Əsas Səhifə > Güney Press > NATO-nun maliyyələşməsinin bütün gücü ABŞ-nin üzərinə düşməməlidir
NATO-nun maliyyələşməsinin bütün gücü ABŞ-nin üzərinə düşməməlidir10-12-2024, 13:58 |
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp ölkəsinin Şimali Atlantika Alyansından çıxma ehtimalını istisna etməyib. O, bu barədə "NBC Nyus"a müsahibəsində deyib. Tramp vurğulayıb ki, müttəfiqlərin maliyyə öhdəliklərini yerinə yetirməsi Vaşinqtonun alyansda davamlı iştirakının əsas şərti olacaq. Tramp Ukraynaya hərbi yardımı azaldacağını da elan edib. Ukraynaya hərbi yardımın gələcəyi ilə bağlı sualı cavablandıran Tramp qeyd edib ki, o, vəzifəyə gəldikdən sonra Kiyev ABŞ-nin əvvəlki səviyyədə dəstəyini görməyə bilər. Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az"a vurğulayıb ki, Donald Trampın açıqlaması, əslində, Qərb ölkələrinə mesaj və blef kimi də dəyərləndirilə bilər. Ekspertin sözlərinə görə, Tramp bundan öncəki hakimiyyəti dövründə NATO-ya üzv dövlətlərin hərbi alyansa dəstəyini artırmaq məqsədilə həmin dövlətlərdən Ümumi Daxili Məhsulun (ÜDM) 3 faizini təşkilata ayırmalarını istəyirdi: "Amma Trampın ozamankı tələbi NATO üzvləri tərəfindən yerinə yetirilmədi və belə bir məbləğ ödənilmədi. ABŞ rəhbərinin məqsədi aydındır. Tramp hər zaman deyib ki, NATO-nun maliyyələşməsinin bütün gücü ABŞ-nin üzərinə düşməməlidir. Avropa ölkələri də maliyyə ayrılması məsələsində əsaslı rol oynamalıdır. Ona görə də Avropa ölkələrinin hərbi alyansın maliyyələşməsində iştirak payını çoxaltmaq məqsədilə bu cür mesajlar verir. Ancaq ABŞ-nin NATO-dan çıxacağı inandırıcı görünmür. Vaşinqtonun Kiyevə dəstəyi də qaçılmazdır. Ola bilsin, maliyyə məsələsində müəyyən azalmalar müşahidə olunsun, amma bu, dəstəyin tamamilə kəsilməsi anlamına gəlmir". Geri qayıt |