Əsas Səhifə > Güney Press > Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı
Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı21-12-2024, 11:02 |
“Erməni elitasının məsuliyyətsiz davranışı ucbatından Ermənistanın arsenalına daxil olan Fransanın hava hücumundan müdafiə sistemləri mülki avialaynerlər üçün təhlükə yaratmağa qadirdir”. Bunu rusiyalı politoloq İqor Korotçenko “Moskva-Bakı”ya müsahibəsində deyib (Axar.az). “Ümumiyyətlə, Ermənistan üzərində Qərb texnologiyalarına əsaslanan, müvafiq sistemli məlumat ötürmə vasitələri ilə NATO hava hücumundan müdafiə bölməsinin yerləşdirilməsinin regionun təhlükəsizliyinə təhdid olduğu aydındır. Qərbin hava hücumundan müdafiə çətiri Ermənistanda yerləşdirildikdən sonra İrəvanda istənilən an xarici hərbi bazaların, regiondankənar oyunçuların - Fransanın, ola bilsin ki, AB-nin bazalarının quraşdırılmasını görə bilərik. Bunun üçün maddi baza hazırlanır. Qərbin hərbi mövcudluğu üçün ən vacib şərt Ermənistan üzərində Qərbin hava hücumundan müdafiə ”çətiri"dir. Ona görə də bütün bunlar mərhələ-mərhələ həyata keçiriləcək", - Korotçenko bildirib. Bəs NATO-nun mühüm üzvü Türkiyə bu prosesə necə baxacaq? Alyansın Ermənistan üzərində “müdafiə çətiri” yaratması Ankarasız mümkünmü? Fransanın hava hücumundan müdafiə sistemləri mülki təyyarələrə gerçəkdənmi təhlükə yarada bilər? Onu da qeyd edək ki, məlumatlara görə, AB-nin sərhəddəki yarımhərbi missiyası iki ildir Türkiyə ərazisi üzərində də casusluq fəaliyyəti ilə məşğuldur. Üstəlik də, NATO “çətiri”? Mümkünmü? Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, ümumiyyətlə, son zamanlar dünyada hava hücumundan müdafiə sisteminin mükəmməl olması vacib amillərdən birinə çevrilib: “Son bir neçə ildə müharibələr - həm Dağlıq Qarabağda, həm də yaxın ərazilərdə, xüsusən Rusiya-Ukrayna müharibəsi bunun əhəmiyyətini bir daha göstərdi. Biz şahid olduq ki, hava hücumundan müdafiə sistemləri müasir dövrdə təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Hazırda NATO dövlətləri, Avropa Birliyi və ümumiyyətlə, Türk dünyası bu sahədə sistemlərin gücləndirilməsi istiqamətində müxtəlif addımlar atmaqdadır. Bildiyimiz kimi, Ermənistanın hava hücumundan müdafiə sistemi 44 günlük müharibəsindən sonra təxminən 30-35% nisbətində qorunub saxlanılmışdır. Çünki əsas arsenalı keçmişdə Qarabağ ərazisində yerləşirdi və Azərbaycan ordusu bu arsenalı məhv etdi. Bu gün Ermənistan həm hücum, həm də müdafiə silahları əldə etməyə çalışır. Əsasən Fransadan hava hücumundan müdafiə sistemlərini təmin edir. Hava hücumundan müdafiə sistemi mövcuddur, lakin vurğulanmalıdır ki, bu sistemin tamamilə özünəməxsus və müstəqil olmadığı qeyd edilir. Rusiyada Su-35 qırıcılarının müəyyən etmə sistemləri mövcuddur. Yəni bizim arsenalda olanlar, həm özümüz istehsal etdiyimiz, həm də digər dövlətlərdən əldə etdiyimiz arsenallar, özgəninki