Əsas Səhifə > Güney Press > Deputat "Vətəndaş A" serialından danışdı

Deputat "Vətəndaş A" serialından danışdı


Bu gün, 10:50
Deputat "Vətəndaş A" serialından danışdı
"İctimai TV"min efirində yayımlanan "Vətəndaş A" serialı bir neçə seriya yayımlanmasına baxmayaraq, geniş auditoriya toplamağı bacarıb. Cəfər Cabbarlının "Almaz" pyesinin motivləri əsasında ekranlaşdırılan serial son illərin ən sərbəst, bir o qədər də uğurlu işi kimi qiymətləndirilir. Son bölümləri ilə daha çox səs-küyə səbəb olan "Vətəndaş A"nın aktyor heyəti, sözün əsl mənasında, cəsarət nümayiş etdirir.

Bu barədə Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, Cəfər Cabbarlı yaradıcılığının uğurlarında sayılan "Almaz" əsəri uzun müddət Azərbaycan səhnəsində müvəffəqiyyətlə canlandırılıb, böyük tamaşaçı hörməti qazanıb:

"Qadın azadlığını özündə əks etdirən "Almaz" əsəri qadınlar üçün bir simvola çevrilib, həmin dövrdə də bu əsərin tamaşaya qoyulmasından sonra bir çox valideynlər övladına Almaz adını qoymağı şərəf hesab etdilər. Əgər bu gün "Almaz" əsəri "Vətəndaş A" serialının timsalında yenidən səhnələşdirilirsə, bu, səhnəmizin uğurlarından sayılmalıdır. Serialın uğur qazanması rejissor işindən, aktyorların düzgün seçilməsindən, onların peşə qabiliyyətindən də çox asılıdır. Düşünürəm, gənc sənətkarlarımızın son illərdə səhnə yaradıcılığı uğurlu sayılmalıdır. "Vətəndaş A" kollektivinə işlərində uğurlar arzulayıram. Həyatımızı, mənəviyyatımızı, məişətimizi, milli-mənəvi dəyərlərimizi əks etdirən əsərlərin səhnəyə qoyulmasını təqdir edirəm. Bu, çox müsbət haldır və dəyərləndirilməlidir", -deputat bildirib.

Qeyd: "SFN Film" şirkətinin istehsalı olan serialın rejissoru Rüstəmzadə Elvin, operatoru Vasif Vəlizadə, prodüseri Sevinc Əliyeva, ssenaristi isə Asiman Ağa Rövşəndir.

Geri qayıt