Əsas Səhifə > Güney Press > Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndiBu gün, 16:20 |
Qərb mediasında Azərbaycan əleyhinə qərəzli, həqiqətdən kənar yazılar artan xətlə davam edir. Rəsmi Bakı dəfələrlə bu yazıların həqiqətdən uzaq olduğunu bildirsə də, proses dayanmır. ABŞ-ın, Avropanın yalan və böhtan fabriki tam gücü ilə gecə-gündüz ölkəmizə qarşı dezinformasiya istehsal edir. Nüfuzlu media subyektləri də bu ucuz kampaniyada alətə çevrilib. Bir müddət öncə “Washinqton Post” qəzeti Azərbaycan barədə həqiqətdən kənar məqalə dərc etmişdi. Dünyaca məşhur olan bu qəzet ciddiyyətini itirərək, siyasi oyunlarda haqsız tərəf tutur. Bu kampaniyaya daha bir nüfuzlu Qərb nəşri olan “Politico” da öz “töhfəsini” verməkdədir. Bu media orqanı artıq anti-Azərbaycan kampaniyasının əsas ruporlarından birinə çevrilib. Prezidentin köməkçisi Hikmət Hacıyev “Politico”da ölkəmiz əleyhinə dərc olunan yazılara münasibət bildirib. Nəşrin yalanını ifşa edib, onu üzr istəməyə çağırıb. H.Hacıyevin sözlərinə görə, nəşrin Avropa bürosu Azərbaycandan üzr istəmək və saxta məlumatları əks etdirən məqaləsini təkzib etmək əvəzinə, Avropa və dünya ictimaiyyətini çaşdırmaq üçün dezinformasiyalar yaymağa davam edir. O, Avropa Komissiyasının enerji məsələləri üzrə sözçüsü Tim Makfinin (Tim McPhie) “Aİ bazarlarını təmin edən Cənub Qaz Dəhlizi Azərbaycanın daha geniş təbii qaz sisteminə deyil, yalnız Azərbaycanın qaz yataqlarına bağlıdır” sözünü xatırladıb və bunun doğru olduğunu vurğulayıb. Bu cür qərəzli yanaşmaların səbəbi nədir? Globalinfo.az-a danışan politoloq Sahil Kərimli deyib ki, bəzi Qərb dairələrinin Azərbaycana qarşı qərəzli mövqeyinin uzun illərdir ki, şahidi olmuşuq: “Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il ərzində daim ikili standart, ölkəmizə qarşı haqsız mövqe görmüşük. Son illərdə bu mövqe açıq-aşkar özünü büruzə verir. Bunun da bir çox səbəbləri var. Birincisi Azərbaycan dövləti daim müstəqil, milli maraqlara əsaslanan siyasət yürüdüb. Heç bir zaman Qərbin və ya Avropanın diqtəsi, təzyiqi ilə addım atmayıb. Bu təzyiqlərin qarşısında rəsmi Bakı daim qətiyyətli mövqe nümayiş etdirib. 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandıqdan, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra Qərb dairələri daha da aktivləşib. Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları həzm etmək istəmirlər. Bu gün bəzi Avropa dairələri, təşkilatları, qurumları rəsmi Bakıya qarşı qarayaxma kampaniyası aparmaq siyasəti yürüdürlər”. Politoloqun sözlərinə görə, Avropa siyasi dairələrinin əsas hədəfləri Cənubi Qafqazda gedən proseslərə ciddi nəzarət etmək, öz varlıqlarını qoruyub-saxlamaq cəhdləridir: “Avropa siyasi dairələrinin Azərbaycana qarşı həyata keçirdiyi yaramaz siyasət dövlətimiz və xalqımız tərəfindən böyük hiddətlə qarşılanır. Əvvəlki dövrlərə də nəzər salsaq görərik ki, Avropanın bu addımları heç bir nəticə verməyib. Bu gün də nəticəsiz qalacaq. Azərbaycanın enerji, neft-qaz layihələri istiqamətində də Qərb haqsız mövqe tutur. Ölkəmiz Avropanın enerji təminatında əvəzedilməz rol oynadığı fonunda qarayaxma kampaniyası aparan ölkələr bunun hansı nəticələr verə biləcəyini yaxşı hesablamalıdırlar”. Geri qayıt |