Əsas Səhifə > Güney Press > 3 cəbhədə müharibə: İran üçün proses başladı

3 cəbhədə müharibə: İran üçün proses başladı


2-12-2024, 16:23
3 cəbhədə müharibə: İran üçün proses başladı
Yaxın Şərqdə son bir ildə cərəyan edən hadisələr, İsrailin HƏMAS və “Hizbullah” kimi qruplaşmalarla müharibəsi böyük prosesin başlanğıcı hesab olunur. İddialara görə, prosesin davamında əvvəlcə Suriyanın, sonra İranın parçalanması planı var.

Bəzi analitiklərin fikrincə, hələ “Ərəb baharı” zamanında məhz Rusiya Suriya Prezidenti Bəşər Əsədə dəstək verdiyinə görə Dəməşq xilas olmuşdu. Lakin hazırda Moskvanın başı Ukrayna müharibəsinə qarışdığı üçün Əsədin tək qaldığı bildirilir. Analoji hal İrana da şamil edilir.

Beləliklə, Suriyadan sonrakı hədəf İrandır?

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Tehranın birbaşa hədəf seçildiyini düşünmək olmaz:

“Bunun üçün İsrailin potensial imkanları olmalıdır. Tehranın bir tərəfdə HƏMAS, digər tərəfdə isə “Hizbullah” kimi proksi qüvvələri zəiflədilir. Eyni zamanda İsrail də canlı qüvvə, hərbi texnika, maliyyə və bütövlükdə iqtisadiyyatda xeyli itkilər verir. İran kimi böyük bir dövlətlə savaşıb onu hədəfə çevirmək asan məsələ deyil. Bir dövləti susdurub, iradənizə tabe üçün sadəcə havadan hücumlar kifayət etmir, quru qoşunlarına ehtiyac var. İran da həmsərhəd ölkə deyil. Belə olsa da, İsrailin quru qoşunları kontekstində rəsmi Tehranın qarşısına çıxmaq imkanı yoxdur”.

Natiq Mirinin sözlərinə görə, İsrailin əsas döyüş qabiliyyəti “vur, qaç”dan ibarətdir:

“Konkret strateji hava-yer, yer-yer raketləri ilə istədiyi obyektləri dağıda bilir. Bunu bütün potensialı ilə İrana tətbiq etmək İsrail üçün böyük problemlər yarada bilər. Təl-Əvivə ciddi bir koalisiya lazımdır, yəni ABŞ başda olmaqla bir neçə güclü dövlətdən ibarət koalisiya yaradılmalıdır. Amma rəsmi Vaşinqtonun müharibəyə qoşulacağını təsəvvür etmək düzgün deyil. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp belə itkiləri gözə almayacaq. Suriyadakı rejimin çökməsi indiki vəziyyətdə İsraili narahat edən mühüm məqamdır. Çünki orada hakimiyyətə kimlərin gəlməsi sual altındadır. Eyni zamanda həmin qüvvələrin Suriyanın işğala məruz qalan ərazilərini geri qaytarmaq istəyi ortalığa çıxa bilər.

Məlum olduğu kimi, Donald Trampın birinci hakimiyyəti dönəmində Suriyanın işğal olunmuş Qolan təpələri beynəlxlaq hüquq gözardı edilərək İsrailin ərazisi kimi tanındı. Bu, beynəlxalq hüquqa tüpürmək demək idi və Tramp da bunu etdi. O baxımdan Suriyada hakimiyyət dəyişəcəyi təqdirdə həmin torpaqların tələb olunması, regionda yeni savaş mərkəzinin yaranması ehtimalı var”.

Politoloq qeyd edib ki, sözügedən proses baş tutarsa, İsrailin qüvvələri 2-3 cəbhədə vuruşmalı olacaq:

“Təl-Əvivin belə bir potensialı yoxdur, kiçik dövlətdir, əhalisi 10 milyona çatmır. ABŞ və onun rəhbərlik etdiyi koalisiya ciddi dəstək vermədən İsrail bunu uzunmüddətli səviyyədə bacarmaz.

Suriyada gedən proseslərə İran da müdaxilə edə bilər. Tehran kukla rejimi saydığı Əsəd hökumətinin vəzifədən getməsini özü üçün təhlükə hesab edir. Geosiyasi dəyərləndirmələr aparan İran, Suriya rejiminə dəstək göstərəcəyini bəyan edib. İranın xarici işlər naziri Abbas Araqçı bu səbəbdən təcili olaraq Dəməşqə getdi”.

Geri qayıt