Əsas Səhifə > Güney Press > Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edirBu gün, 17:31 |
Mənzil bazarında baş verənləri təəccüblə izləməyə davam edirik. Ölkə insanı üçün fantastik qiymətlər deməyə söz saxlamır. Azərbaycanda orta aylıq əməkhaqqı 1000 manata çatmır. Ancaq paytaxtın babat yerində 100 min manatdan ucuz birotaqlı mənzil almaq mümkün deyil. Daha geniş mənzillərin qiyməti azı 1,5 dəfə bahadır. Şəhərin mərkəzində milyonlardan danışmaq lazım gəlir. Mənzil bazarında baş verənlər heç adekvat görünmür. Bizimyol.info xəbər verir ki, Bakıda mənzil sahibi olanlar daha aşağı yaşayış sahəsinə üstünlük verməyə başlayıblar. Rəsmi açıqlanan rəqəmlər bunu deyir. 2021-ci ildə paytaxtda bina evlərində orta yaşayış sahəsi 118 kvadratmetr imiş. 2024-cü ildə göstərici 85 kvadratmetrə düşüb. Təəssüf ki, mənzil bazarı ilə bağlı rəsmi hesabatlar müfəssəl olmur. Heç bunları rəsmi hesabat da adlandırmağa dəyməz. Dövlət Statistika Komitəsi adəti üzrə düşünməyə, müzakirəyə çox material verməməyə çalışır. Soyuq rəqəmlər nəsə pıçıldamasa, müzakirə də aparmaq olmur. Görünən budur ki, əhali daha kiçik yaşayış sahəsi olan mənzillərə sığınmaq qərarı verib. Çünki qiymətlər çox yüksəlib. Məsələn, pandemiyadan əvvəl metronun “20 Yanvar” stansiyasının ətrafında 60-65 min manata ikiotaqlı italyan layihəli mənzil almaq olurdu. İndi isə azı 90-95 min manatın olmalıdır ki, həmin mənzilə sahib çıxasan. Təkcə paytaxtda belə deyil. Sumqayıtda ev elanlarına baxırsan, ikiotaqlı mənzillərin 80-100 min manata satıldığını görürsən. Sumqayıtda işsizlik faizi çox yüksəkdir. Onminlərlə insan hər səhər oradan paytaxta işləməyə gəlir. Əksəriyyət xidmət sektoruna möhtac qalıb. Burada böyük gəlirdən söhbət gedə bilməz. Bu qazancla həmin mənzillərin alınması mümkün görünmür. Mənzil Azərbaycanda sadə adamlar üçün əlçatmaz olub. İpoteka krediti götürməsən, almağı ağlına da gətimirsən. Hərdən elə təəssürat yanaır ki, ölkədə düz yolla mənzil əldə etmək də xülyadır. Ev bazarında birotaqlı mənzillərə maraq da imkansızlığa görədir. Daha çoxuna iddia etmək heç bir halda alınmır. Geri qayıt |