Əsas Səhifə > Güney Press > “Rusiya onu mühakimə olunması üçün Suriya xalqına verməyəcək”
“Rusiya onu mühakimə olunması üçün Suriya xalqına verməyəcək”14-12-2024, 10:08 |
Suriya diktatoru, yüz minlərlə günahsız soydaşının qətlinə bais olan Bəşər Əsəd qaçıb Rusiyada sığınacaq ala bildi. İndi əsas suallardan biri, yeni hökumətin onu geri tələb edib-etməyəcəyi və Əsədin oğurladığı qanunsuz sərvətlərin taleyi ilə bağlıdır. “Devrilmiş Bəşər Əsədin gələcək taleyi əvvəlcədən müəyyəndir. Vladimir Putinin dəvəti ilə Əsəd Moskvaya uçdu. Düşünürəm ki, bu, onun müvəqqəti durumudur. Beynəlxalq hüquqa görə, o, təqib olunacaq və günün birində mühakimə ediləcək. Bu, illər çəkə, yaxud daha tez baş verə bilər. Amma Əsəd Rusiya ərazisində olsa belə, ədalət mühakiməsindən yayına bilməyəcək”. Bunu Türkiyədə yaşayan tanınmış azərbaycanlı politoloq Toğrul İsmayıl Minval.az-a deyib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə NBC telekanalına müsahibəsində Bəşər Əsədin Rusiyada təhlükəsizlikdə olduğunu söyləyib. Onun sözlərinə görə, Rusiya konvensiyaların və ya Beynəlxalq Cinayət Məhkəməsinin tərəfi (üzvü) deyil. Ryabkov bunu “Moskvanın Bəşər Əsəd mühakimə olunacağı təqdirdə ekstradisiya edib-etməyəcəyi” ilə bağlı sualı cavablandırarkən deyib. Əsəd Rusiya vətəndaşlığı alacaqmı? Tutaq ki, yeni hökumət Suriyada Rusiya hərbi bazaları əvəzinə B.Əsədi tələb etsə, onda necə, Moskva onu verərmi? Yaxud Serbiya diktatoru Slobadan Miloşeviç kimi BMT-nin Ədalət Məhkəməsinə təhvil verilməsi mümkündürmü? Rusiya vətəndaşlığı onu cəzadan nə dərəcədə sığortalaya bilər? Toğrul İsmayılın gözləntisi nə qədər əsaslıdır? Bəzi ekspertlər qeyd edir ki, əgər Bəşər Əsəd Rusiya vətəndaşlığı alarsa, bu, onun beynəlxalq hüquq qarşısında mühakimə olunmasına müəyyən qədər maneə yarada bilər. Çünki Rusiya Konstitusiyasına görə, Rusiya vətəndaşlarının xarici ölkələrə ekstradisiyası qadağandır. Bu, Əsədə müəyyən hüquqi müdafiə təmin edər, lakin beynəlxalq təzyiqin artması və siyasi vəziyyət dəyişərsə, bu, yetərsiz qala bilər. Suriyada yeni hökumətin Əsədi geri tələb etməsi məsələsinə gəldikdə isə, ehtimal olunur ki, yeni hökumət Rusiyaya qarşı sərt mövqe tutarsa, Əsədin ekstradisiyası məsələsi gündəmə gələ bilər. Rusiya üçün strateji maraqları - xüsusilə Suriyadakı hərbi bazaları - qorumaq prioritet olacaq. Əsədin geri verilməsi bu maraqların təhlükəyə düşməsi ilə əlaqələndirilsə, Moskva onu təslim etməyə ehtiyat edə bilər. Yəni, beynəlxalq ictimaiyyət Rusiyaya qarşı kifayət qədər güclü təzyiq göstərə bilərsə, bu, Əsədin mühakimə olunması məsələsində irəliləyiş yarada bilər. Lakin indiki şəraitdə, Rusiya üçün Əsədi təslim etmək böyük strateji və siyasi risklər daşıyır. Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a danışıb: “Həm Bəşər Əsəd, həm də atası Hafiz Əsəd dövründə onlar hakimiyyəti idarə edən vaxtlarda ölkə əhalisinə qarşı saysız-hesabsız cinayətlər törədiblər. Yüz minlərlə insan mühakimə olunub, ölkədən didərgin düşüb, həbsxanalara salınıb, hüquqları pozulub və eyni zamanda Suriyanın sərvəti Suriya vətəndaşları arasında bölünmək əvəzinə və bu ailə, onun yaxın qohum-əqrəbaları tərəfindən mənimsənilib. Və məlumatlara görə, Bəşər Əsəd Rusiyaya qaçarkən milyardlarla vəsaiti çıxarmağa nail olub. Və yenə də görürük ki, seçim Rusiyadır. Buna qədər bir neçə ölkələrin diktatorları son anda Rusiyaya üst tutublar. Amma onların heç birini demək olar ki, Rusiya sonradan ölkələrinə təhvil verməyib. Doğrudur, söhbət gedir ki, Suriyada Rusiya bazaları, donanması var və onların qalması, saxlanılması təqdirdə razılaşma əsasında Bəşər Əsədin Suriyaya təhvil verilməsi mümkündür. Amma mən hesab edirəm ki, bu mümkün deyil. Çox güman ki, Suriyanın yeni hökuməti öz ərazisində Rusiya hərbi bazalarının qalmasında maraqlı olmayacaq və bu baxımdan yavaş-yavaş o bazalar çıxarılacaq. Rusiya da birmənalı olaraq, Bəşər Əsədi yeni hökumətə və yaxud ədalətli mühakimə olunması üçün Suriya xalqına verməyəcək, bu mümkün deyil. Bəzi politoloqların fikrinə hörmətlə yanaşıram, amma mənim gördüyüm, hiss etdiyim budur ki, Bəşər Əsəd Suriyaya təhvil verilməyəcək. Digər tərəfdən, Rusiya bir çox beynəlxalq hüququn tərəfdaşı deyil. Buna görə də beynəlxalq məhkəmələr tərəfindən Bəşər Əsədin həbs edilməsi ilə bağlı orderi verilərsə belə, Rusiya bunu icra etməyəcək". Geri qayıt |