Əsas Səhifə > Güney Press > Dünya düzəlmir ki düzəlmir...
Dünya düzəlmir ki düzəlmir...3-01-2025, 18:58 |
Amerika Birləşmiş Ştatlarında terror aktları bir-birinin ardınca gəldi. Əvvəl Luiziana ştatında, Yeni Orlean şəhərində 15 nəfərin ölümü, onlarla şəxsin yaralanması ilə nəticələnən terror hücumu baş verdi. Onun ardınca isə Las Veqasda (Nevada ştatı) "Tesla" partladıldı, bir nəfər ölü, 7 yaralı var. Birinci hadisəni 2024-cü ilin yayında İŞİD-ə qoşulmuş Şamsuddin Cabbar, ikincisini isə Metyu Livelsberger törədib. Milliyyətləri haqqında heç nə yazmıram, çünki terrorçunun milliyyəti olmur. Belə də hər şey aydındır. Qəribə olan budur ki, hər ikisi Amerika ordusunda xidmət edib. Amerika üzərinə hələ qayıdacağıq. Sadəcə, Avropada baş verən terror hadisələrinə də diqqət edək. Yeni təqvim ili ərəfəsində Almaniyada da terror aktı törədildi; Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində dörd nəfər ölmüş, yüzlərlə insan yaralanmışdı. Eynilə Amerikada baş verən terror hadisələrindəki kimi avtomobildən silah kimi istifadə olunub; terrorçu maşını qəsdən insanların üstünə sürüb (oxşar hadisə daha əvvəl Fransada da baş vermişdi). Monteneqroda isə gerçək silahdan atəş açılıb; 45 yaşlı Ako Martinoviçin əyləncə mərkəzinə silahlıhücumu 12 nəfərin həyatına son qoyub. Hadisələrin, demək olar, hamısı bayram əyləncələrinə toplanmış insanlara qarşı baş verib. ABŞ, eləcə də, Avropanın Almaniya, Fransa, Böyük Britaniya və sair kimi böyük ölkələri zaman-zaman terrorla sarsılır. Son hadisələr də nə ilkdir, nə son. Dünya 2001-ci ildə Nyu-Yorkdakı Əkiz Qüllələrə məşhur hücumdan sonra beynəlxalq antiterror koalisiyasında birləşsə də, hazırda yenə hər kəs öz hücrsinə çəkilib, öz qatilini öz evində gözləyir. Nəticə də göz qabağında. Amerikanın Co Bayden administrasiyası ölkə əhalisinin cəmi 37 faizinin dəstəyinə sahib olan, ən uğursuz yönətim olaraq tarixə keçir. Fransa prezidentinə öz cəmiyyətinin cəmi 22 faizi rəğbət bəsləyir. Almaniya kanslerinin reytinqi isə o qədər düşmüşdü ki, parlamentdən belə öz hökumətinə etimad səsi toplaya bilmədi. Bunun çox səbəbləri var. Ən əsas səbəb isə ikili, hətta çoxstandartlı siyasət aparmaları olub. Co Bayden Əfqanıstanda hakimiyyəti "terrorçu" dediyi "Taliban" hərəkatına buraxaraq, qaçdı. Almaniya desək, onillərdir, İraqda, ABŞ və Fransa isə Suriyada PKK terrorçularına dəstək verib, təlim keçib. Bir yandan, terrorizmə qarşı guya koalisiya yaradıb, terrorla sanki "mübarizə" aparırlar, o biri yandan isə, ayrı-ayrı ölkələrdə ayrı-ayrı terror qruplarını maliyyələşdirib, silahlandırıb, öz rəqiblərinə qarşı yönləndiriblər. Təkcə rəqiblərinə qarşı da deyil, həm də müttəfiqlərinə qarşı. PKK-nı Türkiyənin başına bəla çıxardıqları kimi. Hərçənd Türkiyə ABŞ-ın da, Fransanın da, Almaniyanın da NATO üzrə ən mühüm müttəfiqidir. Özləri Türkiyəni məhz belə adlandırır: "ən mühüm müttəfiq". Baxın, göründüyü kimi, böyük dövlətlərin özləri də terrordan sığortalanmayıb. Özlərinin yetişdirdiyi, qidalandırdığı terror zehniyyəti özgələri də vurur, özlərini də. Ancaq yenə də "yaxşı terrorçu", "pis terrorçu" deyə fərq qoyurlar. Qərbin bir çox siyasi dairələrinin düşüncəsi, yanaşması belədir: məsələn, Moskvaya hücum edən terrorçu yaxşıdır, amma Nyu Yorku vuran pisdir. Türkiyədə qatar stansiyasını, hərbi zavodu hədəf alan terrorçu yaxşıdır, amma Fransada izdihamın üstünə maşın sürən terrorçu pisdir. Luiziana ştatinda eyni hərəkəti edən isə lap pis terrorçudur. Amma Ermənistanda terrorçu zehniyyəti silahlandırmaq lazımdır. Belə bir təhlükəli, xəstə təfəkkür var. Özlərinə qarşı terror törədənləri