənubi Qafqazda fərqli siyasi mənzərə yaranmışdır. Azərbaycanın Cənubi Qafqazda önəmi müstəsna yerə gəlib. Ölkəmiz hərbi potensialı, iqtisadi, demoqrafik gücü ilə bölgənin vahid lideri səviyyəsindədir”.

Anar İsayevin sözlərinə görə, hər bir dünya dövləti Azərbaycanla əməkdaşlıqda maraqlıdır:

“Böyük Yaxın Şərq layihəsində İsrail və ABŞ üçün İran məsələsi xüsusi yer alır. Azərbaycanın İranla qonşu olduğunu nəzərə alsaq, ABŞ-ın ölkəmizlə daha sıx əlaqələr qurması üçün vacib amildir. Ona görə də Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsi üçün ölkə rəsmilərinə ABŞ-da keçiriləcək andiçmə mərasimində iştirak üçün dəvət göndəriləcək”.

Geri qayıt