Əsas Səhifə > Güney Press > “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...”
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...”Bu gün, 12:03 |
COP29 Konfransında iştirak etmək üçün Bakıya gəlmiş ABŞ konqresmeni Frank Pelonidən gözləntilər fərqli idi. O zaman-zaman Azərbaycan xalqını təhqir edib, ermənipərəst mövqe sərgiləyib. Ona görə də, Frank Pelonidən Azərbaycan xalqından üzr istəməsi, ölkəmizə qarşı iftira kampaniyalarına görə cavab açıqlaması gözlənilirdi. Bu adam ABŞ-da islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner konqresmen kimi ad çıxarıb. Onun bütün fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. Bu sözləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. “Peloni ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir. O, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik sərgiləyib”, - deyə o əlavə edib. Komitə sədri bildirib ki, bu gün bütün dünyanın diqqəti Azərbaycandadır: “Dünyanın siyasi, ekoloji gündəmi Bakıda müzakirə edilir. Hazırda dünyada gedən proseslərin nəbzi Azərbaycandadır. Amerikada isə Demokratlar son prezident seçkilərində məğlub olmaqla siyasi arenadan ciddi zərbə alraq, kənarda qalıblar. Bu mənada Amerikalı konqresmen Frank Peloni kimi Azərbaycana neqativ gözlə baxmağa çalışan şəxslər dünyada gedən proseslərdən kənarda qalmaq istəmədiklərinə görə narahatdırlar. Onlar Bakıdakı COP29 tədbirlərinə gəlməsələr, nüfuzları heçə enəcəkdi. Bu kimi şəxslər bu səbəbdən Azərbaycana gəlmişdilər. Onlar Azərbaycanla bağlı indiyə kimi başqa təsəvvürlərlə yaşayırdılar. Düşünürdülər ki, Azərbaycan balaca bir dövlətdir, o kimdir ki Amerikanın senatoruna nəsə desin, etiraz etsin. İddia edə bilərdilər ki, söymüşük, danlamışıq, əleyhinə qətnamələr imzalatdırmışıq, yaxşı eləmişik... İndi də durub Azərbaycana gedirik. Hətta deyə də bilərdilər ki, bizi COP29-a BMT çağırıb. Peloni təsəvvür etmirdi ki, ictimai fikir, vətəndaş cəmiyyəti, beynəlxalq səviyyədə Azərbaycanın nüfuzu fonunda o, indi fərqli bir ölkə qarşılacaq”. Səməd Seyidov hesab edir ki, Peloni Azərbaycana bir fikirlə gəlsə də, gördüyü mənzərə tamam fərqli oldu: “Düşünə bilərdi ki, köhnə bir Azərbaycanla qarşılaşacaq. Amma müasir bir Azərbaycan gördü. Azərbaycan bu gün öz sözünü cəsarətlə, ağılla, təmkinli səviyyədə və yüksək diplomatik prinsiplərə uyğun olaraq deməyi bacarır. Peloniyə cavabı vətəndaş cəmiyyəti, sadə insanlar verdi. Hansısa senator, konqresmen və ya ölkə başçısı Azərbaycanın maraqlarına müdaxilə edə bilməz”. Geri qayıt |