Əsas Səhifə > Güney Press > Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır?
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır?Bu gün, 15:13 |
"TikTok"-da yaşlı insanların canlı yayım açaraq oynaması psixoloji müdafiə mexanizmi ilə bağlıdır". Bu sözləri sosial psixoloq İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib. O, həm də bunu psixoloji problem adlandırıb: "Yaşlı insanların “TikTok” sosial şəbəkəsində bu cür paylaşımlar etməsi çox ciddi məsələdir. Ola bilər ki, bəziləri maddi baxımdan sosial rifahını yaxşılaşdırmaq üçün buna əl atırlar. Yəni, tanınmaq və pul qazanmaq üçün TikTok”-dakı paylaşımlarında, canlı yayımlarında rəqs edirlər. Hər şeyin birmənalı olmadığı üçün bu nüanslara da fikir verməliyik". Həmsöhbətimiz qeyd edib ki, ağsaqqal və ağbirçək insanların sosial şəbəkələrdə rəqs etməsi reqressiya adlanan psixoloji müdafiə mexanizmi ilə bağlıdır: "Yəni, bəzi yaşlı insanlar özlərini gənclərlə eyniləşdirmək istəyirlər. Onlar da sosial şəbəkələrdə özlərini təbliğ etməyə həvəs göstərirlər. Bəzi yaşlı insanlar ibrətamiz nələrsə paylaşırlar. Lakin onların çoxunun yayımları və paylaşımları çox bərbaddır. Bu da psixoloji müdafiə mexanizmi ilə bağlıdır. Onlar həm də zamanında yaşaya bilmədiklərini yaşamağa çalışırlar. Bunları etməklə sanki gəncləşdiklərini zənn edirlər". İlhamə Mustafayevanın sözlərinə görə, bunlar həm də daxili boşluqdan irəli gəlir: "Yəni, zamanında həyata keçməmiş arzularını reallaşdırmağa çalışırlar. İnsan müəyyən zamanlarda özünü sübut etmək üçün fərqli yollara əl atır. Yaşlı nəslin bəzi nümayəndələrinin sosial şəbəkələrdəki hərəkətləri öz daxili konfliktləri ilə də bağlı ola bilir. Onlar sanki özlərini sakitləşdirmək, reallaşdırmaq və "mən də varam" demək üçün bu addımı atırlar. Psixoloji olaraq hələ də qocalmadıqlarını düşünmək istəyirlər. Əslində, hər bir insanın psixoloji olaraq təlabatları var. Bu, həmçinin zamanında ödənilməmiş tələbatlarla da bağlı olur. Bəzi insanlar da acı reallıqlardan və problemlərindən qaçmaq üçün “TikTok”-da məlum çəkilişləri edirlər. Onlar bütün bu səbəblərə görə “TikTok”-da özlərini gündəmə gətirirlər". Geri qayıt |