Əsas Səhifə > Güney Press > Film və seriallarda verilən qonorarlar aktyor və aktrisalarımızı niyə qane etmir?
Film və seriallarda verilən qonorarlar aktyor və aktrisalarımızı niyə qane etmir?2-12-2024, 16:52 |
Azərbaycanda aktyorlar tez-tez film sahəsinə vəsait ayrılmamasından şikayət edir. Onlar qonorarların az olduğunu və film və ya serialların az büdcə ilə çəkildiyi üçün keyfiyyətin də az olduğunu bildirirlər. Bəs görəsən Azərbaycanda kino və serial sahəsini inkişaf etməyə qoymayan amillər nələrdir? Bu problemin həlli üçün hansı addımlar atılmalıdır? Mövzu ilə bağlı YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilov Sonxeber.az – a açıqlama verib: "Azərbaycanın, xüsusən də Şimali Azərbaycanın 10 milyon 200 min əhalisi elə də böyük kreativ bazar deyil ki, burada kinofilmlər, incəsənət əsərləri, sənət nümunələri, seriallar, kliplər, konsertlər və digər kreativ səneyeyə aid edilə biləcək yaradıcı məhsulları yaradan şəxslər əldə etdikləri vəsaitlə özlərini və ailələrini dolandıra bilsinlər. O cümlədən Azərbaycanın teleserial və kino sahəsində də bu problem var. Sovet dövrünün ilkin vaxtlarında sənətə və kinoya dövlətin vinti kimi baxan rəsmi dairələr incəsənətin bu sahəsi ilə bağlı xüsusi proqram qəbul etdilər. Aktyorlar, ssenaristlər, rejisorlar, musiqiçilər və.s yaradıcı nəsil formalaşdı. Onlara yüksək qonorarlar verildi, məvaciblər artırıldı. Eyni zamanda onların qastrolları təmin edildi, şəhər mərkəzində evlər verildi və.s Hətta bir sıra incəsənət adamları dünyanın aparıcı ölkələrinə təhsil almağa göndərildi. İllər keçdi. Müstəqillik dövründə iqtisadi, sosial gərginlik oldu. Qarabağ problemi bir formasiyadan digər formasiyaya keçdi. Sosializm ləğv oldu, bazar kapitalizminə keçdik. Sonra isə kino sahəsi yeni iqtisadi formasiyaya heç cür uyğunlaşdırıla bilmədi. Film və incəsənətin üzdə olan bir çox sahələri məsələn kliplər, seriallar, klassik Avropa bəstəkarlıq musiqi nümunələri, opera,balet, teatr tənəzzülə uğramağa başladı. Tənəzzül olan yerdə isə uğurdan və ya hər hansı iqtisadi mənfəətdən söhbət gedə bilməz. Amma son illər bununla bağlı müyyən ardıcıl işlər görülür. Bilirsiz ki, ölkə başçısı serialların çəkilməsi ilə bağlı hər il 5 milyona yaxın datasiya ödəyir. Eyni zamanda müstəqil kinostudiyalar kinofilmlər, komediyalar, seriallar çəkməyə başlayıb. Reklamlar milliləşdirilib. Artıq müğənnilər və fanaqram istehsalçıları, konsert təşkilatçıları, toy biznesi ilə məşğul olan şəxslər müəyyən mənada kreativ sənayedən qazanc əldə etməyə başlayıblar. Amma nədənsə aktyorlarımız bu məsələdə bir qədər geri qalıblar. Müstəqil studiyaların yaratmış olduğu filmlər əsasən bazara ünvanlanmış konversiya xarakterlidirlər. Onların bir çoxu uğur qazanıb, milyonlarla baxış əldə edib. Amma dediyim kimi, bazar çox kiçik olduğuna görə iqtisadi cəhətdən elə də böyük mənfəət əldə etmirlər. Son illərdə Azərbaycanda bir neçə maraqlı serial çəkilib. "Alatava", "Xəyanət", xüsusən də "Vətəndaş A" serialı yüzminlərlə baxış əldə ediblər. Mən bir kulturoloq olaraq "Vətəndaş A" serialının yaradıcı heyyətinə xüsusi hörmət və sayğımı bildirirəm. Ordakı aktyorlardan tutmuş, gənclərə verilən mesajlara, qaldırılan ictimai-sosial problemlərə qədər hər detal bizi çox sevindirir. Biz çoxdandır ki, belə ictimai-sosial əhəmiyyətli ekran əsəri gözləyirdik. Amma bu çox azdır. Belə uğurlu sənət nümunələri çox olmalıdır ki, insanlarımız xarici film və seriallardan özlərini çəkib öz filmlərimizə qayıtsınlar. Film və seriala çox baxış olduqda, düzgün reklam olunduqda seriyalar artacaq və aktyorlarımız da yaxşı qonorar alacaq. Serial və kino sənəti də inkişaf edəcək. Amma yalnız Azərbaycanın daxili üçün yox, İran, Türkiyə və türkdilli ölkələr üçün də film və seriallar çəkməyə başlamalıyıq. Seriallarımız, xüsusən, Şərq ölkələri üçün mütləq türkiyə türkcəsinə, fars, ərəb, uydu dillərinə tərcümə edilib onların bazarlarına çıxarılmalıdır ki, aktyorlarımızın inkişafı və qazancı təmin olunsun. Əlbəttə seriallarımız getdikcə inkişaf edəcək. Necə ki, Türkiyədə ilk vaxtlar serial sənayesi çox zəif idi, amma yeniləndikcə Türkiyə serialı dünyanın aparıcı serial sahəsində öz yerini tutdu. Aktyorlarımızın özləri də özlərini brendləşdirməyə hazır olmalıdırlar. Aktyorlarımız bir filmə çəkilir sonra gedib toyda tamadalıq edir və özünün bütün yaradıcılığını bitmiş hesab edir. Halbuki onlar biraz çəkinməlidir, kütlənin arasına az çıxmalıdır, müxtəlif elitar tədbirlərə dəvət almalıdırlar. Bu tədbirlər sadəcə elə belə deyil, qonorarlı olmalıdır. Ümumiyyətlə serial, film, şou proqramları, televiziya verilişləri Azərbaycanda çox surətlə inkişaf etməlidir". Geri qayıt |