Əsas Səhifə > Güney Press > Müharibə və qırğınlar dayanmayacaq…
Müharibə və qırğınlar dayanmayacaq…Dünən, 16:52 |
Hazırda dünyada əsasən üç qarşıdurma, üç gərginlik nöqtəsi var: Rusiya-Ukrayna, HƏMAS-İsrail və Suriya. 2022-ci ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsi hələ də davam edir. Hər iki tərəf öz maraqları kontekstində prosesin başa çatmasını istəyir. ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsində Donald Trampın qələbə qazanması ilə Ukrayna müharibəsinin başa çatacağına ümidlər artdı. Belə ki, o, təbliğat ərəfəsində prezident seçilərsə, müharibəni bir günün içərisində dayandıracağını bildirmişdi. Digər tərəfdən HƏMAS-İsrail qarşıdurmasında da sakitlik müşahidə edilir. Son proses isə Suriyadakı məlum vəziyyətlə əlaqədardır. 53 illik Bəşər Əsəd rejiminin devrilməsi, yeni hökumətin qurulması üçün görülən işlər və s. 2025-ci ildə sözügedən gərginlik nöqtələrinin hansının daha erkən bitəcəyi maraq doğurur. Bu münaqişələr səngiyəcək? Yoxsa yeni ildə daha da şiddətlənə bilər? Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, 2025-ci ilə sayılı günlər qalıb və artıq yeni il üçün müxtəlif proqnozlar verilməyə başlayıb: “Dünyada gedən üç gərginlik, müharibə və qarşıdurma nəticəsində bizi nələrin gözləyəcəyi barədə müxtəlif fikirlər səsləndirilir. 2025-ci il daha çox gərginliklərlə yadda qala bilər. Sözügedən müharibələr dünya iqtisadiyyatına neqativ təsir göstərir. Yaxın Şərqdəki gərginliklər, Rusiya-Ukrayna müharibəsi bütünlükdə iqtisadi problemlərin yaranmasına səbəb olur. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmədən sonra müharibələri dayandıracağına böyük ümid var. Lakin bu arzu, istək olaraq qalacaq. Çünki müharibənin bitməsi rəsmi Vaşinqtonun maraqları çərçivəsində nəzərdən keçirilir. Ukrayna müharibəsində Rusiya öz ambisiyalarından geri çəkilmir. Ukrayna da öz ərazi bütövlüyünü təmin etmək niyyətindədir. Bu da vəziyyəti çıxılmaza doğru aparır. Hər iki tərəf təkidlə öz maraqlarını təmin etməyi istəyəcəksə, bu müharibəni daha şiddətli mərhələyə aparacaq. Hətta NATO ilə Rusiyanın hər hansı formada toqquşmasının yaranacağı ehtimalı da var. Digər məsələlərə gəlincə, yeni ildə ümumilikdə bütün istiqamətlərdə hərəkətlilik müşahidə edilə bilər”. Geri qayıt |