Əsas Səhifə > Güney Press > "İnsan hüquqlarının pozulduğu Qərb ölkələri Azərbaycandakı məhkəmə qərarlarına müdaxilə edirlər"

"İnsan hüquqlarının pozulduğu Qərb ölkələri Azərbaycandakı məhkəmə qərarlarına müdaxilə edirlər"


9-12-2024, 17:56
"İnsan hüquqlarının pozulduğu Qərb ölkələri Azərbaycandakı məhkəmə qərarlarına müdaxilə edirlər"
“Avropa İttifaqının təşkilatçılığı ilə ABŞ, Britaniya və İsveçrə səfirliklərinin iştirak etdiyi 4 dekabr tədbiri, təbii olaraq, Avropa ittifaqının tələbi ilə təşkil edilib. Tədbirdə özünü “sülh göyərçini” hesab edən diplomatlar Azərbaycanda insan haqlarının pozulması, fundamental dəyərlərdən, hərhansı bir siyasi məhbus və digər məsələlərdən danışıblar. Maraqlısı da budur ki, Avropadan qidalanan, onlarla əlaqədə olan, digər cinayətlərdə həbs olunan insanların həbsini siyasiləşdirməyə cəhd ediblər. Xarici İşlər Nazirliyi bəyanat yayaraq, bütün bu ittihamları rədd edib. Vacib, lazımlı cavabları da ünvanlarına çatdırılıb”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Deputat qeyd edib ki, burada əsas məsələ bizim artıq hər gün gördüyümüz, eşitdiyimiz və bir növ öyrəşdiyimiz məsələdir: “Əgər diqqətlə izləsək, yenə də düymənin bir yerdən basıldığının şahidi oluruq. Yəni komanda verilib və sistem fəaliyyət göstərir. Yenə də qarayaxmalar, dezinformasiyalar, siyasi manipulyasiya ilə məşğuldurlar. O Avropa parlamenti ki, onun rəhbərləri həbs olunur. Onun daxilində olan deputatlar söyləyirlər ki, "buradakı deputatların böyük əksəriyyətini pulla ələ almaq olar”. O dövlətlərin nümayəndələri danışırlar ki, öz dövlətlərində bu gün də insan hüquqlarını kütləvi şəkildə pozmağa davam edirlər. Təsəvvür edin ki, ABŞ-da prezident seçkisindən sonra onlarla insan qəddarcasına döyülür və həbsə atılır. Hətta yeni seçilən ABŞ prezidenti Tramp özü deyir ki, bu gün ABŞ-da siyasi məhbuslar var.

Avropanın özündə dövlətlər XXI əsrin ortasında uzaq yerlərdə koloniyalarda saxlayırlar, insanların yaşamaq hüququnu pozurlar və özləri söz azadlığını ən kəskin formada boğurlar. Orada təşkil olunan nümayişlərdə insanların üstünə itlə hücum edirlər, atlarla ayaq altında əzirlər. Təsəvvür edin ki, bu gün insan hüquqlarının pozulması Avropada adi bir hal almış məsələdir və həmin ölkələrin nümayəndələri Azərbaycanda siyasi məhbus axtarırlar. Biz dəfələrlə demişik bu sözün özündə problem var. Bu ifadə leksikona necə daxil olub? "Siyasi məhbus məsələsi" adlandırırlar”.

Deputatın fikrincə, digər məsələ bu diplomatların Azərbaycanda məhkəmə hakimiyyətinə kobud müdaxiləsidir ki, bu da yolverilməzdir. Vüqar İskəndərov deyir ki, Azərbaycanda məhkəmə müstəqildir, məhkəmənin qərarları onların mübahisə və ya müzakirə predmetinə çevirə bilməz. Vüqar İskəndərov qeyd edib ki, bu şəxslər Azərbaycanın daxili işlərinə müdaxilə edirlər və Azərbaycanın məhkəmə sisteminə təzyiq etməyə çalışırlar.

“Təbii olaraq biz bu məsələni, deyilənləri rədd edir,bunu işlərimizə müdaxilə sayırıq. İnsan tutduğu peşəsindən, vəzifəsindən və statusundan asılı olmayaraq, hansısa cinayət törətdiyi zaman məhkəmənin qərarı ilə cinayəti sübut olunduqdan sonra cəza alır. Bu şəxs jurnalist, çilingər, siyasətçi, həkim də ola bilər. Hansısa peşəni sahibi məhkəmə hökmü ilə cinayət məsuliyyətinə cəlb olunursa, bunun siyasi bir motiv kimi hallandırılması qəti yolverilməzdir. Bu, cəmiyyəti çaşdırmaq cəhdidir”-deyən deputat bildirib ki, Azərbaycana belə təzyiqlər mütəmadi edilir və səbəbləri də bəllidir.

Deputatın fikrincə, Vətən müharibəsindəki qələbəmiz, güclü dövlətimiz, qətiyyətli,qlobal anlamda çox nüfuzlu prezidentimiz, getdiyimiz düzgün və uğurlu yol Qərb dairələrini ciddi narahat edir: “Bu səbəbdən bütün şər maşınlarını işə salaraq üstümüzə gəlməyə çalışırlar, yekunda heç nəyə nail ola bilmirlər. Çünki bizim getdiyimiz yol düz , uğurlu yoldur. Bu gün Azərbaycan cəmiyyətində artıq insanlar ağı qaradan ayırır, kimin kim olduğunu da yaxşı bilir. Monolit cəmiyyətimiz bunların xoşuna gəlmir və müxtəlif siyasi manipulyasiya alətlərindən istifadə etməyə çalışırlar. Xarici İşlər Nazirliyi tərəfindən cavab verilib, biz də qətiyyətlə belə məsələləri pisləyirik, yolverilməz olduğunu bildiririk. Yaxşı olar ki, onlar öz dövlətlərində olan problemləri görsünlər və aradan qaldırmaq üçün müvafiq addımlar atsınlar”.

Xatırladaq ki, dekabrın 4-də Avropa İttifaqının Bakıdakı nümayəndəliyi Böyük Britaniya və İsveçrə səfirlikləri ilə birlikdə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş qəbul təşkil edib. Tədbirdə diplomatik missiyaların rəhbərləri, eləcə də ABŞ səfiri öz çıxışlarında deyiblər ki, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət noyabrda Bakıda keçirilən COP29 iqlim konfransı ilə bağlı gözləntilərin əksinə olaraq daha da pisləşib. Onlar siyasi məhbusları azad etməyə çağırıblar. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi məsələyə etirazını bildirib.

Geri qayıt