Əsas Səhifə > Güney Press > Fransa səfirinin “fransızlığı”:
Fransa səfirinin “fransızlığı”:10-12-2024, 18:58 |
“Ermənidən çox ermənilik edən Fransanın parlamenti də, hökuməti də çox əcaib şəkildə bütün beynəlxalq hüququn prinsiplərini ayaq altına ataraq bölgəyə soxulmaq cəhdləri edir. Onlar Ermənistanı silahlandırır, revanş üçün ürək-dirək verir, bir növ Cənubi Qafqazda sülh və tərəqqini təhdid edir”. Bunu “Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin Azərbaycanla sərhəddə gəlməsi ilə bağlı deyib. Deputat bildirib ki, Ermənistanın “böyük bacısı” olan Fransanın ordakı səfiri Olivye Dekotini yenə öz təxribatçı əməllərindən çəkinməyərək bu dəfə şərti sərhəd ərazisindən binokll şousu göstərib və orda müzakirələr aparıb, Azərbaycan tərəfə baxıb, hətta ordakı patrul dəstəsinə qoşulub: “Təbii ki, bu ölkənin səfirindən bundan başqa bir addım gözləməyə dəyməz. Təəssüf ki, biz hələlik Fransadan bundan başqa bir fəaliyyətdə görmürük. Çünki bu ölkə Makronun hakimiyyəti altında Fransanı dünya birliyi içərisində biabır etməsi ilə bərabər Azərbaycanla olan münasibətlərinə də tamamilə kölgə salır. Azərbaycan Ermənistan üzərində qələbə çaldıqdan sonra Cənubi Qafqazın lider ölkəsi olaraq, həmçinin, dünya miqyasında nüfuzlu, şərəfli və qürurlu bir dövlət olaraq bir növ Fransanın yuxunu ərşə çəkib. Hətta Fransa bu gün Azərbaycanın arqumentləri qarşısında çətin bir vəziyyətə düşüb. Bu ölkə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, sülh müaviləsi imzalanmasına çox böyük zərbələr vurmaqdadır. Fransa səfiri yaxşı bilir ki, bu addımların heç bir mənası yoxdur. O, Makrona xoş gəlmək üçün belə bir mənasız addımlar ataraq, orda hər hansı bir bəyanatlar verərək yalnız kövrək olan sülhə mane olmağa çalışır. Bunlar hamısı Fransa tərəfindən edilən və heç bir effekti olmayan cəhdlərdir”. Vüqar İskəndərov qeyd edib ki, sözdə sülhdən danışan Ermənistan, hələ də sürətlə silahlanma siyasətini həyata keçirir, həmin ərazilərdə hərbi hissələr tikir, istehkamlar qurur, ərazisinə cürbəcür hərbi blokları yerləşdirir. Ermənistanın burada problemi həmin şəraiti onlara yaratmasıdır: “Bilirik ki, Ermənistan ərazisində uzun illərdir ki, Rusiya hərbi bazası mövcuddur. İndi isə Avropa İttifaqının, Kanadanın da nümayəndələrinin, az qala NATO nümayəndələrini öz ərazisinə yerləşdirir. Ermənistanda ABŞ-nin 2000-dən yuxarı əməkdaşı olan səfirliyi fəaliyyət göstərir. Bu qarmaqarışıq bir situasiyada Ermənistan öz uğursuz siyasətinin qurbanına çevrilməkdədir. Biz təbii olaraq öz inkişaf yolumuzdayıq. Elə onların binoklla baxdığı ərazilərimizdə kəndlərimizi, şəhərlərimizi yenidən qururuq və insanları Böyük Qayıdışla öz doğma yurd-yuvalarına qaytarırıq. Paralel olaraq hərbi gücümüzü də artırırıq. Bu, bizim inkişafımızın göstəricisidir. Güclü bir ölkə olaraq həm diplomatik masada, həm də meydanda öz gücümüzü göstərən və bunu real sübut edən ölkə kimi inkişaf yolundayıq. Təəssüf ki, Ermənistan hələ də digər ölkələrin ona etdiyi təsirlərin altında uğursuz siyasət həyata keçirməklə özünü hazırda olan vəziyyətindən çıxarmağa tələsmir. Amma zaman gedir və hər keçən gün əleyhinə işləyir”. Geri qayıt |