Əsas Səhifə > Güney Press > “Aqressiyalaşan” MƏKTƏBLƏR
“Aqressiyalaşan” MƏKTƏBLƏRDünən, 12:56 |
Ötən günlərdə bir müəllimin şagirdə stol atdığını əks etdirən görüntülər yayılmışdı. Bu cür görüntüləri, xəbərləri təəssüf ki, çox görmüşük. Maraqlısı isə odur ki, bu cür görüntülər yayıldıqda insanların şərh bölməsində təzyiq göstərən müəllimlərə haqq qazandırdıqlarını görürük. Ümumiyyətlə, cəmiyyətimizdə hər zaman belə bir düşüncə var ki, müəllimlər ipə-sapa yatmayan uşaqları vura da bilər, müxtəlif üsullarla cəzalandıra da bilər. Bunu da çox vaxt valideynlərin uşaqlarına verdiyi tərbiyənin doğru olmaması ilə əlaqələndirirlər. Müəllimlər də öz növbələri də şagirdləri sakitləşdirə bilmədiklərini, dərsi pozduqlarını, uyğunsuz hərəkətlər etdiklərini əsas gətirərək öz aqresiyalarına haqq qazandırırlar. Bəs kim haqlıdır? Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Bizim.Media-ya bu barədə danışıb. “Müəllimin aqressiv davranışlarına heç bir halda haqq qazandırıla bilməz. Bu cür hadisələr həm müəllimlərin, həm də cəmiyyətin dəyərlər sistemində ciddi problemlərdən xəbər verir. Müəllim, peşəkar olaraq uşaqların tərbiyəsi və təliminə məsuliyyət daşıyan şəxsdir. Valideynin evdə verdiyi tərbiyə vacibdir, amma bu, müəllimin təhsil prosesində uşağa qarşı aqressiya göstərmək hüququ yaratmır. Müəllim peşəkar davranış qaydalarına riayət etməli və uşaqları təhlükəsiz bir mühitdə təhsil almalarına çalışmalıdır. Məktəblərdə hüquq və psixologiya fənlərinin tədrisinə ehtiyac var. Sağlam cəmiyyətin formalaşması üçün məktəblərdə hüquq və psixologiya elmləri sahəsində müntəzəm maarifləndirmə fəaliyyətləri aparılmalıdır”. Cəmiyyətin müəllimlərə olan münasibəti Psixoloq qeyd edib ki, cəmiyyətdə müəllimlərin aqressiv davranışları iş yükü, onlara stress və psixoloji dəstəyin olmaması ilə əlaqədar ola bilər: “İnsanlar bəzən müəllimlərin ağır şəraitdə çalışdıqlarını əsas gətirərək, onların aqressiv hərəkətlərinə haqq qazandırırlar. Uşaqların hüquqlarının pozulmasına və təhlükəsizliyinin təhdid edilməsinə imkan verilməməlidir. Heç bir şəraitdə müəllimin fiziki və ya psixoloji zorakılığı normal sayıla bilməz. Məktəblər uşaqların təhlükəsizliyi və rifahı üçün nəzərdə tutulan yerlərdir. Müəllimlərin hər hansı aqressiv davranışı uşaqlarda travma yarada bilər və təhsil mühitinə ciddi zərər verə bilər”. Müəllimlərə psixoloji dəstək Həmsöhbətimiz müəllimlərin psixoloji dəstək almasının vacibliyinə xüsusi diqqət çəkib: “Valideynlər və müəllimlər arasında daha sıx əməkdaşlıq qurulmalıdır ki, uşağın davranış problemləri birlikdə həll edilsin. Cəmiyyət zorakılığa bəraət qazandırmaq əvəzinə, problemin həlli yollarını müzakirə etməlidir. Müəllimlər iş stressini idarə edə bilmək üçün məktəb psixoloqları ilə birlikdə addımlar atmalıdırlar. Mənfi emosiyaların inkişaf etməməsi üçün müəllimlər psixoloji dəstək almalıdırlar. Gələcək üçün uşaqların təlim və tərbiyəsində məsuliyyət olmalıdır. İnsanı şəxsiyyət olaraq formalaşdırmaq üçün ailədə, məktəbdə və digər mühitlərdə böyüklər kiçiklərə qarşı məsuliyyətli davranmalıdır”. Geri qayıt |