Əsas Səhifə > Güney Press / Ana xəbər > “QMİ nurçularla bağlı yekun rəylə məhkəməyə müraciət etməlidir”
“QMİ nurçularla bağlı yekun rəylə məhkəməyə müraciət etməlidir”16-04-2014, 13:41 |
![]() Güc strukturları tərəfindən nurçu dini təriqətinin nümayəndələrinə qarşı həbslər başladığı ərəfədə Qafqaz Müsəlmanları İdarəsinin fətvası yenidən gündəmə gəldi. “Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda yayılan xəvariclik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənləri təsirinə düşərək dövlətimizin "dini etiqad azadlığı haqqında" qanununa zidd hərəkətlərə yol verən şəxsləri həm müqəddəs dinimizə, həm də xalqımızın, dövlətimizin mənafe və maraqlarına xələl gətirən hərəkətlərini qətiyyətlə qınayır”, - deyə fətvada qeyd olunur. Qafqaz Müsəlmanları İdarəsinin fətvası dini cərəyanlar və dövlət strukturları üzərində hər hansı təsirə malikdirmi? Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, hüquqşünas Fazil Mustafa Hafta.az-a açıqlamasında son günlər aparılan həbslərdən danışdı: “Azərbaycan Respublikasının Konstitusiya quruluşunun dəyişdirilməsi, ictimai asayişin pozulması və başqa xarakterli çağırışlar varsa, buna doğru hansısa addımlar atıla bilər. Yoxsa vətəndaş hansısa dini cərəyana məxsusdur deyə onu həbs etmək, axtarış aparmaq hüquqa ziddir. Daxili İşlər Nazirliyi də, Qafqaz Müsəlmanları İdarəsi də məsələyə bu konteksdən yanaşmalıdır. Xristian, yaxud yəhudi təriqətlərinə aid olan insanların da davranışı kiminsə xoşuna gəlməyə bilər. Azərbaycanda ən çox təbliğ olunan İran tərəfinin dəstəklədiyi məzhəb anlayışı var. Onda buna da münasibət bildirilməlidir ki, başqa ölkənin təbliği aparılır. Azərbaycanda dini qruplaşmaların xüsusi təhlükəsi radikal cərəyanlarda var. Amma radikal olmayan hansısa dini cərəyanlara qarşı savaş açmaq əslində radikallığı stimullaşdırmaqdır. Bu addımlar daha mülayim, normal bir İslam anlayışında olan insanları qorxutmaq kimi də xarakterizə oluna bilər. Bu baxımdan burada məsələyə hüquqi kontekstdən yanaşmaq lazımdır”. Millət vəkili Qafqaz Müsəlmanları İdarəsinin hüquqi səlahiyyətlərinə də toxunub: “Bu, Azərbaycanda hüququn prinsiplərinə uyğun olmayan bir anlayışdır. Çünki QMİ qeyri-hökumət təşkilatıdır. Bir QHT-nin başqaları üzərinə fətva vermək səlahiyyəti yoxdur. Bu sadəcə tarixi ənənə olaraq nəzərdə tutulur. Bu qurum ancaq tarixi ənənələrlə bağlı fətva verə bilər. Yoxsa “bu yaxşıdır, o pisdir” tipli yanaşma doğru deyil. Konkret adlar çəkərək müsəlmanları parçalamaq niyyəti ortaya qoymaq məntiqə sığmır. Baxın, ictimai qaydanı daha çox kim pozur? Yolun ortasında başını yaran, gecəni məsciddə keçirən körpə uşaqlar. Amma bunu o kateqoriyadan yox, milli adət kimi götürürlər. Qalanlarını isə milli adətə zidd hesab edirlər”. İlahiyyatçı Elşad Miri Hafta.az-a açıqlamasında deyib ki, QMİ-nin dövlət qurumları üzərində müəyyən qədər təsiri ola bilər: “Qafqaz Müsəlmanları İdarəsinin fətvasının heç bir hüquqi təsir gücü olmadığını deyə bilərəm. Amma dindarlar yox, müəyyən dövlət qurumları üzərində təsiri ola bilər. Müəyyən cərəyanlarla bağlı hansısa addımlar ata bilərlər. Bu sadəcə, deyilmiş söz olaraq qalır. İlk növbədə məsələnin kökü və alternativ addımlar müəyyənləşməlidir. Məsələnin kökündəki problemə qarşı tezislər ortaya atılmalıdır. Müxtəlif teledebatlar, mediada çıxışlar və həmin qurumun hazırladığı kitablarla həll edilə bilər. Amma əfsuslar olsun ki, bu gün bu halların heç birini müşahidə etmirik”. Ekspert hər hansı bir dini cərəyana qarşı aparılması gərəkən hüquqi proseduru aydınlaşdırıb: “Dini komitə cərəyanların fəaliyyəti ilə bağlı araşdırma aparıb, yekun rəyə gəldikdən sonra məhkəməyə müraciət etməlidir. Bundan sonra məsələ araşdırılmalı və qərar qəbul edilməlidir. Amma dediyiniz cərəyanlarla bağlı faktiki olaraq Azərbaycanda heç bir dini icma qeydiyyatdan keçməyib. Mövcud olmadığına görə nəyini qadağan edəcəklər?! Yığışdıqları məscid yoxdur ki, oradan onları aparsınlar”. E.Miri bildirib ki, qeydiyyat keçməyən dini cərəyan nümayəndələrinə qarşı isə maarifçilik addımları atılmalıdır: “Bu insanlar özlərini hər hansı cərəyan üzvü kimi qəbul etmirlər. Hər birisi bir yerdə işləyən normal şəxslərdir. Bunlarla bağlı yalnız maariflənmə işləri aparıla bilər. Üzərilərinə hücum etməklə bir yerə gedib çıxmaq mümkün deyil. Onda gərək Azərbaycan vətəndaşlarının hər birini inandığı əqidəyə görə tutub həbsə atalar Bu doğru yanaşma deyil”. Geri qayıt |