Əsas Səhifə > Güney Press > Bakının COP29 TÖHFƏSİ...

Bakının COP29 TÖHFƏSİ...


Bu gün, 13:05
Bakının COP29 TÖHFƏSİ...
“Azərbaycan COP29-u uğurla başa vurdu. Ən mühüm nailiyyət iqlim maliyyəsi üçün yeni hədəfin - Bakı İqlim Hədəfinin müəyyən edilməsidir: 2035-ci ilədək 300 milyard dollar əsas hədəfə çatmaq, 2050-ci ilədək isə bu məbləği 1.3 trilyon dollara qaldırmaq. Müqayisə üçün, 2009-cu ildə qəbul edilən iqlim maliyyə hədəfi 100 milyard dollar idi və buna yalnız 2022-ci ildə nail olunmuşdu. Bu məbləğ inkişaf etməkdə olan dövlətlərin iqlim dəyişiklikləri ilə mübarizəsinə yardım edəcək”.
Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə açıqlamasında bildirib ki, həmçinin, 2015-ci ildə qəbul edilən Paris iqlim sazişinin indiyədək tam razılaşdırıla bilməyən 6-cı maddəsi nəhayət ki, razılaşdırıldı: “Belə ki, indiyədək 6-cı maddənin 2 və 4-cü bəndləri üzrə dövlətlər arasında razılaşma əldə olunmamışdı. Ümumiyyətlə, bu maddə dövlətlərin iqlim dəyişikliyi üzrə əməkdaşlıq mexanizmləri işləyib hazırlamasını, o cümlədən karbon kreditlərinin alınıb-satılmasını, yəni karbon ticarətini nəzərdə tutur. Bu, həm də karbon emissiyası həddlərinin müəyyən edilməsi və normadan artıq emissiya üçün karbon vergisinin tətbiq olunması ilə əlaqədardır. İlk dəfə 1990-da Finlandiya karbon vergisini tətbiq edib. Hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən Avropa İttifaqında 2005-ci ildən bəri karbon vergisi tətbiq olunmaqdadır. İlk dəfə karbon kredit ticarəti sistemini 2008-də Çin həyata keçirib”.

Politoloq qeyd edib ki, bu inisiativə görə karbon emissiyası həddini aşan qurumlar normadan artıq CO₂ ixrac etdiyinə görə ödəyəcəyi vergi əvəzinə karbon kreditləri ala bilərlər: “Karbon kreditini meşələrin salınması, yaxud alternativ enerji layihələri həyata keçirən tərəflər satışa çıxarır. Beləliklə, artıq CO2 ixrac edən tərəf öz məsuliyyəti həcmində yaşıllaşmaya və yaşıl iqtisadiyyatın inkişafına töhfə vermiş olur və vergi yükündən azad olur. Beləliklə, qarşıdakı dövrdə ölkəmizdə də karbon vergisi haqda qanunun qəbulu müzakirə oluna bilər”.

Şəhla Cəlilzadə bildirib ki, çoxsaylı qarayaxma kampaniyalarına və boykot çağırışlarına baxmayaraq COP29 Bakıda yüksək səviyyəli iştirak və əlahiddə nəticələrlə yekunlaşdı: “Bakı İqlim Hədəfi eko-aktivistlərin və siyasətçilərin yaddaşında müsbət irəliləyiş kimi əbədi qalacaq. Bu nəticələr Qərbdə qaralanmağa çalışılsa da, on illərdir 100 milyard həddini aşa bilməyən dövlətlər üçün Bakıda bu rəqəmin 3 dəfə artırılması və 1.3 trilyon dollarlıq növbəti hədəfin müəyyən olunması inkarolunmaz uğurdur”.

Politoloqun fikrincə, COP29-da alınan nəticələr qlobal iqlim dəyişiklikləri ilə mübarizə və yaşıl iqtisadiyyata keçiddə mühüm bir mərhələnin adlanması deməkdir.

Geri qayıt