Əsas Səhifə > Güney Press / Ana xəbər > Dələduzluqla üzləşən Xırdalan sakini dövlətdən kömək istəyir
Dələduzluqla üzləşən Xırdalan sakini dövlətdən kömək istəyir18-04-2014, 15:30 |
![]() Xırdalan şəhəri Quşçuluq massivi 24, mənzil 54-də yaşayan Məmmədov Fehruz Qədir oğlu şikayətini yuxarı orqanlara və Avropa Məhkəməsinə göndərmək üçün “Yeni Müsavat” qəzetindən kömək istəyib. O, bildirib ki, indiyə qədər şikayəti ilə bağlı dövlət orqanlarına müraciət etsə də, nəticəsiz qalıb. Şikayətçinin sözlərinə görə 9 və 12 noyabr 2004-cü il tarixlərində Kərimova Ofeliya Abdulsəməd qızı Yeni Ramana qəsəbəsində ona 2 sot torpaq satacağı bəhanəsi ilə ondan 2500 və 1000 ABŞ dolları məbləğində pul alaraq, qaytarmaqdan imtina edib. Bununla bağlı Sabunçu rayon Məhkəməsi 26.04.2005-ci il tarixli hökmü ilə dələduzu zərərçəkmişə dəymiş ziyanı ödəməklə, 4 il müddətinə azadlıqdan məhrum edib. Lakin o zamandan indiyə qədər zərərçəkmişə dəyən ziyan ödənilməyib. Kərimova Ofeliya isə 2007-ci ildə azadlığa buraxılıb. Şikayətçi iddia edir ki, dələduzun azadlığa buraxılmasının və dəyən ziyanın ödənilməməsinin arxasında aidiyyatı dövlət qurumları dayanır. Şikayətçi Fehruz Məmmədov başına gələnlər barədə bunları dedi: “Mən əvvəllər Sabunçu rayonu ərazisində yaşayırdım. Sonralar məni aldatdıqlarına görə məcbur olub, Xırdalan şəhərində kirayə tutmağa məcbur oldum. Belə ki, Kərimova Ofeliya adlı dələduz mənə Yeni Ramana qəsəbəsində 2 sot torpaq göstərərək, ona məxsus olduğunu və satmaq istədiyini bildirdi. O, eyni zamanda makler işləyirdi. Torpaq sahəsinə baxıb, razılaşdım. Bunun əvəzində torpağın sənədlərini düzəltmək üçün məndən 2500 ABŞ dolları pul istədi. Mən də razılaşdım. 3 gün sonra pulun azlıq etdiyini, daha 1000 ABŞ dolları verməyimi istədi. Mən ona bu pulu da verdim. Təbii ki, sənəd yolu ilə pulları ona verirdim. Həmin zaman evim kiçik olduğuna görə satıb, başqa yerdə ev tikdirmək istəyirdim. Məhz bu torpağı alıb, yerində ev tikdirmək üçün evimi belə satdım. Lakin o, pulları məndən alandan sonra yoxa çıxdı. Mən də məcbur olub, məhkəməyə müraciət etdim. Sabunçu rayon Məhkəməsi onun haqqında mənə dəyən ziyanı hissə-hissə ödəməklə, 4 illik həbs qərarı verdi. Lakin o zamandan indiyə qədər mənə yalnız həbsxanada olarkən, 500 manat hissə-hissə pul qaytarıb. 2007-ci ildə həbsxanadan buraxılandan sonra tamamilə pulu ödəməkdən imtina etdi”. Şikayətçi onu da bildirdi ki, bütün aidiyyatı dövlət orqanlarına şikayət etsə də, onun müraciətinə baxan yoxdur: “O, pulu ödəməkdən imtina etdikdən sonra məcburiyyət qarşısında yenidən məhkəməyə müraciət etdim. Lakin bundan sonra məhkəmələr mənim xeyrimə qərar çıxarmadı. Hazırda Kərimova Ofeliya Masallıda yaşadığına görə Masallı rayon Məhkəməsinə də müraciət etdim. Masallı Məhkəməsi dəymiş ziyanın mənə ödənilməsi haqqında qərar çıxardı. Amma yenə icraatı dayandırıldı. Artıq Azərbaycanda bütün məhkəmələrə müraciət etmişəm. Ali Məhkəmə də iddiamı qəbul etmədi. Ölkə prezidentinə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Baş Prokuror Zakir Qaralova, Ədliyyə Nazirliyinə və başqa qurumlara müraciət edirəm. Amma nəticəsi olmayıb. Hara müraciət etdimsə, gələn cavablarda başqa dövlət qurumlarına müraciət etməyim göstərilirdi. Artıq Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşıram. Başqa bir yolum da qalmayıb. Özüm əlil adamam. İşləmək imkanım yoxdur. Kirayə pulumu belə, verə bilmirəm. Belə ədalətsizlik olmaz. Mən istəmirəm ki, öz dövlətimizdən Avropa Məhkəməsinə şikayət edim. Ona görə də, dövlət qurumlarından son dəfə kömək istəyirəm. Xahiş edirəm ki, mənə kömək etsinlər. Əks təqdirdə, Avropa Məhkəməsinə müraciət etməkdən başqa yolum qalmır”. Geri qayıt |