Əsas Səhifə > Güney Press > AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib
AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilibBu gün, 10:18 |
Dekabrın 20-də Azərbaycan Milli Xalça Muzeyində görkəmli mütəfəkkir Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Füzuli eşqi” adlı tədbir keçirilib. Prezident İlham Əliyevin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı imzaladığı sərəncama əsasən təşkil edilən tədbirdə muzeyin Ənənəvi texnologiya şöbəsində ərsəyə gətirilən “Füzuli eşqi” xalçası təqdim olunub. Onun üzərində qüdrətli sənətkarın portreti və əsərlərindən misralar verilib. Muzeyin baş rəssamı, Əməkdar rəssam Taryer Bəşirovun müəllifi olduğu bu sənət nümunəsi qədimdə geniş istifadə edilən, son dövrlər unudulan dolama texnikasında hazırlanıb. Əsər 2024-cü ildə peşəkar xalçaçılar Lalə Manafova və İlhamə Əhmədova tərəfindən 3 ay müddətində toxunub. Tədbirdə həmçinin Beynəlxalq Muğam Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Cahangir Cahangirov adına Xorun konsert proqramı təqdim olunub. Konsertdə ölməz bəstəkarlar Üzeyir Hacıbəyli, Süleyman Ələsgərov, Cahangir Cahangirov və Əşrəf Abbasovun Məhəmməd Füzulinin əsərlərinə bəstələdiyi musiqilər ifa edilib. Xorun bədii rəhbəri Əməkdar müəllim Təranə Yusifovadır. Burada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri “Leyli və Məcnun” əsəri əsasında pantomim tamaşa göstəriblər. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub "DİA-AZ" Geri qayıt |