Əsas Səhifə > Güney Press > Marketlərdə satılan süd və süd məhsulları
Marketlərdə satılan süd və süd məhsullarıBu gün, 13:39 |
Son zamanlar mağazalarda, böyük super marketlərdə satılan qablaşdırılmış süd və süd məhsullarının insan sağlamlığı, xüsusilə uşaqlar üçün zərəli olması barədə məlumatlar yayılır. Qablaşdırılmış süd və süd məhsullarının təbii südlə əlaqəsinin olmadığını deyənlər iddia edirlər ki, süd zavodlarında pasterizasiya edilmiş süddən yağlılıq çıxarılır, tərkibinə natrium-benzoat qatılır, bu isə kanserogen maddədir, xərçəng riskini artırır. Pravda.az məsələni daha geniş şəkildə araşdırıb. TƏBİİ SÜD VƏ SÜD MƏHSULLARINDA NƏLƏRƏ DİQQƏT EDƏK? Süd məhsullarını yemək üçün ən optimal vaxt HANSIDIR? Süd və süd məhsulları dünyanın hər yerində geniş istifadə edilən əvəzsiz qidalardandır. Süd yaxşı stimulyator olduğu üçün orqanizmə daxil olan başqa qida maddələrinin mənimsənilməsini artırmağa köməklik göstərir. Lakin zaman-zaman Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) də yaydığı məlumatlarda bildirilir ki, açıq şəraitdə satılan süd məhsulları gigiyenik baxımdan insan orqanizmində zərərli xəstəliklərə səbəb ola bilər. Buna görə də süd və süd məhsulları alarkən qablaşdırmanın üzərində istehsalçı müəssisənin adı və ünvanının, məhsulun adının, yağın kütlə payının, əmtəə nişanının, məhsulun xalis çəkisinin, istifadə tarixinin, tərkibinin, istifadə qaydaları haqda məlumatların, saxlanılma müddəti və şəraitinin, standartın nömrəsinin olub-olmadığına diqqət etmək lazımdır. Mütəxəssislər bildirirlər ki, süd məhsullarının qablaşdırılmış paketlərinin zədəsiz olması vacibdir. Süd tez xarab olan məhsullar kateqoriyasına daxildir, buna görə də insanlar istehlak edəcəkləri miqdarda məhsul almalı, mütləq soyuducuda saxlamalıdırlar. Saxlama müddəti keçmiş süd məhsullarının istifadəsi sağlamlıq üçün təhlükəlidir. Saxlanılma şəraitinin və müddətinin pozulması süd və süd məhsullarında bakteriyaların inkişafını sürətləndirir. Mağazalarda satılan süd məhsullarının tərkibinə şəkər, antibiotiklər və konservantlar daxildir. Araşdırmalara görə, süd məhsulları tez xarab olursa, bu, məhsulun təmiz olmasından, tərkibində əlavə qatqıların olmamasından xəbər verir. Yəni otaq temperaturunda saxlanılan süd məhsulları üç gündən sonra qıcqırmalı, göbələk, kif bağlamalıdır. Bunun normal hal olduğunu deyən mütəxəssislər bildirirlər ki, bu, məhsulun təbii süddən hazırlandığının göstəricisidir. AZƏRBAYCANDA İSTEHSAL EDİLƏN MƏHSULLARIN KEYFİYYƏTİ Ölkəmizdə süd məhsullarının 60%-inin quru süddən hazırlandığı deyilir. Məlumdur ki, quru süddən hazırlanan məhsulların yararlılıq müddəti də uzun olur. Çünki bir çox istehsalçı şirkətlər məhsullarının rəf ömrünü uzatmaqda maraqlıdırlar. Təcrübələr göstərir ki, əmtəə bazarında satılan, xüsusilə xaricdən gətirilən xama, qaymaq və bu kimi süd məhsullarının yararlılıq müddəti üç aydan çoxdursa, deməli, həmin məhsulun tərkibinə yüksək miqdarda kimyəvi maddələr vurulub. Bu kimyəvi maddələr təkcə südün tərkibindəki canlı bakteriyaları öldürmür, insanda bağırsaqların mikroflorasını da məhv edir. Mətbuatda müxtəlif illərdə yayılan məlumatlardan da aydın olur