Əsas Səhifə > Güney Press > NATO-nun baş katibi Trampı böyük təhlükədən xəbərdar edib

NATO-nun baş katibi Trampı böyük təhlükədən xəbərdar edib


3-12-2024, 11:25
NATO-nun baş katibi Trampı böyük təhlükədən xəbərdar edib
NATO-nun baş katibi Mark Rutte yeni seçilmiş prezident Donald Trampa xəbərdarlıq edib ki, əgər Ukrayna Rusiya ilə müharibəni dayandırmaq üçün güzəştə getməyə məcbur olarsa, ABŞ Çin, İran və Şimali Koreyadan gözlənilən “dəhşətli təhlükə” ilə üzləşəcək.

Reyting.az-ın məlumatına görə, M. Rutte “Financial Times” qəzetinə müsahibəsində deyib ki, Ukraynanın Rusiya ilə danışıqlarda “yaxşı razılaşmaya” ehtiyacı var.

NATO rəhbəri ABŞ-ı hərbi dəstəyi davam etdirməyə çağırıb. Onun sözlərinə görə, Ukraynanı əlverişsiz sülhə məcbur etmək Qərbin düşmənlərini “sevindirəcək” və onlar öz hücumlarını planlaşdırmağa başlayacaq:

“Biz imkan verə bilmərik ki, Kim Çen In, Vladimir Putin, Si Cinpin və İran rəhbəri bir-birindən razı olsunlar, çünki biz Ukraynaya yaraşmayan razılaşma əldə etməklə uzunmüddətli perspektivdə təkcə Avropa üçün deyil, həm də ABŞ-a ciddi təhlükəsizlik təhdidi yaratmış olacağıq”.

Rutte əlavə edib ki, Rusiya, Çin, Şimali Koreya və İran arasında dərin hərbi və iqtisadi əlaqələr mövcuddur, qarşılıqlı silah və pul tədarükü Ukrayna və Yaxın Şərqdə müharibələri qızışdırır.

O, həmçinin əlavə edib ki, mümkün sülh danışıqları öncəsi Ukrayna prezidenti Vladimir Zelenskiyə hərbi dəstəyin artırılması Ukraynaya NATO üzvlüyünün nə vaxt təklif oluna biləcəyini müzakirə etməkdən daha vacibdir.

Rutte deyib: “İndi ən vacib şey Zelenski sülh danışıqlarına başlamaq qərarına gəldikdə, o, güclü mövqedən bunu edə biləcəyinə əmin olmaqdır. Mənim üçün bu, indi bir nömrəli prioritetdir."

Geri qayıt