Əsas Səhifə > Güney Press > "Onlar özlərini Türkiyənin bir parçası kimi görürlər...
"Onlar özlərini Türkiyənin bir parçası kimi görürlər...3-01-2025, 17:06 |
Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) üzvü Əhməd Türk Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşü barədə ilk dəfə danışıb. "Cebheinfo.az" xəbər verir ki, o, 40 dəqiqəlik görüş barədə jurnalist İsmayıl Saymaza açıqlama verib. Əhməd Türk bildirib ki, Bağçalı DEM Partiyasının heyətini çox yaxşı qarşılayıb: "Bizi həqiqətən çox yaxşı qarşıladı. Bağçalının insani münasibətləri çox fərqli və səmimidir. Bəziləri bu prosesi başqa müstəviyə aparmağa çalışır. Bizim isə yeganə dərdimiz min illik türk-kürd qardaşlığını yenidən inşa etməkdir. Türklərlə kürdlərin dost olması Yaxın Şərqin də gələcəyini müəyyən edər, demokratik gələcəyi təmin edər". O, seçkiləri düşünmədiklərini də diqqətə çatdırıb: "Yaxın Şərqdəki proseslərin hansı istiqamətdə getdiyini bilmədiyimiz bir zamanda türklər və kürdlər yenidən bir-birini qucaqlamalıdırlar. Qardaşlıq içərisində gələcək formalaşmalıdır. Biz bunun üçün çalışırıq. Bunun xaricində nə bələdiyyəni, nə də seçkiləri düşünmürük. Əlbəttə ki, demokratik bir konstitusiya və kürdləri əhatə edən bir anlayış ortaya çıxdığı zaman bizim üçün problemli məsələ qalmaz. Biz heç kimlə bazarlıq aparmırıq". Əhməd Türk bunun birinci addım olduğunu vurğulayıb: "Bizim hədəfimiz bu ölkədə demokratiyanı daimi etməkdir. Buna ehtiyac var. Sabah Yaxın Şərqdə nə olacağını heç kim bilmir. Bu gün Yaxın Şərqdə 50 milyonluq kürd əhalisi var və hamısının üzü Türkiyə yönündədir. Onlar özlərini Türkiyənin bir parçası kimi görürlər. Bunu da daimi etmək lazımdır". DEM Partiyasının üzvü onu da əlavə edib ki, hazırda heç kimlə bazarlıq aparmırlar: "Hazırda yersiz müzakirələr gedir, amma biz hələ bu işin başlanğıcındayıq. Nə olacağı və necə gedəcəyi ilə bağlı hələ dəqiq vəziyyət yoxdur. Heç kimlə bazarlıq da aparılmır. Ancaq budəfəki proseslər kürdləri və türkləri bir yerdə olmağa vadar edir. Bizim başqa çarəmiz yoxdur, əvvəlki kimi ifrat şeyləri gündəmə gətirməməliyik, çünki bu, bir sövdələşməyə çevrilir. Bunun bazarlıq və ya seçki ilə heç bir əlaqəsi yoxdur. Zamanla yaşananlar parlamentə, ictimaiyyətə, cəmiyyətə, partiyalara çox aydın şəkildə paylaşılacaq". Onun sözlərinə görə, artıq türklərlə kürdlərin problemlərini həll etmək vaxtıdır: "İndiyə kimi çox ağır və sancılı hadisələr yaşanıb. Cəmiyyətdə parçalanmanın və gərginliyin hökm sürdüyü bir məqamda, imperializmin bütün qüvvələri ilə Yaxın Şərqə hücum etdiyi bir zamanda, öz problemlərimizi özümüz həll etməliyik. Dövlət Bağçalı da eyni mövqedə və yanaşmada olduğunu göstərdi". Əhməd Türk DEM Partiyasının heyətinin Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb-görüşməyəcəyi ilə bağlı da danışıb: "Təbii ki, məqsədimiz bütün siyasi partiyalarla görüşməkdir. Amma bəziləri görüşməyə də bilər. Bu, bizim problemimiz deyil. Kimsə görüşmək istəməsə, bizim edə biləcəyimiz bir şey yoxdur". O, terror qruplaşması PYD ilə isə görüşməyəcəklərini söyləyib: "İndiki mərhələdə belə bir şey yoxdur, amma Türkiyənin PYD ilə dostluq münasibəti qurmasını istərdik. Çünki Yaxın Şərqin ən dünyəvi xalqının kürdlər olduğu çox aydındır. Türkiyənin kürdlərə qucaq açması Yaxın Şərqdə təsirli bir aktor olmasını təmin edəcək". Geri qayıt |