və dost-düşmən tanıma funksiyasına malikdir. Eyni zamanda, düşünürəm ki, Ermənistan silahlı qüvvələrində də bu cür imkanlar mövcuddur. Lakin Fransadan alınan hava hücumundan müdafiə sistemlərinin hansı gücə malik olduğu barədə məlumatım məhduddur. Hər halda, Korotçenko bunu araşdırıb və müəyyən nəticələr əsasında açıqlama verə bilər. Əlbəttə, Ermənistanın əldə edəcəyi müdafiə sistemi mülki aviasiya üçün də, həm də də digər hava hədəflərinə qarşı hansısa bir təhlükə təşkil edə bilər. Ermənistanın belə güclü silahlanması və hərbi büdcəsinin artırılması prosesi aparılır. Ermənistanın hərbi büdcəsi 2025-ci ilə qədər 1,7 milyard dollara çatdırılacaq. Bu da yalnız 30 minlik ordunun saxlanması deyil, həmçinin daha güclü silahların əldə edilməsini nəzərdə tutur. ABŞ-ın onu dəstəkləməsi burada böyük əhəmiyyət daşıyır. Həm Rusiya, Fransa, həm Hindistan, həm də digər dövlətlərlə Ermənistan birbaşa sazişlər imzalayır və müxtəlif silahlar, o cümlədən hücum və müdafiə xarakterli silahlar əldə edir. Əlbəttə, Ermənistan yalnız Azərbaycanla deyil, həmçinin Türkiyə, İran və Gürcüstanla sərhədə malikdir. Bu səbəbdən, Ermənistanın bu silahları həmin dövlətlər üçün də təhlükə yarada bilər. Xüsusilə, hava hücumundan müdafiə sistemlərinin digər istiqamətlərə yönəldilməsi həmin dövlətlərin hava məkanına qarşı təhlükə təşkil edə bilər. Eyni zamanda, o müşahidə missiyası əvvəlcə razılaşmaya əsasən 60-70 nəfərdən ibarət olmalı idi, lakin hazırda onların sayı 3-4 dəfə artırılıb. Bu müşahidəçilər təkcə Azərbaycanın sərhəd bölgələrində deyil, həm də İran və Türkiyə sərhədlərində müşahidələr aparırlar. Türkiyə isə NATO üzvü olmaqla yanaşı, həm də öz müstəqil hərbi siyasətini həyata keçirir və bu istiqamətdə addımlar atır. Hesab edirəm ki, Türkiyə dövləti bu vəziyyətdən məlumatlıdır və gələcəkdə də bu məsələlərə xüsusi diqqət göstərəcək. Ermənistan isə həmişə Türkiyəyə və Azərbaycan dövlətinə qarşı düşmənçilik siyasəti yürütməkdə davam edir". Ekspert vurğuladı ki, bu gün Ermənistanın hərbiləşdirilməsi onu gələcəkdə Azərbaycanla sülh müqaviləsi bağlamaqdan yayınmağa cürətləndirir: “Görünən odur ki, Paşinyan hakimiyyəti hələ də 44 günlük müharibədən nəticə çıxarmayıb və gələcəkdə ərazi iddiaları ilə Azərbaycana qarşı hər hansı bir təxribat törədə və addımlar ata bilər. Gələcəkdə, xüsusilə Rusiyanın zəifləməsi baş verdiyi təqdirdə, bu təhlükənin artacağı ehtimal olunur. NATO dövlətlərinin, yəni ABŞ-ın, Fransanın və digər NATO dövlətlərinin hərbi bazalarının Ermənistan ərazisində yerləşdirilməsi mümkündür və belə bir addım ata bilərlər. Hazırda ABŞ hərbçiləri Ermənistan Müdafiə Nazirliyində müəyyən ordu quruculuğu istiqamətində işlər görürlər. Təlimlərə gətirdikləri silahların böyük bir hissəsini isə Ermənistan ərazisində saxlayırlar. Bu fakt hər kəsə məlumdur və yəqin ki, bizim Müdafiə Nazirliyimiz də bu