Əsas Səhifə > Güney Press > ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır
ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır26-12-2024, 19:02 |
Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri rusiyalı həmsədrlə 2022-ci ilin fevralından təmasları kəsib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. “2022-ci ilin oktyabrın 6-da Praqada keçirilən Azərbaycan, Ermənistan, Fransa və Avropa Birliyinin sammitinin nəticələrinə əsasən, Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin kardinal şəkildə dəyişməsi ATƏT-in Minsk Qrupunun mandatının aktuallığını itirməsi ilə nəticələnib”, - Zaxarova qeyd edib. O qeyd edib ki, Minsk konfransının bütün strukturları - Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu, ATƏT-in fəaliyyətdə olan sədrinin Qarabağ məsələsinin həlli üzrə şəxsi nümayəndəsi vəzifəsi ləğv edilməlidir. Politoloq Asif Nərimanlı "Sherg.az"a söyləyib ki, Rusiya tərəfi Minsk Qrupunun ləğvində əvvəldən maraqlı olub: "Zaxarovanın da qeyd etdiyi kimi Praqada keçirilən görüşdə Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkibi hissəsi kimi tanıdıqdan sonra faktiki olaraq münaqişə həll olundu. Xankəndində separatizmin ləğvinin ardınca isə suverenlik bərpa edildi. Nəticədə Minsk Qrupunun de-fakto fəaliyyəti dayandırıldı. ATƏT-in Minsk Qrupunda öz həmsədrini region üzrə nümayəndə olaraq dəyişdirəndə ilk Rusiya, daha sonra isə digər ölkələr bu addımı atdı. Rusiya bu prosesdə ona görə maraqlıdır ki, Minsk Qrupunda təmsil olunsa da Qərb qüvvələrinin regiona müdaxiləsi daha sürətlidir. Münaqişənin həllinə qədər Rusiya, ABŞ və Fransanın Qarabağ məsələsində maraqları uzlaşırdı. Lakin 44 günlük müharibə və Rusiya-Ukrayna savaşının başlamasından sonra artıq bütün proses yeniləndi. Yəni bu qüvvələr arasında heç bir ortaq maraq və çıxar qalmadı. Buna görə də Rusiya ATƏT-in Minsk Qrupunun ləğvini aktuallaşdırmağa başladı. Qrupun hələ də de-yure mövcud olması ABŞ və Fransanın regional müdaxiləsi imkanının qalması deməkdir. Buna görə də Rusiya bu məsələni xüsusilə vurğulayır. Digər tərəfdən ATƏT-in Minsk Qrupunun qalmasında maraqlı olan tərəflərdən biri Ermənistandır. Həmçinin erməni tərəfi də anlayır ki, münaqişə həll edilib və Minsk Qrupunun fəaliyyətinin qalması mümkün deyil. Sadəcə olaraq Ermənistan cari dövrdə Azərbaycanla danışıqlarda bu qurumun ləğv edilməsi məsələsinə bir növ rıçaq kimi istifadə edir. Yəni hər hansı bir məsələdə öz maraqlarının təmin edilməsi üçün punktorlar saxlayır. Ermənistan Minsk Qrupunun ləğv edilməsi tələbinə razı olarsa, qarşılığında hər hansı istəyinin təmin edilməsini istəyəcək. Əslində Paşinyan son müsahibəsində dolayısı ilə buna işarə etdi. Minsk qrupunun ləğv edilməsindən danışanda qeyd etdi ki, münaqişə yoxdursa, niyə Qərbi Azərbaycan məsələsi gündəmə gətirilir? Yəni Ermənistan istəyir ki, Azərbaycanın "Qərbi Azərbaycan" konsepsiyasından imtina etsin". Politoloqun sözlərinə görə, gələcəkdə Minsk qrupunun qalması nəticəsində Ermənistan üçün regionda şərtlər dəyişəcəyi halda yenidən Azərbaycana qarşı ərazi iddiaları irəli sürəcək: "Bu qurum ermənilərin "Qarabağa qayıdışının və təhlükəsizliyinin təmin edilməsində" beynəlxalq mexanizm rolunu oynaya bilər. Qərb, xüsusilə də Fransa bu mövzuda maraqlıdır. Çünki Fransa regionda bütün proseslərdən kənarda qalıb. Həmçinin Minsk Qrupunun de-yure qalmasından Azərbaycana təzyiq etmək və regiondakı hadisələrdə formal olsa belə qalmaq üçün istifadə edir. ABŞ isə birbaşa maraqlı tərəf kimi görünmür. Lakin bu da situasiyanın inkişafından asılıdır. Yəni ABŞ-ın özü də Cənubi Qafqazda daha çox iştirakçı tərəfdir, yəni bu və ya digər mənada maraqlı ola bilər. Ümumiyyətlə ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır. Çünki münaqişə artıq həll edilib. Üstəlik bunun de-yure mövcud olması nəyisə dəyişdirmir. Əksinə ATƏT-in Minsk qrupunun saxlanılmasını istəyənlər itirən tərəfdir". Geri qayıt |