Əsas Səhifə > Güney Press > Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıbDünən, 10:45 |
Ermənistan, Yunanıstan və Kipr arasında müdafiə məsələlərinə dair keçirilən məsləhətləşmələrin yekunu üzrə üçtərəfli əməkdaşlıq proqramı imzalanıb. “Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, dekabrın 19-da Afinada əvvəlcə Ermənistan və Yunanıstan arasında ikitərəfli məsləhətləşmələr, daha sonra isə Ermənistan-Yunanıstan-Kipr üçtərəfli məsləhətləşmələri keçirilib. Ermənistan Müdafiə Nazirliyindən məsləhətləşmələrdə Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Məsləhətləşmələr zamanı 2024-cü il ərzində müdafiə sahəsində əməkdaşlıq istiqamətində görülən işlərin nəticələri və 2025-ci il üçün planlar müzakirə edilib. "Məsləhətləşmələrin sonunda 2025-ci il üçün Ermənistan-Yunanıstan ikitərəfli və Ermənistan-Yunanıstan-Kipr üçtərəfli əməkdaşlıq proqramları imzalanıb. Bu proqramlar silahlı qüvvələrin müxtəlif fəaliyyət sahələrində onlarla tədbiri əhatə edir", - məlumatda qeyd olunub. Tərəflər müdafiə sahəsində məsləhətləşmələrin mütəmadi qaydada keçirilməsinin vacibliyini vurğulayıblar. Geri qayıt |