Əsas Səhifə > Güney Press > Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub

Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub


21-11-2024, 17:28
Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub
Noyabrın 21-də Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının
təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü
münasibəti ilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin
abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, onun əziz xatirəsini yad
ediblər.
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə əvvəlcə Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli lider Heydər
Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını fəda etmiş
şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim
Məmmədov Yeni Azərbaycan Partiyasının ildönümü münasibəti ilə tədbir
iştirakçılarını ürəkdən təbrik edərək, onlara uzun ömür, can sağlığı və
işlərində müvəffəqiyyətlər arzulayıb.
İcra başıçsı bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi
zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-
siyasi şəraitin məntiqi nəticəsi idi.
1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ulu Öndərə müraciət
edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi.
Ümummilli lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr
tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və
ona rəhbərlik etməyə razılıq vermişdi.
1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni
Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil
Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Xalqın ümid yeri
olan Heydər Əliyevin siyasi meydana qayıdışı isə Azərbaycanı bəlalardan
xilas etdi, onun gələcək uğurlarına yol açdı.
Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz
inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə
bağlı böyük əminlik yarandı.
1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən
kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən bütün problemlərə
həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən
nəhəng iqtisadi layihələr həyata keçirildi. “Əsrin müqaviləsi” imzalandı,
Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində
Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində
ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr,
beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq
müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.
Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham
Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın
üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın
tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu
Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət
nəticəsini verdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi
bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına
son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı.
Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
torpaqlarımızı işğaldan azad etdi, BMT Təhlükəsizlik Şurasının
qətnamələrini yerinə yetirdi, ərazi bütövlüyümüz bərpa olundu və haqq-
ədalət öz yerini tapdı. Ötən ilin sentyabrın 19-da rəşadətli Ordumuzun
Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə
öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda
nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsi ilə nəticələndi,
dövlətimizin suverenliyi tam bərpa edildi və bununla ölkəmiz tarixinin yeni
dövrünə daxil oldu. Bu, Prezident İlham Əliyevin qətiyyəti, müdrik və
uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında
“dəmir yumruğ”a çevrilmiş xalqımızın daha bir tarixi Zəfəridir.
Hazırda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçirilir.
COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli
tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri
arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın
göstəricisidir. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək
sahəsində özünə yetərincə müsbət imic qazanıb. Tədbirin Azərbaycanda
keçirilməsi ilə bağlı qərar həm də ona görə əhəmiyyətlidir ki, bu,
Azərbaycanın lokal antiterror tədbirlərindən iki ay yarım sonra verilib. Bu isə
dünya ictimaiyyətinin Azərbaycanın atdığı addımlara dəstəyindən xəbər
verir. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl
iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya
sübut edəcək. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha
da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan
çatdırılmasına böyük təkan verəcək.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək partiyanın
yaranma tarixinə və fəaliyyətinə nəzər salıb. Bildirib ki, 1993-cü ildə
Azərbaycanda ictimai siyasi vəziyyət gərgin xarakter almışdı. Bir tərəfdən
mərkəzi hökumətin Azərbaycana qarşı mənfi münasibəti, digər tərəfdən isə
Ermənistanın vəziyyətdən sui-istifadə edərək ölkəmizə qarşı ərazi iddiaları
ilə çıxış etməsi və silahlı hücuma başlaması vəziyyəti daha da
gərginləşdirdi.
Azərbaycan xalqı bu vəziyyətdən çıxış yolunu yalnız Heydər Əliyevin
hakimiyyətə qayıdışında görürdü. Xalqın ziyalıları o dövrdə Naxçıvanda
yaşayan Heydər Əliyevə müraciət etdilər və partiya yaradılması qərara
alındı. Heydər Əliyevin siyasi nüfuzu o qədər böyük idi ki, YAP yarandıqdan
qısa müddət sonra hakimiyyətə gəldi.
Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq atəşkəs rejimi
oldu, ictimai-siyasi sabitlik yaradıldı və iqtisadi inkişafın əsası qoyuldu.
Hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan Ordusu Qarabağı erməni işğalından azad edib. Bu Qələbənin
əsasını da Heydər Əliyev Azərbaycanı inkişaf etdirərək qoyub.
Sonra Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Murad
Cəfərov, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə
nümayəndəsi Ceyhun İsmayılzadə, Hüsənli kənd İƏD üzrə nümayəndə
Gülüstan Əhmədova, Ağdərə şəhər İƏD üzrə nümayəndəliyin baş
məsləhətçi-baş mühasibi Vüsalə Ələsgərova, Mamırlı kənd tam orta
məktəbinin direktoru Əli Əzimov çıxış edərək partiyanın keçdiyi çətin yola
nəzər salıblar.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanın bu gün əldə etdiyi qələbələr və
qazandığı uğurların arxasında Heydər Əliyevin siyasi kursunun uğurlu
davamı dayanır. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu layiqlə
davam etdirərək ata vəsiyyətini yerinə yetirdi və Azərbaycanın suverenliyini
bərpa edərək Qarabağı işğaldan azad etdi. Bu gün Qarabağda böyük
quruculuq işləri həyata keçirilir. Qarabağdan didərgin düşən
vətəndaşlarımız öz doğma yurdlarına qayıdırlar.
Tədbirdə rayonun ictimai- siyasi həyatında fərqlənən bir qrup YAP üzvü
Fəxri fərmanla təltif olunub, YAP-a yeni üzv olan şəxslərə vəsiqələr təqdim
edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himni ilə yekunlaşıb.

Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub
Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub
Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub
Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub

Geri qayıt