Əsas Səhifə > Güney Press > Bakının tükənməz
Bakının tükənməzBu gün, 13:58 |
Bu gün şəhərin hansı istiqamətinə getmək istəsən tıxaca düşürsən. Müvafiq qurumlar guya çalışır ki, şəhəri "piyadalar şəhəri"nə çevirsin. Amma unudurlar ki. Bunun üçün öncə müvafiq infrastruktur olmalıdır. Saatlarla avtobus gözləyən, istifadə etdiyi avtobus xarab olduğu üçün yolda qalan bununla belə ödədiyi yol pulu geri qaytarılmayan, metroda tanımadıqları insanlarla az qala qohumluq əlaqəsinə girən, mindiyi sürət qatarı yolda nasazlayan sərnişin kimin boynuna minib işyerinə gəlməlidir? Şəhərin piyadalar şəhəri olması üçün öncə sakinlərin normal hərəkətini təmi etmək lazımdır. Bunun üçün hansı prosedurlardan keçməliyik? Etiraf edək ki, nə dəmiryollarımız, nə metromuz Bakının piyadalar üçün rahat şəhərə çevrilməsinə şərait yaradacaq qədər inkişaf etməyib. Hələ yadınıza gəlirsə, şəhər daxilində tramvay istifadəsindən danışırdıq... Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, şəhər özü böyük canlı orqanizmdir. Ekspertin sözlərinə görə, pandemiyadan sonra istehlak zənciri pozulub, axınlar qarışıb: “Eyni zamanda bir çox hadisələr baş verib ki, ictimai nəqliyyata da fəsadsız ötüşməyib. Son bir ildə “mobilliyin tranformasiyası” layihəsi çərçivəsində yumşaq islahatın elementlərini müşahidə edirik. Yəni mövcud infrastruktur daxilində az xərclə daha tez nəticə verən həllər- avtobus zolağı, mikromobillik zolağı şəbəkəsi yaradılıb. Avtobus parkına elektrobuslar gətirilib”. Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Rauf Ağamirzəyev Ekspert hesab edir ki, qısa zamanda biz bunun nəticəsini gördük, amma bunun ardı olaraq sərt islahatlar gəlməlidir. Rauf Ağamirzəyevin sözlərinə görə, bu da daha böyük investisiya tutumlu layihələr olmalıdır: “Bu da şəhərin əsas yükünü götürə bilən və mobilliyin təminatı üçün relsli nəqliyyatın olmasıdır. Yerüstü metro funksiyasını daşıyan şəhərətrafı elektrik qatarı olmalıdır. Şəhərin daxilində 57 yaşlı metro inkişaf etməlidir. Bir deyil, bir neçə marşrut olmalıdır ki, nəqliyyat sistemi daha sağlam fəaliyyət göstərə bilsin”. Rauf Ağamirzəyev deyir ki, keçən ilin yayında 60 faiz 1-3 kilometr məsafəni taksi və fərdi nəqliyyatla hərəkət edirdi. Taksi yaşının azaldılaraq, 8 yaşa qədər olan avtomobillərin taksi bazarında fəaliyyət göstərilməsinin tələbi, müvafiq sertifikatların tələbi umumi taksi bazarında fərqli bir vəziyyət yaratdı, saya və qiymətə təsir etdi. Taksiyə müraciət edən sərnişinlərin 50 faizi səfərlərini avtobusla, 20-25 faizi metro ilə təşkil etməyə başladı. Ekspert bildirib ki, növbəti mərhələdə biz müşahidə edirik ki, metronun özünə də ciddi investisiyalar tələb olunur ki, mövcud şəbəkə daha sağlam fəaliyyət göstərsin. “Bu gün Bakı Metropoliteninin üç xətti; qırmızı yaşıl və bənövşəyi xətti, iki deposu var. Bu da texniki olaraq əlavə problemlər yaradır. Həmçinin şəhərin dairəvi hərəkətini təmin edən xətti mövcud deyil. Bu da mövcud xəttin yüklənməsinə səbəb olur. Texniki məhdudiyyət yaradan infrastruktur həlləri təxirə salınmadan icra olunmalıdır. Yəni Xətai-Həzi Aslanov arası əlaqəni təmin edən xətt və stansiyaların sayını artırılması, xətlərin ayrılması layihəsi həyata keçirilməlidir. İndiki halda bu “28 May”da axınların qarışmasına səbəb olur. Amma xətlər ayrılarsa, burada artıq qırmızı xətdə hərəkət edən sərnişin, yaşıl xətdə davam etmək üçün “28 May” stansiyasında düşüb, “Cəfər Cabbarlı” stansiyasına keçid edib, “Cəfər Cabbarlı” stansiyası üzərindən hərəkətini davam edəcək. İndiki halda “Cəfər Cabbarlı” stansiyası yalnız “Xətai” stansiyasını əlaqələndirir. Biz “28 May” stansiyasında daha mürəkkəb bir vəziyyət müşahidə edirik. Həmçinin “Dərnəgül-Koroğlu” stansiyaları arasında xəttin tikilməsi, “Koroğlu” stansiyasındakı yükün azalmasına gətirib çıxaracaq. 