Əsas Səhifə > Güney Press > ABŞ-nin NATO-dan çıxması onun azalan nüfuzuna daha böyük zərbə vura bilər

ABŞ-nin NATO-dan çıxması onun azalan nüfuzuna daha böyük zərbə vura bilər


9-12-2024, 15:44
ABŞ-nin NATO-dan çıxması onun azalan nüfuzuna daha böyük zərbə vura bilər
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkəsinin Şimali Atlantika Alyansından çıxma ehtimalını istisna etməyib.
O, bu barədə "NBC Nyus"a müsahibəsində deyib. Tramp vurğulayıb ki, müttəfiqlərin maliyyə öhdəliklərini yerinə yetirməsi Vaşinqtonun alyansda davamlı iştirakının əsas şərti olacaq.

Politoloq Natiq Miri "Sherg.az"a bildirib ki, NATO ilə bağlı bu siyasət Donald Trampın birinci hakimiyyət dönəminin davamı kimi qəbul oluna bilər:

"Çünki həmin dövrdə də ABŞ Prezidenti alyansa üzv ölkələrə təzyiq edirdi ki, hər bir dövlət ən azından özünün ümumdaxili məhsulunun 2 faizini maliyyə nöqteyi-nəzərdən NATO büdcəsinə ayırmalıdır. Amma indi Tramp daha böyük miqdarda maliyyənin ayrılmasını tələb edir. O deyir ki, NATO-nun maliyyə cəhətdən bütün yükü ABŞ-ın üzərinə düşməməlidir. Çünki müdafiə və təhlükəsizlik məsələləri çox bahadır. Trampın fikrincə, ABŞ-ın təhlükəsizlik "çətiri"altında qalmaq istəyənlər pul xərcləməlidirlər. Yeni Prezident buna nail olana qədər yenə də təzyiq etməyə davam edəcək. Burda əsas məsələ ABŞ-ın üzərindən maliyyə yükünü azaltmaq və bu yükü digər ölkələrin üzərinə yıxmaqdır. Digər tərəfdən, qlobal güc olmaq, tək qütblü dünyanı idarə edə bilmək üçün təkcə zor gücü yetərli deyil. Burada əsasən rol oynayan yumşaq gücdür. Sən bütün ətrafını yemləməsən, onlar orbit olaraq sənin ətrafında fırlanmazlar".

Politoloq deyib ki, ABŞ-ın NATO-dan çıxacağı fikrini ciddi saymır:
"Çünki bir qlobal aktorlar sadəcə iqtisadiyyatı ilə yox, eyni zamanda hərbi və müttəfiqləri ilə bərabər güclüdür. Şimali Atlantika Alyansı bu gün bütün dünyada alternativsiz hərbi blokdur. ABŞ hələlik NATO-dan çıxmaqla bağlı konkret qərar və siyasət ortaya qoymayacaq. Bu cür açıqlamalar sadəcə alyansın büdcəsi üçün daha çox NATO ölkələrinə maliyyə ayrılmasına xidmət edir. Bu yöndə müəyyən dəyişikliklər ola bilər. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra təhlükəsizlik məsələləri çox kəskin olaraq ortaya çıxdı. Belə bir vəziyyətdə NATO adı altında özünü təhlükəsizlikdə hiss etməsi üçün hər bir ölkə əlini daşın altına qoymalıdır. Trampın da tələb etdiyi budur. Şimali Atlantika Alyansından çıxmaq ABŞ-ni təklədər. Yəni Avropa Birliyi və NATO üzvləri kimi güclü müttəfiqləri olmasa, ABŞ indiki rəqabət mövzusunda daha sönük görünməyə başlayacaq. Çünki bir tərəfdə avroatlantik məkan, Qərb dünyası öz cəlbediciliyini və nüfuzunu itirərkən, digər tərəfdə getdikcə toparlanan, güclənən və ətrafını genişləndirən BRİCS təşkilatı var. Ona görə də ABŞ indiki vəziyyətdə NATO-dan çıxmağı gözə ala bilməz. Tramp ətrafındakı həm Müdafiə Nazirliyində, həm digər strateji qurumlardakı bürokratların verdiyi hesabat və arayışlar kontekstində bu fikirdən vaz keçəcək. Çünki ABŞ-nin NATO-dan çıxması bu dövlətin getdikcə azalan nüfuzuna daha böyük zərbə vura bilər".

Geri qayıt