ki, xüsusilə qərb bölgəsində kənd təsərrüfatı ilə məşğul olanların bəziləri isti südün tərkibində sellofanı əridərək ondan qaymaq düzəldirlər. Üstəlik, paytaxtda pərakəndə şəkildə satılan camış yağlarının tərkibinə piy, sellofan, marqarin qatılması barədə də şikayətlər az deyil. Mütəxəssislər kənd yerlərində hazırlanan süd məhsullarının soyuducuda yeddi, otaq temperaturunda isə üç gün saxlanıla biləcəyini deyirlər. ƏN ÇOX ŞİKAYƏT EDİLƏN ŞİRKƏTLƏR Marketlərdə satılan südlərin nədən hazırlandığını bilirsinizmi? Ölkədə fəaliyyət göstərən iri süpermarketlərin satışa çıxardığı süd və süd məhsulları arasında şikayət edilən brendləri də araşdırdıq. Adı ən çox hallananlar elə market rəflərini ən çox bəzəyənlərdir. Məsələn, “Azərsüd”ün məhsulları barədə gələn şikayətlərin çoxu istehsal tarixi və istifadə müddəti barədə olub. Ən çox istehlak edilən “Atena” brendi barədə isə mətbuatda və sosial şəbəkələrdə saysız-hesabsız şikayətlər var. Nəhayət, “Milla” məhsulları. Bu brend barədə internetdə axtarış verdikdə, demək olar, hər il mənfi xəbərlər dərc olunduğuna rast gəlirik. Uzağa getməyək, 2024-cü ilin əvvələrində "Milla" süd zavodunun da istehsal etdiyi südün tərkibinə təhlükəli maddələrin qatılması barədə xəbərlər yayılmışdı. "Milla"nın südtoplama məntəqələrində əhalidən yağsız və üzsüz süd toplanmasına dair məlumatlarda qeyd olunur ki, şirkət üzsüz südə "Sun 17" yağı əlavə edir, südün yağlılığını "Qamogen" deyilən aparatla 2.5 faizə qaldırır. Eyni zamanda süd məntəqələrdə anti-sanitar vəziyyətdə toplanılır, tərkibi yoxlanılmır. BƏS ÖLKƏMİZDƏ BU SAHƏYƏ NƏZARƏT NECƏDİR? Maraqlıdır, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov Pravda.az-a açıqlamasında bildirib ki, mağazalarda, iri supermarketlərdə satılan qablaşdırılmış süd və süd məhsullarının ziyanlı olduğu barədə yayılan fikirlərlə razı deyil: “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hər bir məhsulun istehsal prosesinə, saxlanılmasına, daşınmasına və satışına nəzarət edir. AQTA-nın çox müasir laboratoriya bazası var və biz Qida İnstitutunda aparılan laboratoriya yoxlamaları ilə yaxından tanış olmuşuq. Yəni rəsmi şəkildə istehsal olunaraq satışa çıxarılan süd məhsulları nəzarət altındadır. Bu baxımdan, hesab edirəm, qabalaşdırlmış süd məhsulların keyfiyyətinin aşağı və insan orqanizmi üçün ziyanlı olması ilə bağlı yayılan xəbərlər şayiələrdən başqa bir şey deyil”. Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov da deputatın fikirlərini təsdiqləyib: “Qablaşdırılmış süd və süd məhsullarının təbii südlə əlaqəsinin olmaması, süd zavodlarında pasterizasiya edilmiş süddən yağlılığın çıxarılması, tərkibinə natrium-benzoat qatılması barədə informasiya kökündən səhvdir. Südə pasterizə zamanı heç bir əlavə maddə qarışdırılmır. Pasterizə edirlər ki, məhsul tez xarab olmasın. AQTA və digər dövlət orqanları bu işə ciddi nəzarət edir. Tərkibinə nəsə qarışdırılsa, etiketdə mütləq yazılmalıdır. Əks halda, şirkətləri böyük cərimə gözləyir”. E.Hüseynov həmçinin bildirib ki, hazırda ölkədə süd qıtlığı var: “Yaxın 5 ildə bu məsələ həll olunacaq. Azərbaycan özünü südlə də, ətlə də təmin edəcək. İşğaldan azad edilmiş ərazilərimizdə təsərrüfat sahələri açılacaq. Daim dükandan alınmış süd istehlak edirəm. İnanıram ki, heç bir problem yoxdur”. QİDA MÜTƏXƏSSİSLƏRİ HANSI QƏNAƏTDƏDİR? Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova müzakirələrlə bağlı daha geniş izah verib: “Qablaşdırılmış süd və süd məhsullarının bir çox hallarda ziyanlı, keyfiyyətsiz olmaları ilə bağlı məlumatlar verilsə də, bu məlumatlar heç də hər zaman həqiqəti əks etdirmir. Bu məsələdə mütləq birinci növbədə diqqət edəcəyimiz məqam məhsulun həqiqətən də güvənilir, etibarlı markaya aid olmasıdır. Eyni zamanda sanitar, gigiyena normalarına əməl olunaraq hazırlanması, şirkətin güvənilir olması ilə yanaşı, emal prosesində keyfiyyətli məhsulları istehsal etməsi də önəmlidir. Pasterizasiya məhsulun tərkibindəki mikroblar baxımından təhlükəsizliyinin təmin olunması, uzun müddət saxlanılması üçün vacib prosesdir. Bu, süd və süd məhsullarında xüsusi önəm daşıyır. Pasterizasiya prosesi zərərli deyil, əksinə, südün təbii halını qorumağa və təhlükəsizliyini artırmağa, rəf ömrünü uzatmağa kömək olur. Bir çox hallarda südün tərkibindən yağının çıxarılması ilə bağlı məlumatlar verilsə də, bu, süd texnologiyasında istifadə olunan prosesdir. Südün yağlılıq səviyyəsinin azaldılması bəzi insanlarda hətta dietik qida kimi və ya kalori miqdarını azaltmaq üçün də istifadə olunur. Bu, doğru şəkildə tətbiq olunsa, ziyanlı proses deyil. Hətta bir çox insanların sağlamlığı üçün faydalıdır”. M.Hüseynova deyib ki, natrium-benzoat daha çox fermentləşdirilmiş süd məhsullarında istifadə olunur: “Natrium-benzoat pendir, qaymaq, qatıq və bu kimi məhsullarda daha çox qoruyucu kimi istifadə olunur. Bu maddənin müəyyən miqdarda istifadəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəyinə görə, zərərli deyil. Süd məhsullarının tərkibinə az miqdarda natrium-benzoat qatılması haqda müəyyən tədqiqatlar var. Bu tədqiqatlar natrium-benzoatın qida qoruyucusu kimi istifadə olunduğunu göstərir. Amma yüksək dozalar və uzun müddətli, davamlı istifadə orqanizmdə müəyyən sağlamlıq problemlərinə gətirib çıxara, bəzən kanserogen də ola bilər. Bu da ÜST-nin və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin rəyində və araşdırmalarının nəticələrində göstərilir. Ümumiyyətlə, süd və süd məhsullarında qəbul olunacaq doza çox önəmlidir. Çünki ÜST-nin rəyinə əsasən, hər bir insan orqanizmi süd və süd məhsullarını 1 kiloqram bədən çəkisinə görə 5 milliqramı keçməmək şərtində qəbul edə bilər. Bu miqdarı qətiyyən aşmaq olmaz. Nəzərə almaq lazımdır ki, digər paketlənmiş məhsulların da tərkibində natrium-benzoat varsa, müəyyən olunmuş dozanı keçmək sağlamlıq riskləri yarada bilər. Buna görə də ehtiyyatla davranmaq lazımdır. Eyni zamanda mənşəyi bəlli olmayan, xüsusilə, tez xarab olmağa məruz qalan, yüksək risk qrupuna aid süd və süd məhsullarını deyil, doğru şəkildə saxlanılan təzə məhsulları almaq, etiket məlumatları tam olan, üzərində istehsalçı şirkət barədə məlumat verilən məhsullara üstünlük vermək lazımdır. Bəzi süd məhsullarında son istifadə müddəti göstərilsə də, açıldıqdan sonra istifadə müddəti fərqlidir. Buna diqqət edilməsi də əsas faktorlardan biridir”. Geri qayıt |