Əsas Səhifə > Güney Press > Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü?

Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü?


Dünən, 17:14
Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü?
Əvvəlki yazı

4-cü hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü?

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

Fransanı “Nümunəvi Respublika” kimi təqdim edən Emmanuel Makronun cəlbedici görüntüləri və gözəl çıxışları arxasında, onun yaratdığı bulanıq siyasi super-prezidentlik, Qərb demokratiyasından seçilən, respublika monarxiyasına daha çox bənzəyən bir sistem dayanır. Bu arxaik siyasi mexanizmlər, prezidentin lap yaxın çevrəsindəki adamlar tərəfindən tamamilə qəbul olunub və mükəmməl bir şəkildə həyata keçirilir. Aleksandr Benalla – murdar hərəkəti ilə bütün ölkədə böyük qalmaqala səbəb olan bu adam da – prezidentin yaxın çevrəsinə daxildir.

“Əslində, Yelisey sarayında hər şey, sizin prezidentlə nə qədər yaxın olub-olmadığınız üstündə qurulub. Məsələn, prezident sizi görəndə gülümsəyirmi, sizi adınızla çağırırmı və sairə... Bu şah sarayına mənsub olan bir fenomendir”. Bu sözləri Arian Şeminin və Fransua Krüqun may ayının 1-də baş verən skandal haqqında yazdıqları məqalədən bir neçə gün sonra prezidentin keçmiş “missiya icraçısı” Le Monde qəzetinə verdiyi müsahibəsində deyib.

Bu məsələ (Benalla məsələsi) sadəcə bir “yay serialıdır” deyə prezidenti dəstəkləyənlərdən biri, bu skandalı minimuma endirməyə cəhd edir. Bu hadisə həm prezidentin özünü, həm onun çevrəsini, eləcə də bütün dövlət qurumlarını əməlli-başlı vəlvələyə salmışdı. Biz bu məsələ barəsində sonrakı səhifələrdə ətraflı danışacağıq. İyulun sonunda, mayın 1-də baş verən hadisənin ortaya çıxmasından bir müddət sonra indiyə qədər bu məsələ barəsində heç bir fikir bildirməyən dövlət başçısı Latın Amerikası Evindəki toplantıda ona sadiq adamların qarşısında Aleksandr Benalla haqqında danışıb ona haqq qazandırandan sonra gurultulu alqışlar altında qətiyyətlə əlavə edir: “Bu məsələdə yeganə cavabdeh ancaq və ancaq mən özüməm. Nə istəyirlər qoy mənə eləsinlər”.

Bir neçə həftə sonra bu sözləri deyən adam Avropa1 radiosunun mikrofonu qarşısında jurnalistlərdən xahiş etdi ki, onun keçmiş həmkarına (Benalla) qarşı bir az “mərhəmətli” olsunlar. Nə səbəbə prezident əvvəl dediyini indi inkar edir? Məsələ burasındadır ki, istintaq zamanı ortaya çıxdı ki, Aleksandr Benalla prezidentliyə namizəd Makronun seçki kampaniyası zamanı istifadə etdiyi bütün gizli şəbəkələrin sirrini bilir. Ona görə də o vaxt prezidentliyə namizədin Çad ölkəsinə səfəri ilə bağlı qalmaqallı məsələlərin, eləcə də onun şübhəli Fransa-Afrika əlaqələrinin qəflətən ortaya çıxması, dövlət başçısının danışıq tonunda bəzi dəyişikliklər yaratdı. Prezidentin mətbuat xidməti ölkəyə çatdırdı ki, Aleksandr Benalla Yelisey sarayında “heç vaxt nə rəsmi, nə də qeyri-rəsmi vasitəçi olub”. Göründüyü kimi hakimiyyətdə olan şəxs, heç üzdə də olsa, özünün keçmiş missiya icraçısına dayaq durmur. Ancaq buna baxmayaraq, birbaşa hakimiyyətə ünvanlanan bir çox suallar cavabsız qalır: “Nəyə görə Yelisey sarayı mayın 1-də baş verən qalmaqallı məsələdən sonra prezidentin keçmiş köməkçisini müdafiə etdi? Aleksandr Benallanın evindəki seyf niyə yoxa çıxdı? Onu kim və nə üçün aradan götürdü? Hansı səbəblərə görə bu adamda iki diplomatik pasport və iki xidmət pasportu olub? Niyə həm prezidentin özü, həm də onun bəzi yaxın əməkdaşları Aleksandr Benalla prezident sarayından birdəfəlik gedəndən sonra onunla əlaqə saxlamaqda davam ediblər?”. Ümidvarıq ki, əlinizdəki bu kitab sizə bu cür çoxsaylı sualların cavablarına aparan yeni-yeni yollar göstərəcək. 2019-cu ilin fevralında senatorların mətbuatda nəşr olunmuş hesabatlarından məlum oldu ki, Aleksandr Benalla ilə bağlı bu skandal, prezident sarayında baş verən “əsas disfunksiyaların” üstünə çox güclü və gözqamaşdırıcı bir işıq salır. Mediapart saytı üzə çıxardı ki, Vəncan Qras və onun “şilləvuranı” Aleksandr Benalla rus oliqarxları İsgəndər Mahmudov və Fərhad Əhmədovla 2,2 milyon avro müqabilində təhlükəsizlik müqavilələri imzalayıblar! Bu ifşaların qarşısında prezidentin yaxın köməkçiləri və onun mətbuat xidməti bütün günahları keçmiş “missiya icraçısı” Aleksandr Benallanın boynuna qoydular – hər şeyin günahı ondadır. Mediada onların bu taktikasını “yeganə fiksasiya nöqtəsi” adlandırdılar. Benalla serialında hər gün yeni faktların ortalığa çıxması nəticəsində, dövlət başçısının cavabdehliyi onun yaxın və sadiq adamları tərəfindən tədricən kənara qoyuldu. 17-ci əsrdə qələmə alınan Saray Adamı əsərinin müəllifi Baltasar Qrasian yazırdı: “İnsanı dostlarına görə mühakimə edərlər”.

Geri qayıt