Əsas Səhifə > Güney Press / Ana xəbər > Mənzili işğal olunan ev sahibi kirayədə yaşayır
Mənzili işğal olunan ev sahibi kirayədə yaşayır18-04-2014, 09:01 |
![]() 20 il olar ki, şikayətçi Arzu Zülfüqarova öz evində yaşaya bilmir. Səbəb onun Binəqədi rayonu Naxçıvani küçəsi, 39 ünvanındakı binanın 9 saylı mənzilində məcburi köçkün düşmüş Rüstəmovlar ailəsinin məskunlaşmasıdır. Müsahibim deyir ki, 20 il bundan əvvəl öz mənzilinə yaşamağa gələndə evində məskunlaşanları görüb çaş-baş qalır. Ona bildirirlər ki, məcburi köçkün ailəsi bir-iki ildən sonra başqa evə köçürüləcək. Amma bu 1-2 il nə az, nə çox, düz 20 il olur. İndi kirayədə yaşayan şikayətçi artıq buna imkanı olmadığını deyir. Məcburi köçkün ailəsinin evindən çıxmadığını görən şikayətçi bu dəfə yolunu məhkəmələrdən salır. Məhkəmə isə onun lehinə qərar çıxarır. Məhkəmənin qətnaməsinə baxmayaraq yenə də məcburi köçkün ailəsi evdən çıxmır. “Mən tibb bacısıyam, maaşım da 170 manatdır. Mən bununla kirayə pulu ödəyim, ya uşaqlarıma verim. O, qaçqının pulu mənimkindən də çoxdur. Mənə deyir ki, mənə 10 min AZN pul verin sonra çıxım. Mənim pulum hardandır" - deyə evin öz sahibi bildirir. ANS əməkdaşları həmin binanın 3-cü mərtəbəsində olan mənzilin qapısını döysə də, açan olmayıb. Evdə heç kimin olmadığını görüb qayıdanda isə pilləkəndə məcburi köçkün Nisə Rüstəmova ilə qarşılaşıb. ANS-in çəkiliş qrupunu görən Rüstəmova isə qaçmağa başlayıb. Nisə xanım ayaq saxlamadığından suallara cavab almaq mümkün olmayıb. Daha sonra isə suallardan qaçan xanımın həyat yoldaşı Sərdar Rüstəmov ilə telefon əlaqəsi qurulub. Məcburi köçkün bildirdi ki, sözügedən ünvanda 1992-ci ildən məskunlaşıb. Artıq ev alması üçün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət də edilib. Sərdar Rüstəmov vəd də verdi ki, onlara ev verildiyi gün mənzilin açarlarını həqiqi sahibi olan Zülfüqarovlara təhvil verəcək, aralarında da pul söhbəti olmayıb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinədən isə bildirdilər ki, Rüstəmovlar ailəsi 2016-cı ilə qədər evlə təmin ediləcək. Ümid edək ki, hər şey yolunda gedər və verilən vəd də reallaşar. Geri qayıt |