2016-cı ildən fəaliyyətə başlayan yeni bir xəttin bənövşəyi xəttin şəhərin mərkəzinə kimi gətirilməsi, şimal istiqamətindən gələn sakinlərimizi daha uzun platformalı, yəni 7 vaqonu qəbul edə bilən 1 platformalı xəttin şəhərin mərkəzinə kimi gəlməsi, bu da şəhərə əlavə bir üstünlük verəcək”-deyə nəqliyyat eksperti əlavə edib. Rauf Ağamirzəyevin fikrincə, metroda sərnişin axınının parçalanmasına xidmət edə biləcək digər həllər də var. Ekspert qeyd edib ki, “Dərnəgül” metrostansiyasının yaxınlığında dəmiryolu keçir: “O dəmir yoluna dayanacaq verilərsə, şimaldan gələnlər artıq “28 may” stansiyasına gəlmədən “Dərnəgül” stansiyasında düşüb və “Elmlər Akademiyası” stansiyası istiqamətinə və yaxud yaxınlığında iş mərkəzinə gedə bilər. Eyni zamanda Əhməd Rəcəbli küçəsinə çıxışı təmin edən “Keşlə” dayanacağı daha doğrusu qurularsa, bu da birbaşa şəhər mobilliyinə müsbət təsir edər. “Bu işlərin həyata keçirilməsi investisiya tələb edir. “Dərnəgül” deposun tikilməsi də, mövcud xətdə hərəkət edən qatarlarda hərhansı birində qüsur olarsa, problem olarsa “Dərnəgül”-dən çıxış verməklə, indiki çətin vəziyyəti aradan qaldırmış olar. İndiki halda hər hansı bir problem olarsa, bu xətlə bütün xətt dayandırılır və Bakmilə yönləndirilir”-deyən ekspertin fikirncə, müsbət hallardan biri odur ki, COP dövründə Avropa İnvestisiya bankı ilə memorandum imzalandı. Belə ki, artıq 9 stansiyanın tikilməsi haqqında ilkin razılaşma var. Ekspert hesab edir ki, bunun ardı gəlməlidir və təcili tikinti işlərinə başlanmasına ehtiyac var. “Yeni stansiyaların tikintisi şəhər üçün bu dəqiqə hava-su kimi lazımdır. Bununla paralel olaraq dəmir yollarında mövcud şəbəkənin genişləndirməsi, eyni zamanda mövcud şəbəkə üzrə stansiya və qatar saylarının artırılmasına ehtiyac var. Belə olarsa, dəmiryolu yerüstü metro funksiyasını daşıya və daha intensiv ola bilər. İnsanlar qısa vaxt aralığında komfortlu, təhlükəsiz nəqliyyat növü ilə şəhərə gəlirlərsə, gəlməyə imkan varsa fərdi nəqliyyatdan ictimai nəqliyyata keçid edəcək. Biz bunu müşahidə edəcəyik. Göründüyü kimi bu mərhələli şəkildə icra olunacaq. Əsas məsələ odur ki, bu sahələrə investisiyanın artırılmasına da diqqət artırılmalıdır. Yəni mövcud infrastrukturun həm cari təmirinə, mövcud infrastrukturda yüklənməyə səbəb olan yükün parçalanmasına, sərnişin axının parçalanmasına yol açacaq layihələr dəyərləndirilməlidir. Elə layihə var ki, çox qısa zamanda başa gələ bilər, mövcud infrastrukturun müəyyən yükünü azalda bilərsə, onu ayrılıqda dəyərləndirib, icra olunmasını təmin etmək və daha orta və uzunmüddətli layihələrin icrasına da başlamaq lazımdır”-deyə Rauf Ağamirzəyev əlavə edib. P.S.Problemlər göz önündədir. Bakının piyadalar şəhəri olması üçün hələ çox işlər görülməlidir. O ki, qaldı tıxaclara, onun səbəbi təkcə nəqliyyat sistemi ilə bağlı deyil. Bakının inşaat uğruna qarış-qarış satılmasıdır. Bakının yer oldu-olmadı hər küçəsinin göydələnlərlə doldurulmasıdır. Düzgün çəkilməyən yollar, qovşaqlar, səkilər və s. yanlış işlərdir. Qısası, Baba Pünhan demişkən: "Bakının dərdi var, Bakı xəstədir..." Bizimyol.info xəbər portalı Babək prospektinin tıxaclı axşamından görüntüləri təqdim edir: Geri qayıt |