Əsas Səhifə > Güney Press > "Zelenski 630 əsirdən imtina edib"
"Zelenski 630 əsirdən imtina edib"3-12-2024, 13:02 |
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hərbi əsirlərlə bağlı diqqət çəkən açıqlamalar verib. Yerli medianın yaydığı məlumata görə, o, dəyişdirilməsi üçün nəzərdə tutulmuş əsir siyahısına 630 ukraynalının daxil edildiyini söyləyib. Zaxarova qeyd edib ki, Rusiya onları paritet şərtlərlə dərhal Kiyevə təhvil verməyə hazırdır. “Problem ondadır ki, onlar öz adamlarını təhvil almırlar. Ukrayna Prezidenti Vladimir Zelenskiyə əsir götürülən 630 Ukrayna vətəndaşı lazım deyil. O, bu adamlardan imtina edib”, -XİN rəsmisi deyib. Zaxarova onu da əlavə edib ki, Ukrayna məhbus mübadiləsi prosesini hər cür formada sabotaja sürükləməyə davam edir. Kiyev hər şey edir ki, real, konkret işlərdən qaçsın. Rusiya Ombudsmanı Tatyana Moskalkova da Telegram kanalında Ukrayna tərəfinin imtina etdiyi hərbi əsirlərin siyahısını dərc edib. Siyahıda 630 nəfər yer alıb. Noyabrın sonunda isə Rusiya Xarici İşlər Nazirliyi Moskvanın əsir götürülmüş 630 əsgəri Kiyevə təhvil verməyə hazır olduğunu açıqlamışdı. “Rusiya Federasiyası mübadilədə hansı rusiyalı hərbçilərin yer alacağına qərar verməyi isə Ukraynanın öhdəsinə buraxır”, - deyə Zaxarova bildirib. Rusiya və Ukrayna arasında sonuncu əsir mübadiləsi oktyabrın ortalarında BƏƏ-də “95-in 95-ə” düsturuna əsasən baş tutub. “195-in 195-ə” düsturu üzrə reallaşan ən böyük hərbi əsir mübadiləsi isə yanvar ayında olub. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. AzVision.az Geri qayıt |