Əsas Səhifə > Güney Press > Arvadını intihar həddinə çatdıran kişi

Arvadını intihar həddinə çatdıran kişi


3-12-2024, 11:06
Arvadını intihar həddinə çatdıran kişi
Ötən ilin iyununda Cəlilabadda həyat yoldaşını intihar həddinə çatdırmış kişi həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Cəlilabad rayon Göytəpə şəhərində baş verib.

Belə ki, şəhər sakini 55 yaşlı Mənsurə Bəbirovanın özünü asaraq intihar etməsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Onun əri 1968-ci il təvəllüdlü Daxil Şabıyev Cinayət Məcəlləsinin 125 və 128-ci (Özünü öldürmə həddi çatdırma, qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilib.

Məlum olub ki, Daxil Şavbıyevin ilk həyat yoldaşı 1999-cu ildə vəfat edib və onun 3 övladı qalıb. Bundan sonra D.Şabıyev M.Bəbirova ilə evlənib. Geridə qalan illər ərzində, xüsusilə 2021-ci ildən etibarən D.Şabıyev arvadına qarşı amansız rəftar edib, onu mütəmadi döyüb. Hadisə baş verməmişdən əvvəl də o, arvadını oğlunun, gəlininin yanında döyərək şərəf və ləyaqətini alçaldıb.

İyunun 15-də M.Bəbirova yaşadığı evdə bıçaqla özünə 6 dəfə xəsarət yetirərək intihara cəhd edib, lakin bıçaq daxilə nüfuz etməyib. Bir neçə saat sonra, yəni 16 iyun saat 01:30 radələrində isə 55 yaşlı qadın həyətdəki tövlədə özünü yaylığı ilə asaraq həyatına son qoyub.

Məhkəmədə Daxil Şabıyev özünü təqsirli bilib və arvadını döydüyünü etiraf edib.

Bir neçə gün əvvəl Cəlilabad Rayon Məhkəməsi D.Şabıyevə hökm oxuyub. Ona 4 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə istintaqı dövründə polisin nəzarəti altında olmaqla azadlıqda olan D.Şabıyev məhkəmə zalındaca həbs edilib.

Geri qayıt