Əsas Səhifə > Güney Press > Silahlanan Ermənistanın yetərsiz

Silahlanan Ermənistanın yetərsiz


Dünən, 14:02
Silahlanan Ermənistanın yetərsiz
Son günlər Hindistanın yenidən Ermənistana silah tədarük etməsi ciddi narahatlıq doğurur. Heç şübhəsiz, Ermənistanın Fransa, Hindistan, Yunanıstan və digər ölkələr tərəfindən kütləvi silahlandırılması ciddi fəsadlar doğura bilər. Bu ölkələr yaxşı bilirlər ki, Ermənistan 30 ilə yaxın Azərbaycan ərazilərini işğalda saxlayıb, talan edib, soyqırımı cinayətləri törədib, separatizm siyasəti yürüdüb.

İşğalçı kimi tanınmış Ermənistanın yenidən silahlandırılması birbaşa olaraq işğalçılığın dəstəklənməsidir. Bu addım Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi zərbədir. Görünür, Ermənistan özü də kütləvi silahlanmaya can atmaqla yeni müharibə ocağı yaratmağa çalışır. Həmçinin İrəvan bununla Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olmadığını sübut edir. Halbuki, Azərbaycan müharibə istəmir, dayanıqlı və ədalətli sülh müqaviləsi imzalamaq üçün bütün resursları işə salıb. Belə olduğu halda Ermənistanın aşırı silahlanması, hərbi xərcləri durmadan artırması sülh istəyindən yox, pis niyyətlərdən xəbər verir. Əfsuslar ki, Paşinyan hakimiyyəti qərəzli Qərb və Avropa dairələrinin, Azərbaycana düşmənçilik siyasəti yürüdən ölkələrin diktəsi ilə hərəkət etməkdədir.

Siyasi şərhçi Əlisahib Hüseynov "Şərq"ə deyib ki, Fransa və Hindistanın ardınca Yunanıstanın da Ermənistanı silahlandırması "sülh" demaqogiyası ilə gözdən pərdə asan rəsmi İrəvanın revanşizmə istiqamət götürməsindən, növbəti müharibəyə hazırlaşmasından xəbər verir. Ekspertin sözlərinə görə, Fransa özünün təsir gücünə malik olduğu ölkələri, o cümlədən Hindistan və Yunanıstanı Ermənistanla sıx hərbi-texniki əməkdaşlığa təhrik edir: "Yunanıstanla Ermənistan arasında hərbi sahədə əməkdaşlığa dair anlaşmanın mövcud olması və bu iki ölkənin birgə hərbi təlimlər keçirməsi indi heç kim üçün sirr deyil. Sözügedən razılaşmaya uyğun olaraq Yunanıstan hazırda keçmiş sovet və müasir Rusiya silahlarını Ermənistana satır. Rəsmi Afinanın Ermənistana S300 raket komplekslərini verməsi də məhz iki ölkə arasındakı məlum sövdələşmənin nəticəsidir. İş o yerə çatıb ki, artıq Fransa, Yunanıstan və digər ölkələr Ermənistanı silahlandırmaqlarını hətta gizlətməyə də belə cəhd göstərmirlər. Təsadüfi deyil ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias bu ilin mart ayında İrəvana səfəri zamanı bildirmişdi ki, onun ölkəsi hazırda Fransa, Hindistan və Ermənistanla birlikdə “üçtərəfli və dördtərəfli” müdafiə əməkdaşlığını formalaşdırmaqla məşğuldur. Bu prosesdə əsas moderator rolunu da məhz Fransa öz üzərinə götürüb. Ermənistana verilməkdə olan silahlar da sözügedən “üçtərəfli və dördtərəfli” cinayətkar qruplaşmanın yaratdığı sxem üzrə realizə olunur, İrəvana çatdırılır".
Ə.Hüseynov vurğulayıb ki, Yunanıstanın Ermənistana silah satması xristian həmrəyliyinin təzahürüdür: "Türkiyəyə qarşı ənənəvi düşmən mövqeyindən çıxış edən Yunanıstan Ermənistanı da Azərbaycana qarşı silahlandırmaqla anti-türk cəbhəsinin formalaşdırılmasında yaxından iştirak edir. Beləliklə, Fransanın diktəsi ilə hərəkət edən qüvvələr Ermənistandan Türk dünyasına qarşı "dəyənək" kimi istifadə etməyə çalışırlar. Bu cür təhlükəli planlar regionda yeni hərbi eskalasiya üçün zəmin yaradır. Baş verənlər Ermənistanın havadarlarının Cənubi Qafqazda açıq-aşkar qarşıdurmanı körüklədiklərini göstərir. Onların qızışdırıcı, təhrikçi addımları Ermənistanı sülhdən yayındırır. Ermənistanın sürətlə silahlandırılması fonunda bu ölkənin Baş naziri Nikol Paşinyanın bu ilin sonuna qədər Azərbaycanla sülh sazişini imzalamaq üçün əlindən gələni edəcəyini bəyan etməsi isə ən yaxşı halda istehza doğurur. Çünki bir ölkənin eyni vaxtda həm silahlanması, həm də sülh ritorikasından gen-bol istifadə etməsi heç cürə bir araya sığmır. Heç şübhəsiz ki, bu da Ermənistan rəhbərinin növbəti hiyləgər gedişlərindən biridir. Əslində, Paşinyan sülh ritorikasından ölkəsinin silahlanmasını pərdələmək üçün istifadə edir. Lakin silahlanmanı heç nə ilə pərdələmək mümkün deyil. Fransa, Hindistan, Yunanıstan və digər ölkələrin Ermənistanı silahlandırması İrəvanın saxta "sülhpərvər"liyini ifşa edir".

Geri qayıt