Əsas Səhifə > Güney Press > "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..."

"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..."


Bu gün, 18:00
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..."
Bələdiyyələrin hər avtomobildən əmlak vergisi alması ilə bağlı təklif irəli sürülüb. Bu təkliflə Milli Məclisin iki komitəsinin birgə iclasında deputat Elşad Musayev çıxış edib. Deputat qanunvericilikdə dəyişiklik edilməklə, bələdiyyənin ərazisində olan hər avtomobildən ildə 10 manat əmlak vergisi götürməsini təklif edib. Düzü, bu təklif cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri, araşdırmaçı jurnalist Vüqar Tofiqli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, deputat əslində bələdiyyələrin fəaliyyətinə təkan verilməsi və bələdiyyələrin maliyyəsinin düzəlməsinə dəstək olaraq belə bir təklif irəli sürüb: “2004-cü ilə qədər avtomobillər üzrə əmlak vergisi faktik olaraq Azərbaycan bələdiyyələrin büdcəsinə köçürülürdü. 2000-ci ildə “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunda bütövlükdə maliyyə gəlirlərindən biri də avtomobillər üzrə əmlak vergisi idi. Yəni Dövlət Yol Polisi həmin vəsaiti texniki baxış zamanı avtomobil sahibindən alırdı və bələdiyyənin pulu hər bir rayon üzrə köçürülürdü. Təxminən 2000-ci ildən 2004-cü ilədək bu proses davam etdi. 2004-cü il dekabrda seçkilər ərəfəsində avtomobillər üzrə əmlak vergisinin dövlət büdcəsinin hesabına köçürülməsi ilə bağlı qərar verildi”.

Vüqar Tofiqli qeyd edib ki, Azərbaycan bələdiyyəsinin büdcəsinə daxil edilən bəzi vergilər var idi ki, sonradan istiqaməti dəyişdirildi: “Bu istiqmaət dəyişdirilən vergilərdən biri də avtomobil üzrə əmlak vergisi idi. Eyni zamanda reklamla bağlı ödənişlərin və avtodayanacaqlarla bağlı məsələlərin həyata keçirilməsi ilkin dövrdə bələdiyyə büdcəsinə aid edilmiş olsa da, sonradan həmin o maliyyə vəsaiti dövlət büdcəsinə aid edildi. Ən son mədən vergisi bələdiyyədən alınıb və dövlət büdcəsinə keçirilir”.

Ekspertin fikrincə, bununla bağlı vaxtında addımlar atılmalı idi və indiyə kimi heç bir addım atılmamışdı.

“Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa, onun qarşılığı heç olmasa bələdiyyəyə bu və digər formada verilməlidir. Amma dövlət büdcəsinə köçürülənlərdən heç birisinin qarşılığı bələdiyyəyə verilmədi. Yəni bu vəsait bələdiyyənin cibindən çıxarıldı və dövlət büdcəsinə keçirildi. Dövlət büdcəsinə istiqamətlənmiş vergilərdən reklamla bağlı ödənişlər üzrə nüanslar nəzərə alındı. Belə ki, bələdiyyə mülkiyyətində olan ərazilərdə qoyulan reklamlardan alınan vəsaitin 10 faizi miqdarında bələdiyyənin büdcəsinə köçürülür”-deyə Vüqar Tofiqli bildirib.

Ekspert qeyd edib ki, sonuncu dəfə mədən vergisindən bələdiyə büdcəsinə 1 milyon 400 min manat vəsait toplanmışdı.

"Bu gün dövlət büdcəsinə ayrılanda bu vəsaitin həcmi dəfələrlə artmış olacaq. Olmazmı ki, biz maliyyə istiqamətini bələdiyyədən alırıqsa, heç olmasa yığılan vəsaitin 5-10 faizi bələdiyyə büdcəsinə keçirilsin ki, bu da vətəndaşın hansısa probleminin həllinə yönləndirilsin”-deyən Vüqar Tofiqli vurğulayıb ki, bu təklif yeni təklif deyil. Sadəcə uyğun şəkildə edilmədiyinə görə, cəmiyyətdə ajiotaja səbəb olub.

Geri qayıt