Əsas Səhifə > Güney Press > Putin Əsədi Suriyanın yeni hakimiyyətinə sata bilər

Putin Əsədi Suriyanın yeni hakimiyyətinə sata bilər


9-12-2024, 19:23
Putin Əsədi Suriyanın yeni hakimiyyətinə sata bilər
Xəbər verdiyimiz kimi, Suriyada hakim rejimin devrilməsindən sonra Prezident Bəşər Əsəd ölkəni tərk edib. Bunun ardınca Suriyanın Rusiyadakı səfirliyi bəyanat yayaraq onun hazırda Rusiyada olduğunu təsdiqləyib.

Bəşər Əsəd niyə Moskvaya sığındı? Putin onu qoruya, saxlaya biləcəkmi? Belə ağır dövrdə, başının bunca qarışdığı vaxtda bir də Əsəd yükünü niyə üzərinə aldı? Bəşər Əsəd hansı səbəbdən İrana yox, Rusiyaya qaçıb?

Globalinfo.az-a danışan politoloq Asif Nərimanlı deyib ki, Əsəd rejiminin arxasında həmişə İran dayanıb:

“İran üçün o regionda əsas ölkələrdən biri məhz Suriya idi. Ona görə də Əsədin devrilməsinin ardınca İranın ona sığınacaq verməsi daha çox gözlənilirdi. İran uzun illər işlədiyi Əsədi qoruyub, Suriya siyasətini bu xətt üzrə davam etdirə bilərdi. Məsələn, müxaliflərlə danışıqda Əsəddən kart kimi istifadə edə bilər, yeni hakimiyyəti tanımayıb, Əsədi qanuni hakimiyyət elan edə bilərdi. Lakin Əsəd gözlənilənilənin əksinə olaraq Rusiyadan sığınacaq aldı.

Ümumiyyətlə, Əsədlə İran hakimiyyəti arasında son dönəmlərdə soyuqluq var idi. Əsəd hakimiyyətini qorumaq üçün İranın Suriyadan çıxarılması məsələsində Qərblə danışıqlara getdiyi haqqında məlumatlar yayılırdı. Görünür bu da Bəşər Əsədin qərarında müəyyən rol oynayıb”.

Politoloqun sözlərinə görə, HƏMAS liderinin Tehranda öldürməsi, İsrailin zaman-zaman İran daxilində əməliyyatlar keçirməsi səbəbindən Bəşər Əsəd təhlükəsizliyinin təmin olunması üçün məhz Moskvaya üz tutub:

“Ümumiyyətlə, Suriyanın keçmiş prezidentinin Moskvada olması Rusiya üçün böyük addımdır. Çünki Kremlin Suriya ilə bağlı maraqları var və Əsədin orada olması Suriyanın gələcək hakimiyyəti ilə Rusiya arasında problemlərin yaranmasına səbəb ola bilər. Lakin görünür, Moskva strateji gedişlər edir. Yeni hakimiyyətlə danışıqlarda Əsədi kart kimi istifadə edə bilər. Rusiyanın maraqları yeni hakimiyyət tərəfindən təmin edilməsə qanuni hakimiyyətin Əsəd olduğunu deyə bilər”.
Geri qayıt