Əsas Səhifə > Güney Press > “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…”

“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…”


Bu gün, 15:33
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…”
Hər gün mediada və sosial şəbəkələrdə Milli Məclisin deputatlarının seçicilərlə görüşdüyünə dair məlumatlar yayılır. Seçicilərlə səmimi fotolar paylaşılır, onların problemlərinin dinlənildiyi, həlli istiamətində müəyyən addımlar atıldığı deyilir.

İctimaiyyəti maraqlandıran əsas məsələlərdən biri isə həmin seçicilərin deputatlara hansı tələb, problemlərlə müraciət etməsidir.

Globalinfo.az-a danışan millət vəkili Tənzilə Rüstəmxanlı deyib ki, deputat seçildiyi Neftçala rayonu çox ağır bölgədir:

“Hər gün rastlaşdığım suallardan biri yolların təmiri, asfaltlanması məsələsidir. Bəzi yerlərdə isə su problemi aktualdır. Lakin ən çox səsləndirilən, hər görüşdə irəli sürülən məsələ işsizlikdir. İşlə təmin olunmaq istəyirlər. Bir başqa tələb isə sosial təminatla bağlıdır. Bu təminatı ala bilmədiklərindən gileylənirlər. Bəzi bürokratik əngəllərin olduğunu söyləyirlər. Əsasən bu fikirlər olur. Sözügedən proses isə onları həddindən çox qəzəbli edir. Mən də onlara uyğun bir dildə vəziyyəti izah etməyə çalışıram. Bu tələbləri, istəkləri aidiyyatı yerlərə çatdırmaq üçün əlimdən gələni edirəm. Amma bunlar şəxsi tələblərdir”.

Tənzilə Rüstəmxanlının sözlərinə görə, Neftçala üçün seçicilər heç bir təkliflə müraciət etmir:

“İş yerlərinin açılması ilə bağlı təklif irəli sürən yoxdur. Neftçala üçün filan işləri görək, addımlar ataq deyən olmur. Belə məsələlər onları maraqlandırmır. Mənim məqsədim isə təmsil etdiyim bölgədə qalıcı işlərin həyata keçirilməsidir. Buna görə də 5 il müddətində əlimdən gələn hər şeyi edəcəm. Əhali ilə görüşmək çox önəmlidir. Lakin müraciətlərin 99 faizi sırf şəxsi ehtiyaca söykənir. Onun da müəyyən bir qismini gücümüzün yetdiyi qədər həll etməyə çalışırıq”.

Deputat qeyd edir ki, seçicilər bu gün deputatların səlahiyyətinə aid olmayan çox məsələləri tələb edirlər:

“Deputat yol, su çəkir? Neftçalada əsas problem sudur və bununla bağlı lazımi yerlərə müraciətlər etmişəm. Bərbad vəziyyətdə olan bəzi yollarla bağlı da müraciətlər ünvanlamışam. Amma əhali fərqli istəklərlə bizə müraciət edir. Ümumilikdə, bütün bölgələrdə seçicilər millət vəkilindən səlahiyyətində olmayan işləri görməsini istəyir. Düşünürlər ki, deputat gedib kiminsə evinin damını vurmalıdır. Amma iməcilik edib öz həyətlərini təmizləmirlər. Bunun da problemini millət vəkilinə deyirlər. Bir-iki məhlənin sakinləri yığışıb müəyyən qədər ağac əkmək təşəbbüsündə olmur. Gözləyirlər ki, biz gedib onların həyətini yaşıllaşdıraq. Hər şeyi deputatların etməsini gözləyirlər. Bu tendensiyanın qarşısı alınmalıdır”.

Deputat Arzuxan Əlizadə isə məsələyə belə münasibət bildirib:

“Seçilər müxtəlif problemlərlə bağlı bizə müraciətlər edirlər. Ən çox isə işsizlik məsələsidir. Bununla bağlı kifayət qədər çox adam müraciət edir. Eyni zamanda sosial, şəxsi problemlər, xəstəliklər, sığortanın qarşılanmadığı əməliyyatların keçirilməsi istiqamətində, eləcə də maddi yardımlar və s. buraya daxildir. Daha çox isə deputatın səlahiyyətinə aid olmayan məsələlərlə bağlı tələblər irəli sürürlər.

Əlimizdən gəldiyi qədər müraciət edən vətəndaşların problemlərinin həlli istiqamətində bir şeylər etməyə çalışırıq”.

Geri qayıt