Əsas Səhifə > Güney Press > Bakıdan Qarabağa necə getmək olar:

Bakıdan Qarabağa necə getmək olar:


Bu gün, 16:34
Bakıdan Qarabağa necə getmək olar:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində işğaldan azad olunmuş ərazilərə yeni avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Maraqlıdır, Bakıdan işğaldan azad olunmuş ərazilərə hansı avtobuslar işləyir və biletlərin qiyməti neçəyədir?

Mövzu ilə bağlı "Cebheinfo.az”a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərdə avtobus marşrutları fəaliyyət göstərir:

“İşğaldan azad olunmuş ərazilərə səfər etmək üçün Azərbaycan vətəndaşı biletləri “yolumuzqarabaga.az” və “biletim.az” portalları üzərindən əldə edə bilər. İşğaldan azad olunmuş digər ərazilərdə təhlillər aparılır. Qeyd edək ki, noyabrın 16-da Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Gəncə-Xankəndi-Şuşa, Ağcabədi-Xankəndi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan, Bakı-Qubadlı, Mingəçevir-Xankəndi-Laçın, Horadiz-Laçın, Xocalı-Xankəndi-Şuşa, Naftalan-Suqovuşan şəhərlərarası, eləcə də Xankəndi 1 və 2 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarıb.

Sənədlər dekabrın 15-dək AYNA-ya təqdim olunmalıdır. İddiaçıların təklifləri komissiya tərəfindən Gəncə-Xankəndi-Şuşa, Ağcabədi-Xankəndi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi), Bakı-Qubadlı, Mingəçevir-Xankəndi-Laçın və Horadiz-Laçın istiqamətlərində dekabrın 27-də, Xocalı-Xankəndi-Şuşa və Naftalan-Suqovuşan şəhərlərarası, eləcə də Xankəndi 1 və 2 nömrəli şəhərdaxili avtobus marşrutları üzrə 2025-ci ilin yanvarın 10-da baxılacaq.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Müsabiqədə iştirak etmək üçün iddiaçılar tələb olunan sənədləri AYNA-ya təqdim edirlər. İddiaçıların təklifləri komissiya tərəfindən müsabiqə keçirilən zaman açıqlanır.

İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilirlər. Zərurət olduqda müsabiqədə ekspertlərin iştirakı təmin olunur. Müsabiqənin foto və video çəkilişi aparılır və arxivləşdirilir. Mediada müsabiqənin elan edilməsi və nəticələri barədə məlumat paylaşılacaq”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə bildirib ki, Bakıda işğaldan azad olunmuş ərazilərə gedən marşrutlarda qiymətlər münasibdir:

“İşğaldan azad olunmuş ərazilərə bir müddətdir avtobus reysləri təşkil olunub. Vətəndaşlar rahatlıqla “biletim.az” mobil tətbiqinə daxil olaraq onlayn qaydada bilet sifariş edə bilərlər.

Düşünürəm ki, məsafəyə görə qiymətləri münasibdir. Misal üçün, Bakıdan Xankəndinə onlayn biletin qiyməti təxminən 14 manat civarında olmalıdır. Şuşaya, Xankəndinə və Laçına bu reyslər var. Reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həyata keçirilir”.

Geri qayıt