Əsas Səhifə > Güney Press > Ermənistan yarımçıq sülhə nail olmağa can atır

Ermənistan yarımçıq sülhə nail olmağa can atır


10-12-2024, 14:10
Ermənistan yarımçıq sülhə nail olmağa can atır
"Azərbaycan və Ermənistan arasında sülh prosesi məsələsinə konseptual yanaşmalıyıq. Tarixə nəzər yetirsək, görərik ki, ermənilər 1918-ci, 1919-cu illərdə imzaladıqları sənədləri asanlıqla yırtıb atdılar və işğalçılıq, şovinist əməllərinin arxasınca getdilər. Ona görə də yarımçıq sülh bizə lazım deyil".

Bu sözləri Xəzər Universitetinin Tarix və arexologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu deyib. Ekspert bildirib ki, Azərbaycan bölgənin əsas güc mərkəzi, lokomotiv gücü, yeni dönəmin, yeni geosiyasi şərtlərin ortaya çıxartdığı fürsətləri dəyərləndirən və bunu Qafqaz əməkdaşlığına çevirməyi düşünən, sülhün memarı olan bir ölkədir. Ancaq dünyada elə dairələr var ki, onlar həqiqəti yox, eşitmək istədiklərini səsləndirirlər:

"Ermənilərin təbliğatına rahatlıqla aldana bilirlər. Əslində, həqiqət tamam başqadır. Azərbaycan 44 günlük müharibədən sonra sülh diplomatiyasını özünün gündəminə aldı və ardıcıl, sistematik fəaliyyəti ilə Ermənistanı sülhə məcburetmə prosesini apardı. Ermənistanın Baş naziri Nikol Paşinyanın erməni dövlətinin mahiyyəti, erməni siyasətinin gələcəyi, strategiyası ilə bağlı ziddiyyətli açıqlamalarına da baxmaq lazımdır. Paşinyan deyir ki, erməni dövlətinin meyarları dəyişməlidir. Qeyd edir ki, uydurma "böyük Ermənistan"ın yox, real Ermənistanın arxasınca gedilməlidir. Bildirir ki, Azərbaycan və Türkiyə ilə düşmənçilik siyasəti aparmaqla bölgədə varlığını qorumaq qeyri-mümkündür. İrəvan hökuməti yaxşı başa düşür ki, Azərbaycanla güc müstəvisində danışa bilməyəcəklər. Azərbaycanla demoqrafik, siyasi-iqtisadi, strateji və hərbi mənada heç bir halda yarışa biləcək Ermənistan yoxdur. Ona görə də razılaşmağın zərurətini, sülhün qaçınılmazlığını anlayırlar. Bununla bərabər Ermənistan dövlətinin mahiyyəti elədir ki, daha çox xarici güc amillərindən asılı bir dövlətdir. Hətta hərbi təhlükəsizlik bürokratikasına, siyasi çevrələrə, iqtisadi güc mərkəzlərinə baxsaq, bunu açıq şəkildə görərik. Ermənistanın müstəqil ciddi qərarlar verməsində böyük problemlər var. Geosiyasi seçim məsələsində ciddi problemlər mövcuddur".

T.Nüsrətoğlu vurğulayıb ki, Ermənistan cəmiyyəti, sadəcə, Paşinyan və onun iqtidarından ibarət deyil:

"Burada kilsə, lobbi, diaspor, radikal-terrorçu qüvvələr var. Bunlar hələ də Azərbaycana qarşı ərazi iddialarını davam etdirirlər. Hələ də Azərbaycanın daxili işinə qarışmağa cəhd edirlər. Ermənistan cəmiyyəti əvvəlcə öz arasında konsensusa gəlməlidir. Öz daxillərində bu prosesi yekunlaşdırmalıdır. Ya Azərbaycan və Türkiyə ilə qonşuluq münasibətlərini təsis edərək təcriddən xilas olmalı, rifahdan pay almalı, ya da düşmənçiliyi davam etdirməklə erməni dövlətçiliyinin daha böyük kataklizmlərlə üzləşməsinə yol açmalıdır. Yəni ermənilər seçim etməlidir. Ancaq baxırıq ki, Ermənistan bir tərəfdən silahlanır, digər yandan beynəlxalq ictimaiyyəti sülh manipulyasiyaları ilə aldadır. Əslində, nəyə nail olmağa çalışır? 30 illik işğal dövründə Azərbaycana milyardlarla dollar ziyan dəyib. Torpaqlarımız, şəhər və kəndlərimiz tarımar edilib. Bununla bağlı beynəlxalq məhkəmələrdə proses gedir. Ermənistan yarımçıq sülhə nail olmaqla, konstitusiyadan ərazi iddiasını çıxartmamağı, silahlanmaya davam etməyi düşünür. Zəngəzur dəhlizi ilə bağlı imperial dairələrin təlimatlarını icra edir. Azərbaycan bu məsələni beynəlxalq hüquqdan doğan haqqı olaraq açıq şəkildə gündəmə gətirir. Azərbaycanın bir hissəsi digərindən ayrılıb, Naxçıvan təcrid vəziyyətindədir. Qars anlaşmasının müddəalarına zidd şəkildə Naxçıvanın bəzi əraziləri sovet dövründə Ermənistana hədiyyə edilib. İndi biz deyirik ki, Zəngəzur dəhlizini açın, çünki bu, bizim haqqımızdır".
Analitik əlavə edib ki, dünyada deportasiyaya məruz qalmış xalqlardan biri Azərbaycan xalqıdır:

"Xalqımızın nümayəndələri bir neçə mərhələdə kütləvi köçə məcbur edilib. O baxımdan Qərbi Azərbaycana qayıtmaq azərbaycanlıların müstəsna hüququdur. Qərbi Azərbaycan tarixi yurdumuzdur. Ermənistan tərəfi təbliğat aparır ki, guya Azərbaycan bu məsələdən istifadə edərək Ermənistana müdaxilə etmək istəyir. Çox cəfəng bir arqumentdir. UNESKO-ya imkan yaradılmalıdır ki, Qərbi Azərbaycandakı maddi-mədəni irsimizlə bağlı araşdırma aparsın. Çünki oradakı maddi-mədəni irsimizin əksəriyyətini məhv ediblər".

Geri qayıt