Əsas Səhifə > Güney Press > ATƏT-in Azərbaycanla əlaqələrində yeni mərhələ başlaya bilər, lakin...

ATƏT-in Azərbaycanla əlaqələrində yeni mərhələ başlaya bilər, lakin...


10-12-2024, 19:00
ATƏT-in Azərbaycanla əlaqələrində yeni mərhələ başlaya bilər, lakin...
Xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in yeni təyin olunmuş Baş katibi Feridun Hadi Sinirlioğlu arasında telefon danışığı baş tutub. XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı, nazir Ceyhun Bayramov Türkiyə Xarici İşlər Nazirliyində böyük diplomatik təcrübəyə malik səfir Feridun Sinirlioğlunun yekdilliklə ATƏT Baş katibi təyin olunması münasibətilə səmimi təbriklərini çatdırıb, ona davamlı uğurlar arzulayıb. Azərbaycanın ATƏT ilə əməkdaşlığa verdiyi önəm Baş katibin diqqətinə çatdırılıb.Tərəflər ATƏT çərçivəsində əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri və perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, Azərbaycanın ATƏT ilə geniş əməkdaşlıq təcrübəsi kifayət qədərdir:

“Çünki ATƏT-in Minsk qrupu 30 il ərzində Azərbaycan-Ermənistan arasındakı münaqişənin nizamlanması ilə məşğul olub. Ancaq Minsk qrupunun həmsədrləri-Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları ermənipərəst mövqe tutduğuna görə uğur qazanılmayıb. İndi isə ATƏT-ə yeni baş katib təyin edilib və təşkilatın Azərbaycanla əlaqələrində yeni mərhələ başlaya bilər. Azərbaycanın hazırda ATƏT-lə əməkdaşlığı davam etdirmək niyyəti var. Lakin rəsmi Bakının təşkilatdan gözləntiləri də mövcuddur. Azərbaycan ATƏT-dən Minsk qrupunu ləğv etməyi istəyir, çünki Cənubi Qafqaza elə bir qrup lazım deyil. Ona görə də ATƏT Azərbaycanla yeni əməkdaşlıq mərhələsində hələ də formal olaraq qalan Minsk qrumunu ləğv etməlidir. Bundan sonra ATƏT-lə Azərbaycanın münasibətləri daha fərqli kontekstdə formalaşa bilər”.

Geri qayıt