istiqamətdə onların addımlarını diqqətlə izləyir. Güman edirəm ki, Avropa Birliyinin sərhəddəki yarımhərbi missiyası hər nə olursa olsun öz fəaliyyətini dayandırmalıdır. Təkcə Türkiyə deyil, həmçinin bizim qonşumuz İran dövləti də bu məsələyə diqqət yetirməlidir. Bu, təkcə Azərbaycan və Türkiyə üçün deyil, İran üçün də bir təhlükədir. Bilirik ki, İran ilə Avropa Birliyi və Birləşmiş Ştatlar arasında müəyyən gərginliklər mövcuddur. Bu gərginlik isə eyni zamanda İran üçün də bir təhdid yaradır. Ermənistanın özünə NATO çətiri yaratması İran və Rusiyanı daha çox narahat etməlidir. Rusiya və İran Ermənistanın Korotçenkonun dediyi hava hücumundan müdafiə sistemlərinə malik olmasının qarşısını almalıdır". Siyasi şərhçi Mütəllim Rəhimov isə bildirdi ki, Ermənistan indi də regionda pozuculuq fəaliyyətini tamamilə fərqli bir formada həyata keçirir. Sanki bu ölkə mütləq kimlərinsə əlaltısı funksiyasını yerinə yetirməyə məhkumdur. Rusiyadan qopmağa çalışan Ermənistan, hazırda Qərbə yönəlik siyasət aparır və Qərbin diktəsi ilə oturub durmağa çalışır. Eyni zamanda Qərbin müdafiəsini təmin etməklə region üçün təhlükə yaradır: “Hazırda hava məkanında Fransanın müdafiə sistemini tətbiq etməklə qonşuları üçün ciddi narahatlıq yaradıb. Bu müdafiə sistemləri hərbi obyektlərlə yanaşı mülki təyyarələri də izləmək imkanına malikdir. Bu isə o deməkdir ki, faktiki olaraq Fransa Ermənistan üzərindən keçən istənilən hava gəmisinə nəzarət edə bilir. Onlarda nə daşındığı haqda anındaca məlumatlar toplayır. Bu çox ciddi faktordur. Üstəlik, hava hücumundan müdafiə sistemlərinin NATO-ya inteqrasiya olunması regional tarazlığın pozulmasına gətirib çıxarır. Bu Rusiya üçün cənubdan təhdid deməkdir. Azərbaycan üçün isə işğalçı Ermənistanın ruhlandırilması və hərbi baxımdan dəstəklənməsi anlamına gəlir. Ermənistan üçün müdafiə çətirinin yaradılmasında ən çətin vəziyyətdə Türkiyə qalır. NATO-nun nizamnaməsinə əsasən Alyansın bütün üzvləri onun məlumatlarından istifadə etmək hüququna malikdir. Amma bu Ankaranı tamamilə qane edə bilməz. Çünki Fransanın bütün məlumatları Türkiyə ilə bölüşəcəyinə heç bir qarantiya yoxdur. Qərbdə də deyildiyi kimi NATO ”beyin ölümü" keçirib. Son vaxtlar NATO üzvü olan Qərb ölkələrinin bəzilərinin Türkiyəyə münasibəti də səmimi deyil və kifayət qədər hiss edilən gərginlik yaşanır. Buraya Yunanıstan, Fransa və s. aid edilə bilər. Ona görə də indi əsas məsələ Ankaranın mövqeyidir". Ekspert qeyd etdi ki, Ermənistanın bu oyunları Türkiyə üçün hər hansı bir təhdid yaradacaqsa Ankara buna qarşı çox sərt mövqe nümayiş etdirəcək. Ermənistan üzərindən həmişə Türkiyəyə qarşı oyunlar qurulub, xüsusilə uydurma erməni genosidi məsələsində. Yenə də Ermənistanın boş dayanmadığı gorünür. Bu dəfə tamamilə fərqli və daha təhlükəli səkildə. Təbii ki, bunun da cavabı daha sərt şəkildə verilməlidir. Geri qayıt |