tuturlar, asırlar, güllələyirlər, bizə qarşı terror törədənləri isə "siyasi məhbus", "hərbi əsir" elan edib azadlığa buraxdırmağa çalışırlar. Özlərinə qarşı terror edəni elektrik stuluna oturdurlar, bizə qarşı terror edəni isə süfrə başında. Bu, elə Rusiyaya da, başqalarına da aiddir: özünün Xarkova, Kiyevə, Odessaya - yaşayış binalarına, energetika obyektlərinə atdığı raketlərlə qürur duyur, amma Ukraynanın göndərdiyi dronu "terror" deyə lənətləyir. Yeni il ərəfəsində Rusiyada terror aktı nəticəsində yüksək vəzifəli general qətlə yetirildi. Amma Ermınistanın keçmiş prezidentlərinə - Robert Köçəryan və Serj Sarqsyan Rusiya prezidentindən şəxsən yeni il təbrikləri aldılar. Amma, bax, bu şəxslər Azərbaycana qarşı törədilmiş onlarla terror aktının sifarişçiləri və təşkilatçısı olublar. Mən hələ işğal, etnik təmizləmə, genosid, ekosid kimi insanlıq əleyhinə cinayətlərini sadalamıram. Deməli, "mənə dəyməyən ilan min il yaşasın" düşüncəsidir. Amma bu gerçək var: kim, harda, hansı terrorçunu bəsləyirsə, qoynunda ilan bəsləyir deməkdir. Hətta bir tənha terrorçuya dəstək vermək belə terrora dəstək verməkdir. O terror isə dönüb-dolaşıb, bir gün onu bəsləyənlərin qapısını döyür. Heç kimə sirr deyil ki, "Əl-Qaidə"ni, İŞİD-i kim, hansı böyük ölkələrin kəşfiyyatları yaradıb, dünyanın başına bəla edib? Məqsəd də məlumdur. Bax, belə bir riyakar yanaşma var. Bu gün özü terror hücumları ilə sarsılan böyük güclər Suriyanın şimalında Türkiyə əleyhinə terror dövləti yaratmağa çalışanlardır. Dediyimiz kimi, Ermənistanı dayanmadan silahlandıranlardır. Azərbaycan prezidenti də bayram ərəfəsində xalqa müraciətində Ermənistanın silahlandırılmasını ən narahatedici təhdid kimi xüsusi vurğuladı. Dünənə qədər bir əldə terror silahı olmuş İrəvan indi əl dəyişdirir. Bunun başqa adı yoxdur. Otuz il ərzində Azərbaycan terrora məruz qaldı, ancaq dünyanın böyük gücləri terrora qarşı dirənən Azərbaycana sanksiya qoydu, terrorçuya isə maliyyə ayırdı. Amma həmin güclər özləri terrorla sarsılanda, Azərbaycanı həmişə yanlarında gördülər. Bu dəfə də Amerikadakı, ondan əvvəl Almaniyadakı, daha əvvəl Fransadakı... terror aktlarını ilk qınayanlardan biri Azərbaycan oldu. Buna baxmayaraq, bizə qarşı terrora əks münasibət gördük. Gəncədə, Bərdədə, Tərtərdə... törədilənləri deyirəm, hələ Xocalını, Qaradağlını, Ağdabanı, Başlıbeli... demirəm. Türkiyəyə münasibət də çox fərqlənmir. 2022-ci ilin fevralında Rusiya Ukrayna sərhədinə qoşun yığan kimi, NATO üzvü olan Qərb dövlətlərinin başçıları dərhal yığışıb antiRusiya koalusiyası qurdu. Halbuki Ukrayna heç NATO-nun üzvü deyil. Ancaq həmin güclər NATO üzrə müttəfiqlərini - Türkiyəni təhdid edənlərə qarşı eyni mövqeni göstərmirlər. Çox qəribədir: Vaşinqton Suriyada öz müttəfiqinin düşməni ilə müttəfiqlik edir. Belə məşhur söz var: "dünya düzəlmir ki, düzəlmir". Doğrudan da, bəzi siyasətçilərə, hökumətlərə, dövlətlərə heç nə dərs olmur. Öz səhvlərindən belə heç nə öyrənmirlər. ABŞ-ın Luizinana ştatında olsun, ya Parisdə, Moskvada olsun, ya Maqdeburqda, Dəməşqdə olsun, ya Londonda, Tokioda, ya İstanbulda ... fərqi yoxdur. Terror hər yerdə və hamıya qarşıdır. İstənilən bir ölkədəki terror hücumu hamını eyni dərəcədə sarsıdır (yaxud sarsıtmalıdır). Çünki hər bir terrorçunun hədəfi hamıdır. Bu gün Amerikada, Avropada baş verənlər də bunun sübutudur. Terror təşkilatları, bəli, böyük kəşfiyyatların yarımgizli ordularıdır. Buna kimin şübhəsi var?! Ancaq hələ də bir həqiqət dərk olunmayıb: bu terror ordularının düşməni hamıdır. Elə öz sahibləri də. Bahəddin Həzi, bizimyol.info Geri qayıt |