Əsas Səhifə > Güney Press > Fidanın mesajı təşviş doğurdu
Fidanın mesajı təşviş doğurduBu gün, 13:42 |
Türkiyə xarici işlər naziri Hakan Fidan deyib ki, ABŞ Suriyada PKK ilə əməkdaşlıq etdikcə Ankara ilə bağlı strateji problemi davam edəcək. “ABŞ Tramp dövründə Suriyadan çəkilmək istədi. Lakin o vaxtkı ABŞ sistemi buna məhəl qoymadı və razılaşmadı. Prezidentin birbaşa göstərişinin müdafiə bürokratlarının gözündə o qədər də hərbi əhəmiyyət kəsb etmədiyi müşahidə olundu. Təbii ki, Tramp keçmişdə baş verənlərdən nəticə çıxarmalıdır”, – deyə Fidan qeyd edib. Trampın Suriya ilə bağlı yanaşması bu dəfə necə ola bilər? Eyni siyasəti davam etdirib, Türkiyə ilə münasibətlərin pisləşməsini gözə alacaqmı? Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, rəsmi Vaşinqtonun Suriyadakı PKK terrorçularına dəstək verməsi ABŞ və Türkiyə arasında əsas problemlərin sırasına daxildir: “Ağ Ev Suriyadakı PKK terrorçularını ABŞ-ın bölgədəki əsas müttəfiqləri sırasına daxil edib. Bu terror təşkilatı Türkiyədə cinayətlər, partlayışlar törətsə də, Ağ Ev niyəsə NATO müttəfiqi Türkiyənin milli təhlükəsizlik maraqlarına laqeyd yanaşır. Bu azmış kimi Vaşinqtonun hərbi mütəxəssisləri PKK terrorçularına təlimlər keçirlər. Eyni zamanda, Ağ Ev Suriyadakı həmin terror təşkilatını həm maliyyələşdirir, həm də silah-sursatla təmin edir. NATO daxilindəki müttəfiqlik münasibətlərinə kəskin zidd bu davranış ABŞ və Türkiyə arasında problemlərin dərinləşməsinə yol açır”. Politoloqun sözlərinə görə, Donald Trampın ilk hakimiyyəti dövründə ABŞ-ın Suriyadan çıxması ilə bağlı müəyyən cəhdlər göstərilsə də, sona qədər davam etdirilmədi: “Bu dəfə Trampın ABŞ hərbi bazalarını Suriya ərazisindən çıxarıb-çıxarmayacağı hələlik məlum deyil. Ola bilər ki, Tramp əvvəlki fikrindən geri çəkilsin. Çünki o, İsraili dəstəkləmək siyasət yürüdür. Bu baxımdan Əsəd rejminə qarşı PKK terror təşkilatından istifadə bəhanəsi ilə ABŞ hərbi bazaları Suriya ərazisində saxlanıla bilər. Ancaq rəsmi Ankaranın məsələ ilə bağlı mövqeyi prinsipialdır. Türkiyə Suriya ərazisində PKK-nın tam ləğv olunması qərarını verib. Bu hədəfə çatmaq üçün ABŞ-ın Suriyadan çıxması vacibdir. Rəsmi Vaşinqtonun ayağının dəydiyi hər yerdə hərbi münaqişələr, xaos hökm sürür. ABŞ Suriyadan çıxarsa, PKK problemi həll olar, eləcə də orada qeyri-leqal hərbi birləşmələrin fəaliyyəti də tamamilə aradan qaldırılar. Bundan sonra Türkiyə-Suriya münasibətlərinin normallaşması da mümkündür. Türkiyə sərhəddə təhlükəsizlik zonasının yaradılması ilə bu istiqamətdə maraqlarını təmin edə bilər”. Geri qayıt |