Əsas Səhifə > Güney Press > “Baydenin oğlunu əfv etməsi amerikasayağı demokratiyanın göstəricisidir”

“Baydenin oğlunu əfv etməsi amerikasayağı demokratiyanın göstəricisidir”


2-12-2024, 17:18
“Baydenin oğlunu əfv etməsi amerikasayağı demokratiyanın göstəricisidir”
ABŞ Prezidenti Cozef Bayden silah alışı məsələsində təqsirli bilinən və dekabrda həbsi nəzərdə tutulan oğlu Hanter Baydeni əfv edib. Buna baxmayaraq, ötən ay Bayden administrasiyası Hanteri əfv etmək niyyətinin olmadığına dair açıqlama yaymışdı. Cozef Baydenin oğlunu əfv etməsi isə sui-istifadə və hüququn aliliyinin pozulması kimi dəyərləndirilib. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp da bu fikirdə olduğunu təsdiqləyib. Dünyaya ədalət və qanunun aliliyindən dərs keçməyə çalışan hazırkı ABŞ administrasiyasının bu “humanist” qərarı isə birmənalı qarşılanmayıb.
Milli Məclisin deputatı Elman Nəsirov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, ABŞ-da prezident seçkilərində uduzan, lakin 2025-ci il yanvar ayının 20-dək prezident səlahiyyətlərini icra edən Cozef Baydenın öz oğlunu əfv etməsi sözün həqiqi mənasında amerikasayağı demokratiyanın nə olduğu sualına çox gözəl bir cavabdır.

O bildirib ki, C.Baydenin oğlunun əyyaş, narkoman və cinayətkar olduğu bəllidir: “2023-cü ilin dekabr ayında ona qarşı konkret ittihamlar irəli sürülüb və bununla bağlı məhkəmənin də hökmü vardır. Amma görünür ki, Cozef Bayden fərqindədir ki, hələ də onun əlində müəyyən səlahiyyətlər var və bu fürsətdən maksimum faydalanmaq istəyir. Təsadüfi deyil ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Cozef Baydeni kəskin tənqid edib və hesab edib ki, bu ABŞ-da qanunun aliliyinə qarşı yönəlmiş bir addımdır”.

E.Nəsirovun sözərinə görə, bu hadisə Bayden administrasiyasında demokratiyanın əsl simasının nədən ibarət olduğunu göstərir: “Cozef Bayden ayrı-ayrı dövlətləri demokratiyanın olmamasında, insan haqlarının pozulmasında ittiham edir, amma özü qədər “məharətlə” insan haqlarını pozan ikinci prezident tapmaq çətindir. Özü cinayətkar və narkoman olan oğlunu əfv edib. Bu da Baydenin və onun administrasiyasının əsl simasıdır”.

Xatırladaq ki, Hanter Bayden 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib. O, həmçinin vergidən yayınma ilə bağlı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli olduğunu etiraf edib. Prezidentin oğlunu vergi itithamı üzrə maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə, silah alışına görə 25 ilə kimi azadlıqdan məhrumetmə cəzası və 750 min dollar cərimə gözləyirdi. Silah alışı ittihamı üzrə onun həbsi dekabrın 13-nə, vergi məsələsi ilə bağlı dekabrın 16-na nəzərdə tutulmuşdu.


Geri qayıt